Şirkətin sabiq baş mühasibinə ağır cəza istənildi

Şirkətin sabiq baş mühasibinə ağır cəza istənildi
Sosial 68

Mebel istehsalını həyata keçirən "Rifah Group" MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkətin sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənin ittiham olunduğu maddələrdən 308.2-ci maddəyə təsdiqini tapmadığı üçün, 313-cü maddəyə isə müddəti keçdiyi üçün xitam verilməsini xahiş edib.

Prokuror Samirə Zeynalovanın ittiham olunduğu yalnız 179.4-cü (mənimsəmə - külli miqdarda olduqda) maddə üzrə təqsirli bilinərək ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Növbəti proses oktyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, Samirə Zeynalova "Rifah Group" MMC-nin baş mühasibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802 429.45 manat pul vəsaitini onların hesablarına köçürərək mənimsəyib. O bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib.

Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri isə 1-ci qrup əlildir.

Son xəbərlər