Nizami Cəfərov: "Nəriman Həsənzadə minillik Azərbaycan poeziyasının ən böyük hadisələrindən biridir"

Nizami Cəfərov: Nəriman Həsənzadə minillik Azərbaycan poeziyasının ən böyük hadisələrindən biridir
Sosial 13

"Nəriman Həsənzadə minillik Azərbaycan poeziyasının və ədəbiyyatının ən böyük hadisələrindən biridir".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri sabiq deputat, filologiya elmləri doktoru Nizami Cəfərov Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib.

Nizami Cəfərov bildirib ki, Nəriman Həsənzadənin yaradıcılığı Azərbaycan insanının bədii təfəkkürünün və istedadının ən yüksək nümunələrindən biridir:

"Onun yazdıqları və yaratdıqları Azərbaycan insanının istedadının, bədii yaradıcılıq imkanlarının ən yüksək mərhələsini əks etdirir. Nəriman Həsənzadənin dili mükəmməl Azərbaycan dilidir. O, həm fərdiliyi, həm ədəbiliyi, həm də mütəfəkkir düşüncəsi ilə seçilir".

N.Cəfərov qeyd edib ki, Xalq şairi yaradıcılığında Azərbaycan tarixini və milli düşüncəni ön plana çəkib:

"Nəriman Həsənzadə Azərbaycan xalqını, ictimai fikrini və milli düşüncəsini tarixə bağlayırdı. Təsadüfi deyil ki, onun "Nəriman" poeması, digər poemaları və dramatik əsərləri tarixi mövzular üzərində qurulub".

Filologiya elmləri doktoru bildirib ki, Nəriman Həsənzadənin təqdim etdiyi tarix faktlara və gerçəkliyə söykənirdi:

"Onun təqdim etdiyi tarix düşüncəli, məntiqli, faktlara və reallığa əsaslanan tarix idi. Nəriman Həsənzadə öz xalqının tarixini çox yaxşı bilirdi. O, təkcə şair deyil, həm də böyük mütəfəkkir idi".

Onun sözlərinə görə, Xalq şairinin zəngin irsi gələcək nəsillərin milli ruhda formalaşmasına da xidmət edəcək:

"Mən inanıram ki, bu böyük sənətkarın, mütəfəkkirin yaradıcılığı bundan sonra da yeni nəsillərin yetişməsinə, əsl azərbaycanlı düşüncəsinin formalaşmasına təsir göstərəcək. Çünki Nəriman Həsənzadə başdan-ayağa sağlam və milli düşüncənin məhsulu idi".

Nizami Cəfərov əlavə edib ki, Nəriman Həsənzadə dövlətçilik ideyalarına daim sadiq qalıb:

"Nəriman Həsənzadə milliliyi ilə yanaşı, böyük dövlətçi sənətkar, mütəfəkkir və ziyalı idi. O, öz dövlətini sevirdi və onun yüksəlişi üçün əlindən gələni edirdi. Təsadüfi deyil ki, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev onu yüksək qiymətləndirib, Prezident İlham Əliyev də Nəriman Həsənzadəni dövlətçilik düşüncəmizin ən böyük tərənnümçülərindən biri kimi dəyərləndirib".

Sabiq deputat sonda bildirib ki, Xalq şairinin dövlət tərəfindən ali mükafatlara layiq görülməsi onun yaradıcılığına verilən yüksək qiymətin göstəricisidir:

"Nəriman müəllimin dövlətimizin ən ali mükafatlarına layiq görülməsi əsl şairin, mütəfəkkirin taleyidir. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər