İt dişlədiyi üçün ölən 5 yaşlı Zeynəbin həkimi cəzalandırıldı

İt dişlədiyi üçün ölən 5 yaşlı Zeynəbin həkimi cəzalandırıldı
Sosial 2209
"Sumqayıtda it dişləməsi nəticəsində dünyasını dəyişən 5 yaşlı Zeynəbi müayinə edən həkimə şiddətli töhmət verilib".BAKU.WS xəbər verir ki, bu barədə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev lent.az-a açıqlamasında deyib.N.Baxşəliyev bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının uşaq travmatologiya şöbəsinin işçisi Mahal Məmmədov işini düzgün təşkil etmədiyi üçün töhmət alıb: "Ailə Mahal həkimi etinasızlıqda ittiham edir. Məsələ ilə bağlı Mahal həkimin özü, çalışdığı tibb müəssisəsinin baş həkimi və şöbə müdiri ilə də müzakirə aparmışıq. Müzakirələr zamanı Mahal həkimin səhlənkarlığı və sanitar-maarif işini düzgün təşkil etmədiyi bəlli oldu. Mahal həkim uşaq xəstəxanaya gətiriləndə quduzluq əleyhinə vaksin vurulmasını təmin edib və vəzifə borcunu yerinə yetirib deyə biz ona ancaq töhmət verdik. Düzünü desəm, uşaq öləndə əvvəlcə peyvəndin vurulub-vurulmadığından şübhə etdik və bunu araşdırdıq. Vaksinin seriya nömrəsi, dozası və alındığı aptekə qədər hamısını araşdırdıq və peyvəndin həqiqətən vurulduğu təsdiqləndi.Peyvənd vurulmasaydı, o zaman Mahal həkim barəsində cinayət işi açıla bilərdi və daha ciddi tədbirlər görərdik. Ancaq həkimin xəstələri ilə soyuq rəftarı onun günahıdır. Ola bilər ki, ailə ilə sərt danışsın, diqqətsiz yanaşsın, qəbulunda onlara soyuq münasibət bəsləsin. Bunun xəstəliyə aidiyyatı yoxdur. Ancaq həkim uşağın temperaturunu vaxtı-vaxtında yoxlamalı idi və uşaq evə buraxılanda yerli uşaq poliklinikasına xəbərdarlıq etməli idi ki, onu nəzarətə götürsünlər. Bunları etməyib. İndi həkimə ciddi töhmət verilib və xəbərdarlıq edilib ki, xəstələrlə yaxşı ünsiyyət saxlasın, xəstəliyin mahiyyətini yaxşı izah etsin".N.Baxşəliyev bildirib ki, quduzluqda şübhəli bilinən xəstələrin hamısı ambulator sayıldığından 4 gün sonra Zeynəbin yaraları tam sağalıb və evə buraxılıb: "Yəni xəstənin tez evə buraxılmasında həkimin günahı yoxdur. Həkim peyvəndləri vurduraraq işini yerinə yetirib. Xəstənin quduzluqdan başqa xəstəliyə qarşı müalicəyə ehtiyacı olduğu hallarda xəstəxanada saxlanılır. Həmin xəstəxananın zədə şöbəsi var ki, ora gündə 5-6 nəfər böyüklü-kiçikli adamlar gəlir. Onlara da peyvənd vurulur və evə buraxılırlar. Təbii ki, bu uşağın ölümü bizi çox üzdü. Xoşagəlməz bir hal oldu . İmkanımız olsaydı, uşağı ölməyə qoymazdıq. Sadəcə, o, ambulator xəstə olub və yaraları tam sağaldıqdan sonra evə buraxılıb. Bu xəstəliyin heç bir yerdə müalicəsi yoxdur və sadəcə vaksinlə profilaktik tədbir görmək olar. Mahal həkim xəstəliyin inkişafının qarşısını almaq üçün nə isə edə bilməzdi. Vətəndaşa xidmət göstərmək həkimin borcudur. Əgər xəstəyə xidmət göstərəndə ədalətsiz davranırsa, o zaman xəstə onu məhkəməyə də verə bilər. İndi ailə polisə şikayət etmək istəyir. Normaldı. Fikirləşirlər ki, bəlkə həkimlər başqa bir şey etsəydilər, uşaq sağ qalardı".Quduzluğa yoluxacaq deyə qorxu içərisində olan ailə ilə bağlı məsələyə münasibət bildirən N.Baxşəliyev deyir ki, ailə də, uşağın toyda ünsiyyətdə olduğu digər şəxslər də hamısı tam nəzarətə götürülüb: "Ailə üzvlərinə üç gündən bir sxemə uyğun olaraq peyvənd vurulur. Ümumiyyətlə, onlarda quduzluğa yoluxmaq üçün böyük təhlükə ehtimalı yoxdur. Çünki onlarda dişləmə əlaməti olmayıb. Amma uşağı öpərkən ya eyni qabdan, stəkandan istifadə zamanı ağız suyundan nə isə yoluxa bilər. Buna görə peyvənd vurulur. Gigiyena mərkəzi tərəfindən toyda olan həmin insanlar müəyyənləşdirilib və peyvəndlənməsinə başlanılıb".Qurum rəsmisi bildirib ki, dişləməyə məruz qalan hər kəs dərhal həkimə müraciət etməlidir: "Quduzluq itdə olan bir virus deyil. Bu virusun daşıyıcıları canavar, çaqqal, siçovullar olur və it də siçovulları yeyəndə ondan xəstələnir. Dişləməyə məruz qalan hər kəs vaxtında həkimə müraciət etməlidir. Ev heyvanı da dişləsə, gecikmək olmaz və gecikmiş halda peyvəndin effekti olmur".Səhiyyə Nazirliyindən isə məsələ ilə bağlı Lent.az-a bildirilib ki, fakta görə komissiya yaradılıb və hazırda hadisə barədə epidemioloji araşdırma aparılır. Araşdırmanın nəticələri ictimaiyyətə açıqlanacaq.Qeyd edək ki, iyulun 31-də Sumqayıtda 5 yaşlı Zeynəbi it dişləmişdi. O, ilkin müayinədən sonra o evə göndərilmiş, lakin avqustun 17-də dünyasını dəyişmişdi. Ailəsi Zeynəbin ölümündə onu evə göndərən həkimi günahlandırır. Onlar həkim Mahal Məmmədovla bağlı prokurorluğa şikayət edəcək.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər