Oturaq iş bu XƏSTƏLİKLƏRƏ səbəb olur – Həkim xəbərdarlıq edir

Oturaq iş bu XƏSTƏLİKLƏRƏ səbəb olur – Həkim xəbərdarlıq edir
Açıqlama
Sosial 146

Müasir dövrdə bir çox insan günün böyük hissəsini oturaq vəziyyətdə keçirir. Xüsusilə də ofis şəraitində çalışanlar və az hərəkət edənlərdə bir sıra sağlamlıq problemlərinin meydana çıxması müşahidə olunur. Mütəxəssislər oturaq həyat tərzinin yalnız əzələ-sümük sisteminə deyil, həm də metabolik və ürək-damar sağlamlığına ciddi zərər verdiyini bildirirlər.  

Terapevt Sübhan Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, uzun müddət oturaq rejimdə qalmaq və fiziki hərəkətsiz həyat tərzi bir çox xroniki xəstəliklərin əsas səbəblərindən biridir:

"Oturaq həyat tərzi dayaq-hərəkət sistemində problemlərə yol açır. Belə ki, əzələ-sümük sistemində gərginlik və pozuntular meydana gəlir, bu da bel və boyun yırtıqları ilə nəticələnə bilər. Həmçinin bel, boyun, ayaq və qollarda ağrılar müşahidə olunur.

Fiziki passivlik maddələr mübadiləsini pozur, piylənmə və artıq çəkiyə səbəb olur. Bu isə öz növbəsində insulin dirənci və şəkərli diabetin yaranma riskini artırır. Piylənmə xolesterinin beyin və ürək damarlarında toplanmasına yol açır ki, bu da insult və ürək-damar xəstəliklərinə səbəb olur.

Hərəkətsizlik həmçinin arterial təzyiqin yüksəlməsinə də səbəb ola bilər. Bu baxımdan insanlara məsləhət görürəm ki, gün ərzində mütləq gəzməyə, hərəkət etməyə vaxt ayırsınlar", – deyə həkim qeyd edib.

Mütəxəssislər gündəlik həyat rejiminə yüngül fiziki aktivlik – məsələn, gəzinti, pilləkənlə qalxma, qısa idman hərəkətləri daxil etməklə bir çox xəstəliklərin qarşısını almağın mümkün olduğunu bildirirlər.  

Şahanə Xankişiyeva          

Son xəbərlər