Binadan yıxılan uşağı xilas edən həkim mükafatlandırıldı - VIDEO

Binadan yıxılan uşağı xilas edən həkim mükafatlandırıldı - VIDEO
Şou-biznes 5304
 

Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində bir ailənin 4 ildən sonra doğulmuş yeganə övladı olan 4 yaşlı Cavidin həyatını xilas etmiş Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova bu gün mükafatlandırılıb.

Səhiyyə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Sumqayıt Səhiyyə Şöbəsində mükafatın rəsmi təqdimatına dair tədbir təşkil olunub.

İclasda hadisənin təfərrüatları vurğulanıb. Qeyd olunub ki, həkim Ç.Cahangirova bu ilin 25 avqust tarixində hündürmərtəbəli binanın yanından keçərkən balaca bir uşağın yuxarı mərtəbələrdən birinin balkonundan aşağı sallandığını görüb.

Qısa bir an içərisində həkim uşağın təxmini düşəcəyi yeri aydınlaşdıraraq ora atılıb. Elə bu zaman sürətlə aşağı enən uşaq 4-cü mərtəbədəki asqı ipindən yapışaraq bir qədər ləngiyib və sonra yenidən aşağıda duran həkimin qucağına düşüb.

Ç.Cahangirova 4 ildir Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çağırışçı həkim kimi fəaliyyət göstərir.

Tədbirdə çıxış edən Ç.Cahangirova tibbi yardım göstərdiyi xəstələrin vəziyyətinin yaxşılaşmasına görə həmişə sevindiyini, lakin balaca Cavidin xilasına görə isə özünü xoşbəxt hiss etdiyini etiraf edib.

Balaca Cavidin ailəsinin isə sevincinin həddi–hüdudu yoxdur, onlar xilaskar Çiçək həkimi artıq ailənin bir üzvü hesab edirlər.

Sumqayıt Şəhər İcra Hakimiyyəti və Səhiyyə Şöbəsi tərəfindən bu nəcib və cəsur hərəkətinə görə həkim Ç.Cahangirovaya minnətdarlıq bildirilib.

BAKU.WS

Son xəbərlər