Niyə yazıçılar öz kitablarını küçədə satmalı olurlar?
Yazıçının dünyaya demək istədiyi söz nə qədər əhəmiyyətlidirsə, kitabının satışı da bir o qədər məna kəsb edir. Müasir dövrdə kitab satışının bəlli çətinlikləri yazıçıları müxtəlif maneələrlə üz-üzə qoyur. Bu günlərdə akademik Nizami Cəfərovun "Yazıçının məhsulunun prodüser vasitəsilə satışı, tanıdılması həll edilməlidir.
Yazıçı öz kitabını küçədə sata bilməz" fikirləri bu mövzu ilə bağlı müzakirələri yenidən intensivləşdirdi. "Yazıçı oxucusunu tapmaq, dolanışığını təmin etmək üçün kitabını küçədə satmalıdırmı?" sualına ədəbiyyat adamları da fərqli yanaşır.
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Nəşriyyatlar öz gəlirlərini düşünürlər"
Nasir-tərcüməçi Nəriman Əbdülrəhmanlının fikrincə, yazıçının küçədə öz kitabını satması xoşagələn hal deyil:
"20-ci əsrin əvvəllərində yazıçılar küçələrdə öz əlyazmalarını, kitablarını satıblar. O dövrlər çoxdan keçib. İndi yazıçıların bir yaradıcılıq qurumu tərəfindən dəstəklənməsi, kitablarının nəşri, müqaviləsi, əsərlərinin xaricə çıxarılması ilə məşğul olduğu dövrdür. Yazıçının indiki dövrdə öz hesabına kitab çap etdirib onu küçədə satması xoşagələn deyil. Mənim onlarla kitabım çap olunub. Amma satışı bacarmamışam, o yolla gəlir götürmək fikrinə də düşməmişəm".
Yazıçı hesab edir ki, bu vəziyyət Azərbaycanda ədəbi agentliklərin yoxluğu üzündən baş verir: "Bütün dünyada şair və yazıçıları nəşriyyatlar, ədəbi agentliklər yaşadırlar".
N.Əbdülrəhmanlı hesab edir ki, nəşriyyatlar və ədəbi agentliklər yazıçı və şairləri ətrafına toplayaraq onların kitablarını nəşr edib satmalıdır: "Yalnız bu yolla vəziyyətdən çıxmaq olar. Ancaq nəşriyyatlar yalnız özlərinin gəliri haqqında düşünürlər, şairi-yazıçını dolandırmaq onların o qədər də marağında deyil. Nəşriyyatlarla bağlı Dövlət Konsepsiyası hazırlanmalıdır. Seçilmiş nəşriyyatlara dövlət maddi dəstək verməlidir".
"Yazıçıları o vəziyyətdə görməmək üçün yarmarkalara getmirəm"
Ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangirin fikrincə, həqiqi yazıçı kitabını küçədə satmamalıdır:
"Bu, yazıçı adına, ədəbiyyata yaraşmayan hərəkətdir. Yazıçı kitabının satışını mağazada təşkil etməlidir. Yaxşı yazıçının kitabı dövlət müəssisələri tərəfindən alınmalıdır. Əgər kitabı alınmırsa, yazıçı özü mağazalar şəbəkəsi ilə əlaqələr qurmalı, onun satışını təşkil etməlidir. Yazıçının küçədə stol qoyub kitabını satması biabırçılıqdır. Yazıçı xırdavat satan deyil ki...".
Ə.Cahangirin fikrincə, xarici ölkələrdə də yazıçılar kitablarını küçədə satmırlar:
"Niyə kitabxana ola-ola yazıçı küçədə kitab satmalıdır? Əgər yazıçı bu işlə məşğuldursa, əsərlərini nə vaxt yazır? Yazıçının oxumaq və yazmaqdan savayı işi olmamalıdır. Bunun üçün yuxusuna da haram qatmalıdır. Yazıçının həyatı və ömrü bu olmalıdır: oxumaq və yazmaq. Hətta yazıçılar kitablarını yarmarkada satanda da mənim xoşuma gəlmir. Kitabı stolun üstünə düzüb kiminsə almağını gözləyirlər. Mən yazıçıları o vəziyyətdə görməmək üçün yarmarkalara da getmirəm".
"Kitabını sata bilirsənsə, niyə satmamalısan?"
"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu isə hesab edir ki, dünyanın heç bir yerində yazıçının kitabını harada satması ilə bağlı hər hansı məhdudiyyət və ya göstəriş yoxdur:
"Əgər sən öz kitabını yaxşı sata bilirsənsə, niyə satmamalısan? Burada hər hansı qəbahət yoxdur. Yazıçı təşkilatlarda, məktəblərdə, parklarda da kitabı haqqında danışa bilər. Əksinə, mənə elə gəlir ki, bütün yerlərdə yazıçılara, naşirlərə yaşıl işıq yandırılmalıdır ki, onlar kitablarını təbliğ edib sata bilsinlər".
Naşirin fikrincə, indi dövrün tələbləri fərqlidir: "Sovet dövründə Bakıda 200 kitab dükanı vardı. Onda yazıçılardan bir iş tələb olunurdu: oturub yazmaq. Qalan işlər isə dövlət proqramı ilə həyata keçirilirdi. Yazıçıların əsərləri nəşr olunur, təbliğ edilir və satılırdı. Amma indi elə deyil: hər yazıçı öz əsərini nəşr edə, sata, təbliğ edə bilər. İndi hər bir yazıçının sosial platforma hesabı elə onun kitab satmalı olduğu dükandır".
"Oxucular gedib mağazalardan kitab almırlar"
Yazıçı Aysel Əlizadə hesab edir ki, əgər yazıçı kitabını küçədə satırsa, demək buna məcburdur:
"Deməli, kitab satış sistemində problem var. Deməli, oxucular gedib mağazalardan kitab almırlar. Demək, kitab siyasəti düzgün aparılmır, kitablara subsidiya yoxdur. Bunun alt qatında o qədər şey dayanır ki... Yazıçının ədəbi agenti, nəşriyyatı, kitab satışını təşkil edən şirkət olmalıdır".
A.Əlizadənin fikrincə, kitab bir sənayedir: "Bu, təkcə romantika, poetik ruh halı, ilham deyil. Dövlətin mədəniyyət və ədəbiyyat siyasətini həyata keçirənlər bu sənayenin güclənməsinə, ölkəyə pul gətirməsinə çalışmalıdrılar. Belə olsa, yazıçı dolanar və onun küçədə kitab satmasına ehtiyac qalmaz. İndiki halda yazıçı çarəsizlikdən küçədə kitab satır".
A.Əlizadənin sözlərinə görə, dünyanın hər yerində yazıçıların çətin dövrlərində küçədə kitab satdıqları vaxtlar olub:
"Bu, həmin ölkələrin müharibə, iqtisadi böhran dövrlərində olub. Müasir dövrdə belə bir təcrübə yoxdur. Düzdür, küçə sənəti hər yerdə var: küçə rəssamı, küçə musiqisi var. Ola bilər, kimsə kitabını yazır, öz hesabına çap etdirir və küçədə satır. Ancaq bu, peşəkar ənənə deyil. Hərçənd pandemiya dövründə və ondan sonrakı dövrdə mən də öz kitabımı küçələrdə satmağa məcbur qalmışam. Sonra mən bir aksiya keçirdim, oxucularla görüşüb kitabımı çatdırdım. Bu da küçə satışı idi. Bir qadın üçün bunu davamlı etmək çətindir. Kişi bunu edirsə, buna gücü çatır, digər tərəfdən bunu çarəsizlikdən, dolanışığı üçün edir".
Yazıçı bildirir ki, kitabın satışı mağazalarda həyata keçiriləndə sərfəli olmur: "Gəlirin 60 faizini nəşriyyatla mağazalar götürdüyü üçün yazıçıya 40 faiz pul qalır. Bu da çox azdır. Nəticədə yazıçı məcbur olur ki, mağazanın funksiyasını öz üzərinə götürsün".
Oxşar xəbərlər
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıla...