Qanunsuz sərnişin daşımalarına qarşı reyd keçirilib

Qanunsuz sərnişin daşımalarına qarşı reyd keçirilib
Foto
Sosial 43

Son günlər paytaxt ətrafında, xüsusilə Xırdalan, Masazır, Müşfiqabad və Saray qəsəbələri istiqamətindən Bakı-Sumqayıt yolu ilə çoxsaylı qanunsuz sərnişin daşımaları müşahidə edilir. Bu səbəbdən bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə qanunsuz sərnişin daşımalarına qarşı reyd keçirilib.

Bu barədə AYNA-dan bildirilib.

Reyd zamanı qanunvericiliyin tələblərinə riayət olunmadan sərnişindaşıma fəaliyyəti göstərən 18 nəqliyyat vasitəsi saxlanılıb və sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilib. Qanunsuz sərnişin daşımalarına qarşı reydlər davam etdirilir.

Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişin daşımaları ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.

Daşıyıcılar sifarişli sərnişin daşınmalarını həyata keçirərkən elektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar. Sifarişli sərnişin daşınmaları üçün formulyar "AYNA" informasiya sistemində elektron qaydada doldurulur. Qeyd edək ki, icazə olmadan sərnişindaşıma fəaliyyət göstərmək inzibati məsuliyyət yaradan haldır.

Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyin tələblərini yerinə yetirmək məqsədilə daşıyıcılara nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isə tibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanı formulyar doldurmaq tövsiyə olunur.

Son xəbərlər