Şərurda pulsuz dərmanlar xəstələrə ödənişli verilir?

Şərurda pulsuz dərmanlar xəstələrə ödənişli verilir?
Foto Video
Sosial 50

Naxçıvan şəhəri, Şərur Rayon Mərkəzi Xəstəxanasında dializdən əziyyət çəkən xəstələri müalicə etmək üçün onlardan rüşvət tələb olunduğu iddia olunur.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Şikayətçilər bildirirlər ki, xəstəxanada ödənişsiz nəzərdə tutulan dərmanlar onlara pulla satılır, laboratoriya və analiz xidmətləri üçün də əlavə ödəniş tələb edilir. Bundan əlavə, xəstələr palatalarda yataq sayının az olmasından, normal şəraitin olmamasından gileyləniblər.

Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyi Oxu.Az-a bildirilib ki, sözügedən məsələ qurumun xüsusi nəzarətindədir:

"Bir müddət öncə Şərur Regional Tibb Mərkəzinə bağlı olan Şərur Rayon Mərkəzi Xəstəxanası Naxçıvan MR Tibb Müəssisələrinin İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərirdi. Naxçıvan Ali Məclisi Sədrinin 1 may 2025-ci il tarixli fərmanına əsasən, Naxçıvan MR-in Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndi və 30-cu maddəsi nəzərə alınaraq, səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması məqsədilə, "Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələri Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Bu qərar əsasında 21 may 2025-ci il tarixində Şərur Regional Tibb Mərkəzinin Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi prosesi başa çatıb.

Sözügedən fərmandan dərhal sonra Naxçıvan Səhiyyə Nazirliyi tərəfindən hemodializ xəstələri üçün lazım olan imtiyazlı dərmanlar, texniki avadanlıqlar, kreslolar və dializ aparatlarının satınalınması prosesi həyata keçirilib. Bununla da artıq dializ xəstələri üçün tələb olunan imtiyazlı dərmanlar müvafiq tibb müəssisələrinə təhvil verilib. Bundan əlavə, digər alınması həyata keçirilən tibbi avadanlıqların tibb müəssisələrinə təqdim edilməsi və istifadəyə verilməsi prosesinə də artıq başlanılıb.

Müvafiq sahədə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə fəaliyyətlər davam etdiriləcək".

Son xəbərlər