Sabah bəzi rayonların qaz təchizatında fasilə yaranacaq

Sabah bəzi rayonların qaz təchizatında fasilə yaranacaq
Sosial 331

Sabahdan bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, aprelin 26-29-da dörd gün müddətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi yeni avtomobil yolunda “Qaz İxrac” İdarəsinə məxsus “Mozdok-Qazıməmməd” magistral qaz kəmərində tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və yenidən qurulan boru kəməri hissəsinin mövcud magistral qaz kəmərinə birləşdirilməsi məqsədilə qazın nəqli dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Quba rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə Xaçmaz şəhəri daxil olmaqla, 65 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. İşin gedişatından asılı olaraq, həmçinin aprelin 29-da Qusar rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə isə qalan 2 qəsəbə və 45 kəndin qaz təchizatının məhdudlaşdırılması ehtimalı mövcuddur.

“Azəriqaz” müvəqqəti narahatlığa görə üzr istəyir.

Son xəbərlər