Repetitorluq qadağan oluna bilərmi? - Nazirdən VACİB AÇIQLAMA

Repetitorluq qadağan oluna bilərmi? - Nazirdən VACİB AÇIQLAMA
Açıqlama
Sosial 36

"Repetitorluq tədris proqramından əlavə, valideynin öz vəsaiti hesabına təşkil olunan əlavə dərsdir. Uşaq məktəbdə riyaziyyat oxuyur, sonra əlavə olaraq daha 2 saat, 3 saat və ya 10 saat riyaziyyat oxumaq istəyir. Fərqi yoxdur. Bu, özlüyündə yaxşıdır, yoxsa pisdir? Burada problem yoxdur. Hər bir valideyn övladı üçün, məsələn, riyaziyyat, xarici dil, kimya və s. fənn üzrə əlavə dərs və ya başqa hər hansı məşğələ təşkil edə bilərmi? Onun belə bir hüququ varmı? Var. Bu, pisdir? Xeyr. Burada pis heç nə yoxdur".

BAKU.WS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev APA İnformasiya Agentliyi, Trend İnformasiya Agentliyi və "Xəzər" televiziya kanalına müsahibəsində bildirib.

"Bəs niyə biz sözügedən mövzu haqqında bu qədər düşünməliyik və niyə bunu problem kimi qəbul etməliyik? Birinci məsələ ondan ibarətdir ki, repetitorlar kimlərdir? Əgər repetitor həmin uşağa səhər növbəsində dərs deyən müəllimdirsə və həmin müəllim günortadan sonra yenə eyni uşağa repetitorluq edirsə, məncə, burada böyük problem var. Burada həm etik problem var, həm də müəyyən mənada məntiqsizlik var. Çünki əgər həmin müəllim bu uşağa riyaziyyatı öyrədə bilirsə, onu məktəbdə də öyrədə bilər. Əgər məktəbdə öyrətmək istəmirsə, amma valideyn əlavə ödəniş etdikdən sonra öyrədirsə, bu artıq etik problemdir. Təsəvvür edin ki, mən müəlliməm və hansısa şagirdə riyaziyyat dərsi keçirəm.

Dövlətin mənə verdiyi əməkhaqqı müqabilində həmin uşağa riyaziyyatı lazımi səviyyədə öyrətmirəm, amma sonradan valideyn əlavə pul ödəyəndə ona riyaziyyat öyrədirəm. Yəni burada repetitor və müəllim iki fərqli adam deyil. Eyni adamdır. Müəllim, həqiqətən də, məktəbdə uşağa elə dərs keçməlidir ki, həmin uşaq sonradan onun yanına repetitor kimi getməsin, bu artıq bir yanaşmadır. Əgər müəllim dərs deyir, amma valideyn həmin dərsdən razı deyil və başqa müəllimin yanına getmək istəyirsə, bu artıq başqa mövzudur. Bunlar iki fərqli problemdir və mən onları bir-birindən fərqləndirirəm. İkinci məqam ondan ibarətdir ki, niyə repetitorluq bu qədər vüsət alıb? Bunun kökünü ali təhsilə qəbul sistemində və Azərbaycan cəmiyyətinin ali təhsilli olmağa verdiyi dəyərdə axtarmaq lazımdır. Bu gün, demək olar, hər bir məzunun qarşısında dayanan məqsəd ali təhsil müəssisəsinə qəbul olmaqdır, qəbul olunmursa, başqa uğurlu yol yoxdur. Əgər 100 min nəfər ali məktəbə qəbul olmaq istəyirsə və cəmi 60 min yer varsa, hansı qaydada yerləşdirmə aparılmasından asılı olmayaraq, 40 min nəfər kənarda qalacaq. Bu da öz-özlüyündə yarış yaradır. Yəni insanlar məktəbdən əlavə daha çox hazırlaşmağa, daha yaxşı nəticə göstərməyə çalışırlar. Çünki iki yer varsa və üç-dörd nəfər həmin yerlər uğrunda yarışırsa, təbii olaraq hər kəs digərlərindən daha yaxşı hazırlaşmaq istəyəcək.

Çünki həmin iki yeri qazananlar uğurlu hesab olunacaq, qalanlar isə uğursuz. Mənim qənaətim budur ki, bu prosesin həlli daha uzun müddət tələb edir və burada artıq biz hansı problemi həll etmək istədiyimizi dəqiq müəyyən etməliyik. Məhz tam orta təhsil və təmayülləşmə ilə müəyyən mənada valideynə belə bir mesaj veririk ki, dövlət ümumtəhsil məktəblərində əlavə ödəniş etmədən ən yaxşı ali məktəbə hazırlığı tədris edən müəllimlə öz övladınızı universitetə hazırlaya bilərsiniz. Amma cəmiyyətin sifarişidirmi, tələbidirmi? Bəli. Biz də cəmiyyətin sifarişinə və tələbinə cavab vermək üçün bu yolla gedirik. Valideyn deyir, mən övladımın ali təhsilli olmasını istəyirəm və bunun üçün lazım olan hər şeyi etməyə hazıram. Biz də tam orta təhsil müəssisəsində bunu edə bilərik. Repetitorluğu qadağan etmək olarmı? Nəzəri olaraq ola bilər. Praktik olaraq isə bunu necə edəcəksiniz? Məncə, bu, icrası mümkün olmayan qərardır. Repetitorluğun qadağan edilməsinin öyrənmə və insan inkişafı baxımından müsbət nəticə verəcəyinə inanmıram. Ləğv etmək olmursa, yalnız məqsəd eyni şəraiti daha yaxşılaşdırmaqdırsa, amma yerlərin sayı məhduddursa, bu halda təbii ki, insanlar daha çox kənarda hazırlaşmağa meyil edəcəklər",-deyə nazir əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər