TƏBİB rəsmisi səhiyyə qurumlarını diqqətsizlikdə ittiham etdi

TƏBİB rəsmisi səhiyyə qurumlarını diqqətsizlikdə ittiham etdi
Sosial 152

TƏBİB-in yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, pandemiya şəraitində COVID-lə mübarizənin ön cəbhəsində olduğunu deyən həkim-infeksionist, ölkənin səhiyyə qurumlarını diqqətsizlikdə ittiham edib. O, tibbi xidmətlərinə görə nəinki maddi qarşılıq, hətta quru təşəkkür belə almadığını bildirib:

“Pandemiya başlayan dövrdən etibarən bu müharibənin ön cəbhəsində savaşmışam. İlk günlərdə infeksion işçi qrupunun üzvləri və TƏBİB sədri ilə birlikdə gecə-gündüz çalışaraq protokol tərtib etmişik. Protokolda virusla mübarizə üçün yol xəritəsini ölkəmizə uyğun şəkildə yazmışıq.

İlk brifinqlərdə çıxış edib ictimaiyyətin suallarını cavanlandırmışıq. Xalqın maarifləndirilməsi üçün elə vaxtlar olub, gündə 3-4 dəfə vaxt tapıb televiziya və radiolarda çıxış etmişik və hal-hazırda da davam edirik.

Sosial şəbəkələrdə bəzi cahil insanların əsassız komentlərinə baxmayaraq, doğru bildiyimiz işi yarıda buraxmadıq.

Yadımdadır, 2020-ci ilin mart ayında ilk dəfə Yeni Klinika açılan zaman sadəcə boş otaqlardan ibarət xəstəxana var idi. Nə bir həkim heyəti, nə də oturuşmuş bir sistem yox idi. O zaman COVID-lə mübarizə təcrübəsi də yox idi. Çox həkim təmasdan qaçmaq üçün heç işə belə getmirdi. Çünki hər kəs risk altında idi, qorxu vardı.

Belə bir zamanda, o xəstəxanaya həkim kollektivi cəlb etmək və onları təlimatlandırmaq lazım idi. Bacarmadıqmı? Bacardıq. Xüsusilə yeni bitirən, rezidentura təhsilini davam etdirən cavan, təcrübəsiz, ancaq enerji dolu həkimlərin hesabına bunu etdik.

...Onların hamısını bir mətnlə yazmaq yaşananlarla müqayisə belə olunmaz. Bu qədər içimdəkiləri paylaşmama səbəb nədir deyə soruşsanız cavabını deyirəm - DİQQƏTSİZLİK... 1 ildən çox bu qədər işi görən bir həkim kimi Azərbaycanda bütün səhiyyə qurumlarının diqqətindən kənar qalmaq. Bu zaman içində quru bir təşəkkür belə almamaq.

Nə TƏBİB, nə İcbari Tibbi Sığorta, nə də Səhiyyə Nazirliyi pandemiya dönəmində keçdiyimiz tibb bayramlarında bütün bu görülən işlərə baxmayaraq, 1 dəfə də olsun təşəkkür belə etmədi. Mənim kimi çox həkimlər var.

Amma layiq olmadığı halda orden və medal alan həkimlərimiz də az olmadı. Bunun səbəbi çoxdur. Diqqətsizlik, Hörmətsizlik, Dəyər verməmək və ya İş bilməməzlik. Səbəb nə olursa olsun, nəticə heç bir halda dəyişmir. Nə maddi, nə mənəvi bir qarşılıq görmədik. Amma hər bir halda adi bir təşəkkür edərək öz həkimlərinə dəyər verməklə onları motivə etmək belə bir zamanda çox önəmli idi. Əslində çox asan görünsə də, bunu bacarmadılar. Başqa nə demək olar ki, .........”

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər