Təhsil ödənişi ilə bağlı maraqlı təklif
Ekspertlər aztəminatlı tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün saytın yaradılmasını mümkün hesab edirlər.
Təhsil Nazirliyi: "Nazirlik bütün ali təhsil müəssisələrinə tövsiyə edir ki, tələbələrin sosial durumunu nəzərə alaraq təhsil haqlarının iki semestrə ödəmələrinə imkan yaradılsın”
Azərbaycanda 2017-2018-ci tədris ilinin başlanması ərəfəsində əksər ali təhsil müəssisələrində təhsil haqları artırıldı. Ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı sosial-iqtisadi vəziyyətə uyğun müəyyənləşdirilmədi. Üstəlik, universitetlər bir ilin təhsil haqqısını tədris ilinin əvvəlindən tələb edirlər. Xüsusən bu tələb sosial şəbəkə istifadəçilərinin müzakirəsinə və qınağına səbəb oldu. Onlar xarici universitetlərin təcrübəsində tədris ilinin əvvəlindən bir illik deyil, bir semestrin təhsil haqqısının tələb edildiyini vurğuladılar. Tənqidlərlə yanaşı bu problemin həll olunması üçün təkliflər də irəli sürüldü.
"Bu il Dövlət İmtahan Mərkəzinin keçirdiyi tələbə qəbulu imtahanlarında yüksək bal yığaraq ölkənin ən prestijli universitetlərini qazanaraq tələbə adını daşıyacaqlardan tutmuş, dünyanın inkişaf etmiş ölkələrinin ən nəhəng universitetlərinə qəbul olunmuş yüzlərlə əzmkar gənclərimiz var. Lakin onların bu imtahanlara hazırlıq prosesindəki imkanları heç də bərabər səviyyədə olmayıb. Ona görə də, minimal imkanlarla böyük nəticə göstərənlərin dəstəklənməsi gərəkdiyinin vacibliyinə inanıram.
İstər ölkə daxilində, istər ölkə xaricində yüksək nəticə göstərən və maddi imkanı zəif və yaxud yetərsiz olan tələbələr üçün ianə saytı açıla bilər. Saytın sadə formatda olması, ianə müraciəti təsdiqlənmiş tələbənin qısa bioqrafiyası, bank hesab nömrəsi və s. öz əksini tapa bilər. Motivasiya məktubunun da olması vacibdir”. Bu təkliflə Fransada yaşayan azərbaycanlı bloqçu Elnur Məcidli öz "facebook” səhifəsində yazıb.
O, saytın fəaliyyəti və təşkilatın iş mexanizmi ilə bağlı bunları qeyd edir: "İanə üçün müraciəti edənlərin seçilmə prosesini 5-7 nəfərdan ibarət tanınmış ictimai fiqurlardan olan komissiya həyata keçirə bilər: "Müraciət edən hər bir gənc xüsusi və ictimaiyyət üçün açıq müsahibəyə dəvət oluna bilər və qərar verilərkən şəffaflıq qorunması beləliklə təmin olunar. Neçə tələbəyə və hansı miqdarda ianə verilməsi məsələsi isə sayta üzv olacaq fərdi və kooperativ donorlardan, həmçinin komissiyanın qərarından asılı ola bilər.
Məsələn, saytdan qeydiyyatdan keçən hər bir donor 5-100 manat arası aylıq ianə ödəməklə bağlı öhdəlik götürür. Kooperativ donorlarda isə bu məbləğ aylıq 1000-2000 manata qədər qaldırmaq mümkündür.
Sayt ianələrin təqaüd formasında tələbələrə çatdırılmasına nəzarət edəcək, bunun üçün "PayPal” və digər elektron ödəmə sistemlərindən istifadə etmək mümkündür. Beləliklə müraciəti təsdiqlənmiş hər tələbə, komissiyaının qərar verdiyi aylıq müəyyən məbləğdə təqaüd almaq imkanına sahib olacaq. Daha sonra ən az ildə 1 dəfə bu tələbələrin donorlarla görüşünü təşkil etmək də yerinə düşərdi. Bunu dərnək şəklində, assosiativ fəaliyyət çərçivəsində də etmək olar ki, hər şey rəsmi və hüquqi olsun.
Bu təşkilatın fəaliyyətində könüllülük əsas olsun, heç bir komissiya üzvü maaş almamalı, əksinə donor olmalıdır. Həmçinin təşkilatın bütün tədbirləri də bu könüllülük üzərində qurulmalıdır. Bu qurumdan yeganə faydalanacaq şəxslər isə ancaq imkansız tələbələr olmalıdır. Bu təklifi həyata keçirmək imkansız deyil, çox yox 5-10 nəfər inisiyativ alsa, əminəm ki, bu proyekt baş tutacaq. Mən əminəm ki, xeyli həmvətənimiz bu prosesdə iştirak etmə gücünə və həvəsinə sahibdi”.
***
Təhsil üzrə ekspert Kamran Əsədov "bizimyol.info” saytına açıqlamasında bu təklifin arzuolunan olduğunu və təhsil ianəsi ilə bağlı saytın fəaliyyəti üçün hər hansı bir qadağanın olmadığını qeyd edib: "Öncə qeyd edim ki, 2013-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur.
Bundan başqa, 2015-ci ildə aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılması məqsədi ilə "Maarifçi” Tələbə Kredit Fondu yaradılıb. Bu fond öz məqsədinə nail olmaq üçün aztəminatlı tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən müvəkkil kredit təşkilatları tərəfindən güzəştli təhsil kreditlərinin verilməsini təşkil edir, aztəminatlı tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün müxtəlif qurumlar və fiziki şəxslər tərəfindən qrantların verilməsini təşkil etməklə fəaliyyət göstərir. Düzdür qurumun fəaliyyət göstərdiyi müddət ərzində verdiyi tələbə kreditlərinin sayı Azərbaycanda təhsil alan tələbələrin heç 1 faizi həcmində deyil, amma ilkin olaraq bundan 100 – dən çox şəxs yararlana bilib.
Dünyada ali təhsil müəssisələri təlbələrdən hər semestr üzrə təhsil haqqını alır. Bizdə isə öncədən bir ilin bütün təhsil haqqı. Bu doğru yanaşma deyil. Məz buna görə minlərlə şəxs ali təhsil almaqdan məhrum olur.
Bütün bunlara görə müstəqil təhsil fondlarının yaradılmasına ciddi ehtiyac var. Türkiyədə bu tipli kifayət qədər təşkilatlar fəaliyyət göstərir və onlar təhsil haqqını ödəyə bilməyən tələbələrə yardımlar edirlər”.
***
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "bizimyol.info”ya bildirib ki, Təhsil ianəsi ilə bağlı saytın da fəaliyyət göstərməsi mümkündür: "Öncə qeyd edim ki, Azərbaycanda ödənişli təhsilin qiyməti bahadır və dərhal bir illik ödənişin tədris ilinin əvvəlindən tələb olunmasının özü isə anormal haldır. Universitetlər bir semestrin pulunu əvvəldən istəyə bilərlər. Düşünürəm ki, aztəminatlı ailələrin övladlarının təhsil haqqısının ödənilməsinə yardım etmək üçün istər hökümət, istərsə də, qeyri-hökumət təşkilatları fond yarada bilər. Özəl və dövlət sektoru birləşərək bu fondu təssis edə bilərlər.
Həmçinin, Təhsil Nazirliyinin özünün hansısa proqramları ola bilər ki, bu proqramlar çərçivəsində aztəminatlı ailələrin övladlarının ali təhsil alması üçün xeyli köməklik göstərilə bilər.
Təhsil ianəsi ilə bağlı saytın da fəaliyyət göstərməsi mümkündür. Qanunvericiliyə uyğun formada yaranırsa, ədliyyə və vergi orqanlarında qeydiyyatdan keçibsə, fəaliyyət göstərə bilər. Mən burda bir problem görmürəm”.
***
Mövzu ilə bağlı "Bizimyol.info” saytının Təhsil Nazirliyinə göndərdiyi sorğuya cavab verilib. Cavabda bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri maliyyənin idarəedilməsində sərbəstdirlər: "Bu səbəbdən ödənişli təhsil alan tələbələrin təhsil haqqının ödənilmə şərtlərini onlar müəyyənləşdirir. Lakin Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tövsiyə edir ki, tələbələrin sosial durumunu, eyni zamanda birinci semestrdən sonra tələbənin transfer.edu.az portalından istifadə etməklə köçürülmək istəyini nəzərə alaraq yeni qəbul olunan tələbələrin təhsil haqlarının iki semestrə ödəmələrinə imkan yaradılsın”.
BAKU.WS
Oxşar xəbərlər
Bu universitetlər təhsil haqqını qaldırdı (SİYAHI)
Azərbaycanda 2017-2018-ci tədris ilinin başlanmasına təxminən 2 ay vaxt qalıb. İyulun 29-dan isə ixtisas seçimi başlayır. BAKU.WS xəbər verir ki, ixtisas seçim...