Radara görə maşını cərimə meydançasına aparılanlar - Diqqətli olun!

Radara görə maşını cərimə meydançasına aparılanlar - Diqqətli olun!
Sosial 6366

Son vaxtlar sürücülərdən belə xəbərlər tez-tez eşidilir: "Məni filan yerdə saxladılar ki, barəndə MMX var və maşın cərimə meydançasına getməlidir. Amma mənim heç nədən xəbərim yoxdur". BAKU.WS-in məlumatına görə, avtosfer.az-a da bu tipli müraciətlərin sayı durmadan artır. Bəs görəsən bu məsələ necə olur? Qanunvericilikdə bununla bağlı nə nəzərdə tutulur? Qanunvericiliyin mövqeyi kifayət qədər aydındır. Söhbət ünvanla bağlı problemi olduğu, yaxud rəsmi ünvanında yaşamadığı (olmadığı) üçün poçtla müvafiq sənədlərin çatdırılması mümkün olmadığı halda həmin sənədləri bu şəxsə çatdırmağın xüsusi qaydasından gedir. İXM-in 407.3-1-ci maddəsində deyilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 10 gün ərzində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə DYP orqanı tərəfindən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. Bu müddəanın DYP tərəfindən necə icra edilməli olması məsələsi isə DİN-in 12 yanvar 2012-ci il tarixli, Q1-001-12 saylı Qərarı ilə təsdiq olunmuş Təlimatda təsbit edilir. Təlimatın 4.6-2-ci bəndinə əsasən, həmin sənədlərin surətinin verilməsi məqsədilə DYP hissəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilir və Təlimata 14 nömrəli əlavəyə uyğun ayrılmış jurnalda xüsusi qeyd aparılmaqla, mərkəzi informasiya sisteminə bu barədə məlumat daxil edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. İndi qısaca şərh edək: Sürücünün törətdiyi qayda pozuntusu elektron protokolla (MMX) rəsmiləşdirilir. Protokol kağızda çap olunaraq poçtla ona göndərilir. Poçt həmin şəxsi yaşadığı ünvanda və ya iş yerində tapmır, yaxud belə ünvan ümumiyyətlə olmur. Bu səbəbdən poçt DYP-nin məktubunun ünvana çatdırmağın mümkünsüzlüyü qeydi ilə DYP-yə qaytarır. Bundan sonra DYP orqanı qərar çıxarır ki, həmin sürücü yolda saxlanılsın və müvafiq sənədlər (yəni MMX protokol və ona əlavə edilən digər sənədlər) ona təqdim edilsin. Bu o deməkdir ki, sürücü yolda hərəkət edərkən stasionar postda və ya patrul avtomobilində informasiya bazasının yoxlanılması nəticəsində onun barəsində belə bir qərarın olduğu aşkar edilir və həmin sürücü dayandırılaraq müvafiq sənədlər ona təqdim edilir. Amma nə İXM-in 407.3-1-ci maddəsində, nə də Təlimatın istinad olunan bəndində və ya hər hansı başqa normasında sənədlərin təqdim olunması üçün saxlanılan avtomobilin cərimə meydançasına (mühafizə olunan duracağa) aparılmasından söhbət getmir. Gedə də bilməz, çünki bu, məntiqsizdir. Sürücü ona görə saxlanılır ki, ona çatası sənədlər var. Sənədin çatdırılması üçün avtomobil duracağa aparılmır. Avtomobilin hansı hallarda mühafizə olunan duracağa aparılmalı olması İXM-in 407.1-ci maddəsində kifayət qədər aydın təsbit edilib. Həmin hallar sırasında müvafiq sənədlərin təqdim olunması üçün saxlanılma yoxdur. Bu məqsədlə saxlanılmış avtomobili mühafizə olunan duracağa aparmaq aşkar və kobud qanun pozuntusudur. Hətta həmin normanı normal məntiqlə təfsir etsək, patrul avtomobilində xidmət edən DYP əməkdaşı müvafiq sənədləri saxladığı sürücüyə təqdim edə bilməyəcəksə, ümumiyyətlə, həmin avtomobili bu səbəblə saxlamamalıdır. Avtomobil bu səbəblə yalnız o halda saxlanılmalıdır ki, sürücüyə müvafiq sənədləri vermək mümkün olsun (məsələn, DYP-nin stasionar postlarında bunu etmək mümkündür). Digər səbəblə (qaydanı pozduğuna görə) saxlanılmış sürücü barəsində belə qərar olduğu aşkar edildikdə və ona həmin yerdə müvafiq sənədləri çap edərək vermək mümkün olmadıqda isə sürücüyə sadəcə bu barədə xəbərdarlıq edilməli, ona yaşadığı ərazi üzrə DYP orqanına yaxınlaşaraq həmin sənədləri əldə etmək tövsiyə olunmalı və sürücü yola salınmalıdır. Beləliklə, heç bir halda müvafiq sənədlərin təqdim olunması üçün saxlanılmış avtomobil cərimə meydançasına aparıla bilməz. Buna yol verilməsi müvafiq DYP əməkdaşının qanunu aşkar şəkildə pozaraq səlahiyyət həddindən kənara çıxması deməkdir. Ziya Səccad

BAKU.WS

Son xəbərlər