İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş Həzi Aslanovun doğum günüdür

İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş Həzi Aslanovun doğum günüdür
Sosial 2

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan azərbaycanlı general-mayor Həzi Aslanovun doğum günüdür. Onun anadan olmasından 114 il ötür.

BAKU.WS xəbər verir ki, Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəranda doğulub. 13 yaşında atasını itirən H.Aslanov kərpic zavodunda fəhlə işləyib. Zaqafqaziya hərbi hazırlıq məktəbində, 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. Sonra iki illik Leninqrad süvari məktəbini bitirib və Kotovsk adına III Bessarabiya süvari diviziyasında taqım komandiri kimi fəaliyyətə başlayıb.

İkinci dünya müharibəsi başlananda o, Ukraynada xidmət edib. 1940-cı ilin noyabrında ona vaxtından əvvəl mayor rütbəsi verilib.

1941-ci ildə Donbas ətrafında düşmən hücumlarını beş ay dəf etdiyindən və onu ağır tələfata uğratdığından sonra Moskvaya çağırılıb və Krıma 55-ci əlahiddə tank briqadasında, briqada komandirinin müavini vəzifəsinə təyin edilib.1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib.

O, öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücumlarını düz beş ay dəf edib, onu ağır tələfata uğradıb. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülüb. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endiriblər.

Aslanovun tankçıları vuruşa-vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum ediblər.

Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxarıb.H.Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstəriblər. Düşmənin 30 əks-hücumunu dəf ediblər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarıblar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942-ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

O, daim öz hərbi biliyini artırmağa səy göstərib. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsəyib. Sonra yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdıb.1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verilib. 1944-cü il iyunun axırlarında Belorus və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçiblər.

Belarusun iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hücumları davam etdirib. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirib. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qırmızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülüb.

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub.

Son xəbərlər