Səhiyyə müəssisələrində lisenziya məsuliyyəti ilə bağlı qaydalar açıqlanıb
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nümayəndəsi özəl tibb müəssisələrində lisenziya məsuliyyətinin kimə aid olması ilə bağlı açıqlama verib.
BAKU.WS xəbər verir ki, "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində çıxış edən mərkəzin Tibbi nəzarət şöbəsinin baş mütəxəssisi Xəyalə Əliyeva bildirib ki, hüquqi şəxs kimi fəaliyyət göstərən özəl tibb müəssisələrində lisenziyaya görə birbaşa məsuliyyət işçi həkimlərə deyil, sahibkarlıq subyektinə aiddir.
Onun sözlərinə görə, MMC, QSC və digər hüquqi formada təşkil olunan müəssisələrdə lisenziya tam şəkildə şirkətin məsuliyyət sferasına daxildir:
"Rəhbərlik əməkdaşlarını daxili nəzarət və iclaslar vasitəsilə lisenziyadan kənar fəaliyyətlərdən çəkindirməlidir. Əks halda, bu cür hallara görə maliyyə sanksiyaları və digər məhdudlaşdırıcı tədbirlər tətbiq oluna bilər".
Xəyalə Əliyeva qeyd edib ki, bəzi hallarda tibb müəssisələri lisenziya olmadan fəaliyyət göstərə və otaqlarını icarəyə verə bilər. Bu kimi vəziyyətlərdə əmək müqaviləsinin olub-olmaması da hüquqi məsuliyyətin müəyyən edilməsində rol oynayır.
Onun sözlərinə görə, fərdi qaydada tibbi fəaliyyət göstərən şəxslər lisenziyaya görə birbaşa məsuliyyət daşıyır. Lakin hüquqi şəxs çərçivəsində çalışan həkimlər ümumilikdə bu məsuliyyətin subyekti sayılmır və cavabdehlik sahibkarlıq subyektinin üzərinə düşür.
Qurum rəsmisi əlavə edib ki, əmək müqaviləsi əsasında çalışan tibb işçiləri lisenziya pozuntularına görə birbaşa məsuliyyət daşımırlar.
Oxşar xəbərlər
WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilərin DİQQƏTİNƏ! 30 gün...
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) vizası ilə və ya vizasız qaydada BMT-nin Məskunlaşma Proqramının qeydiyyatından keçərək Azərbaycana gə...