Prezident cəmiyyətin səbrsizliklə gözlədiyi qərarı verdi
Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub. Təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə "Hərbi xidmət və hərbi vəzifə haqqında" qanuna dəyişiklik təklif olunur. Qüvvədə olan qanunvericilik aktının 21.1.4 cü maddəsində təkcə bakalavr təhsili alanlara deyil, eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət verilməsi nəzərdə tutulur.
Sputnik-in məlumatına görə, bu barədə Milli Məclisin deputatı Zahid Oruc öz "Facebook" hesabında məlumat verib. "Azərbaycanda elmi və təhsilin fundamental problemlərindən biri olan bu məsələnin həllini tapması cənab Prezidentin yeni təhlükəsizlik siyasətinin tərkib hissəsidir. Ordu peşəkarlardan ibarət olmaqla bərabər, alimlər də elm səngərində döyüşməyə hazırlanmalıdır", — deputat yazıb.
Onun sözlərinə görə, hər il daha çox qocalan elm adamlarımızın orta yaşı 55-dən yuxarı idi: "30 yaşlı gənc alim tapmaq Sokratın məlum axtarışlarına bənzəyirdi. Orta məktəblərimizdə tədrisi aparan müəllim korpusunun 90 faizi xanımlardan ibarət idi. Magistr pilləsində də eyni tendensiya gedirdi və elmin ağır yükü qadınlarımızın zərif çiyinləri üzərinə qoyulurdu".
Z. Oruc bildirib ki, nəhayət, dövlət başçısı tərəfindən misilsiz əhəmiyyəti olan belə bir addım atılıb: "Milli Məclis gələn həftə layihəyə baxacaq və plenar iclasa çıxararaq qəbul edəcək. Ümidvarıq ki, qanunun yeni variantından, artıq bu ildən yararlanmaq mümkün olacaq və Təşkilat-səfərbərlik İdarəsi qüvvəyə minəcək yeni müddəaları rəhbər tutacaq".
BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən yeni təşəbbüs: Magistr və doktorantlara möhlət veriləcək
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə magistrlərə hərbi xidmətdən möhlət hüq...