Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Orta hesabla xərc nə qədərdir?

Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Orta hesabla xərc nə qədərdir?
Video
Sosial 170

Yaz-yay ayları əksər cütlüklər üçün toy mövsümü sayılır. Bu dövrdə bəy və gəlinlər öz unudulmaz günlərini daha da xüsusi etmək məqsədilə avtomobil icarəsi və bəzədilməsi xidmətlərinə üstünlük verirlər. Bəzədilmiş avtomobillər yalnız cütlüyə xoş xatirələr yaşatmaqla kifayətlənmir, həm də toyun ümumi atmosferini tamamlayan əsas elementlərdən birinə çevrilir.

BAKU.WS  "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, avtomobil icarəsi və bəzədilməsi xidmətlərinin qiymətləri geniş aralıqda dəyişir. İcarə haqqı 100 manatdan başlayaraq, seçilən avtomobilin markası, modeli və məsafəyə görə 1 500 manata qədər yüksələ bilir. Məsələn, 4 maşınlıq kortej sifariş edildikdə, qiymətlər ən azı 700 manatdan başlayır.

Bəzək xidmətləri də paketdən asılı olaraq fərqlənir. Əgər avtomobil xidmət göstərən şirkət tərəfindən təqdim olunursa, bəzədilməsi də onların tərəfindən həyata keçirilir. Bu bəzəklər 30-50 manat aralığında dəyişir. Əlavə olaraq, istifadə olunan güllərin növü də qiymətə təsir edir. Süni güllər daha ucuz olduğu halda, təbii güllərlə bəzədilmiş avtomobillərin dekorasiyası 100-200 manat arasında dəyişir. Gül kompozisiyalarının qiyməti onların növü, sayı və ölçüsündən asılıdır. Məsələn, ağ güllərlə edilən bəzəklər digərlərindən daha bahalı olur.

Avtomobili kimin idarə etməsi də qiymətə təsir edən amillərdəndir. Əgər sürücülük şirkətin əməkdaşı tərəfindən həyata keçirilirsə, bu xidmət adətən daha ucuz olur. Lakin bəylərin avtomobili özlərinin idarə etməsi əlavə risk yaratdığı üçün bu zaman qiymət 50 manat artır.

Xidmət təmsilçiləri bildirirlər ki, daha çox seçim imkanı əldə etmək istəyən cütlüklər avtomobil icarəsini toy tarixindən ən azı bir ay əvvəl sifariş etməlidirlər. Toya bir neçə gün qalmış sifariş verildikdə isə seçimlər məhdud olur və istənilən modeldə avtomobil tapmaq çətinləşir.

Ətraflı videomaterialda:

Son xəbərlər