Təbii qaz üzrə tariflərin dəyişdirilməsini zəruri edən səbəblər hansılardır?
Azərbaycanda təbii qazın tarif qiymətlərinin dəyişdirilməsi zərurətini yaradan müxtəlif daxili və xarici səbəblər mövcuddur.
BAKU.WS "report"a istinadən xəbər verir ki, ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb.
Hazırda 1 000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 174 manat təşkil edir. Təhlillər göstəririr ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. Bu isə, sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına və dövlət büdcəsindən asılılığın artmasına səbəb olur.
Azərbaycanda təbii qazın qiymətləri region və Avropa ölkələri ilə müqayisədə ucuzdur. İl ərzində 1 200 kubmetr qaz istehlak edənlər abonentlərin 51 %-ni təşkil edir.
Yeni tarif tənzimlənməsinə qədər əhali qrupuna aid abonentlərə təbii qazdan 1 200 kubmetrədək istifadə etdiyi halda qazın 1 000 kubmetri 100 manata (59 ABŞ dollara), illik qaz istehlakı 1 200 kubmetrdən çox olan əhali üçün 200 manata (118 ABŞ dollara), illik 2 500 kubmetrdən çox təbii qaz istehlak edən abunəçilər üçün isə 250 manata (147 ABŞ dollar) satılır.
Beləliklə, təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağıdır və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir. Həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanmaqdadır.
Əhali istehlak qrupu üzrə sonuncu tarif dəyişikliyi 2021-ci ilin iyul ayında aparılıb və tarif tənzimlənməsi zamanı istehlak limitinin aşağı həddi üzrə (1 200 kubmetr) tariflərə dəyişiklik olunmayıb.
Mövcud şəraitdə təbii qazın hasilatı və satışı prosesində yaranan zərəri aradan qaldırmaq, sahənin dövlət büdcəsindən asılılığını və büdcə subsidiyalaşdırılmasını azaltmaq, sahəyə investisiya qoyuluşlarının təmin edilməsinin cəlbediciliyini artırmaq, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.
Xarici səbəblərə gəlincə, dünya bazarında təbii qazın qiymətləri kəskin şəkildə bahalaşıb. COVİD-19 pandemiyasının tədricən səngiməsi, dünya iqtisadiyyatının canlanması və sənaye sahələrində istehsalın bərpa olunması fonunda 2021-ci ildən başlayaraq qazın qiyməti artmağa başlayıb.
İlin əvvəlində 1 000 kubmetri 335 ABŞ dolları olan təbii qaz iyul ayında 500 ABŞ dollarınaa, avqustda 600 ABŞ dollarına yaxın olub.
Sentyabrda qiymət artımı davam edib, birjalarda 1 000 kubmetri 700 ABŞ dolları olan qazın qiyməti oktyabr ayına birjada (İCE) 1 200-1 400 ABŞ dolları aralığında təklif olunub. Beynəlxalq Enerji Agentliyi qazın yüksək qiymətlərinin 2022-ci ilin birinci rübündə də davam edəcəyini proqnozlaşdırır.
Digər tərəfdən, qış fəslinin yaxınlaşdığı ərəfədə Rusiyanın “Qazprom” şirkətinin qaz təchizatını azaldacağına dair açıqlaması birjalarda qiymət artımına səbəb olub. 2021-ci ilin qalan aylarında Avropaya qaz təchizatında 20-23 % azalma gözlənilir.
Qazın qiymət artımına səbəblərdən biri də Avropada qaz rezervuarlarının boş olmasıdır. Gas Infrastructure Europe (GIE) təşkilatının məlumatına görə, hazırda Almaniyada qaz rezervuarlarının 69,3 %-i. Avropada isə 75,9 %-i doludur.
Enerji böhranı Avropa və Asiya bazarları arasındakı rəqabəti də kəskin artırıb. Çin, Yaponiya, Koreya və Tayvan kimi sürətlə böyüyən iqtisadiyyatlar Avropanın ənənəvi mayeləşdirilmiş təbii qaz təchizatçıları üçün daha cəlbedici bazarlara çevrilib.
2021-ci ilin ilk 8 ayında Yaponiya, Cənubi Koreya və Tayvanın təbii qaz idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7 %, Çinin LNG idxalı isə 30 % artıb.
Təbii qaz üzrə yeni tarif dəyişikliklərinə əsasən istehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kubmetr müəyyənləşdirilib.
Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində proqnozlaşdırılır. Qeyd edək ki, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılması önəmlidir.
Tarif tənzimlənməsi həm də dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına daha əlverişli şəraitin yaradılması, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, dövlətin sosial siyasətinin ardıcıllığının və əhalinin sosial rifahının təmin edilməsi, mərhələli şəkildə bazar münasibətlərinin formalaşdırılması və dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması; tegion ölkələri (beynəlxalq) üzrə qiymətlərin kəskin artımı kimi məsələlər nəzərə alınmaqla həyata keçirilib.
Sözügedən dəyişiklik dövlət büdcəsindən asılılığın, subsidiyaların aradan qaldırılması, büdcədə sərbəstləşən vəsaitin digər büdcə xərclərinə və sosialyönümlü tədbirlərə yönəldilməsi, yeni investisiya qoyuluşlarının təmin edilməsi, istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi imkanının yaradılması, təbii qaz hasilatı və satışı sahəsinin, o cümlədən hasilatçıların zərərlə fəaliyyətinin qarşısının alınması baxımından müsbət rol oynayacaq.
Məlumat üçün qeyd edək ki, 2021-ci ildə 1 kubmetr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik təşkil edirsə, Türkiyədə bu məbləğ 36 qəpik, Ukraynada 87 qəpik, Gürcüstanda 29 qəpik, Belarusda 34 qəpikdir.
1 kubmetr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik olduğu halda isə, Türkiyədə 60 qəpik, Ukraynada 2 manat, Belarusda 55 qəpik təşkil edir.
Oxşar xəbərlər
Azərbaycanda qazın və elektrik enerjisinin qiymətləri dəyişdirildi - QƏRAR
16 oktyabr 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda təbii qazın və elektrik enerjisi tariflərinə baxılmış, müvafiq qərarl...