"Sovetski"də söküləcək məscid üçün iki yer təklif edildi

Sovetskidə söküləcək məscid üçün iki yer təklif edildi
Sosial 3325
 

"Sovetski”dəki söküləcək Hacı Cavad Məscidinin yenidən inşası üçün Yasamal ərazisində iki yer təklif edilib.

BAKU.WS-in məlumatına görə, bu barədə İstiPress-ə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev məlumat verib. Onun dediyinə görə, həmin ərazilərin ünvanları baş nazirin müavini Yaqub Eyyubova təqdim edilib.

İcra başçısı onu da deyib ki, məscidin inşa ediləcəyi ərazinin müəyyənləşməsinə gələn həftə Yaqub Eyyubovun ölkə rəhbərliyi ilə məsləhətləşməsindən sonra qərar veriləcək.

"Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu məsələ ilə bağlı çıxışında dövlətin dinə nə qədər gözəl münasibəti olduğunu açıq-aydın söylədi. Məgər Qafqazdakı ən böyük məscidi dövlət tikmədi? Tarixi abidə və məscid kimi adı olmayan binaya görə artıq-əskik danışmaq olar?”, - deyə İ.Mehdiyev bildirib.

İstiPress-in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, təklif edilən yerlər arasında Yeni Yasamal yoxdur.

Xatırladaq ki, aprelin 12-də "Hacı Cavad” məscidinin sökülməsi cəhdi etirazlara səbəb olub. Məscidin sökülməsi xəbərindən narahat olan insanlar binanın ətrafına toplaşıblar.

Ərazidə yüzlərlə sakin toplaşıb, post-patrul avtomobilləri də məscidin ətrafını sarıb. Sakinlər deyiblər ki, yaxınlıqdakı "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi bu yaxınlarda gecə ilə qəfil sökülüb, bu səbəbdən "Hacı Cavad” məscidinin də qəfil söküləcəyi onları narahat edib.

Həmin gün baş nazirin müavini Yaqub Eyyubov və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hadisə yerinə gəlmiş, İ.Mehdiyev "Hacı Cavad" məscidinin söküntüsünün müvəqqəti dayandırıldığını bildirmişdi. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev məscidin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

BAKU.WS 

Son xəbərlər