Niyə Azərbaycan universitetlərində müasir kampuslar qurulmur?

Niyə Azərbaycan universitetlərində müasir kampuslar qurulmur?
Foto Açıqlama
Sosial 81

Son illər dünyada ali təhsildə "kampus" modeli geniş yayılıb. Kampus – universitetin yalnız dərs keçilən bina ilə məhdudlaşmaması, tələbənin həm təhsil aldığı, həm sosiallaşdığı, həm də istirahət etdiyi vahid məkan kimi təşkil olunmasıdır. Bu modeldə kitabxana, yataqxana, yeməkxana, idman kompleksi, açıq istirahət zonaları və hətta müxtəlif sosial layihələrin həyata keçirildiyi məkanlar bir araya gətirilir. Məqsəd tələbənin gündəlik həyatının bütün aspektlərinin təhsil müəssisəsinin nəzdində qarşılanmasıdır.

Hazırda ABŞ, Almaniya, Böyük Britaniya, Kanada və Skandinaviya ölkələrində aparıcı universitetlərin əksəriyyəti bu sistemlə işləyir. Məsələn, Harvard, Oxford, Cambridge, MIT, Stanford kimi universitetlərdə tələbələrin həm akademik, həm də sosial inkişafı üçün böyük kampuslar mövcuddur. Bu məkanda tələbələr təkcə dərsə gəlmir, elmi tədqiqat aparır, debat və seminarlar keçirir, sosial layihələr həyata keçirir və mədəni tədbirlərdə iştirak edirlər.

Azərbaycanda da bu modelə keçid istiqamətində müəyyən addımlar atılır. Bəzi universitetlər tələbə yönümlü infrastruktur və sosial mühit yaratmaq üçün konkret layihələr həyata keçirir. Onlardan biri də Azərbaycan Texniki Universitetidir.

Qurumun Mətbuat Xidmətindən BAKU.WS-ə bildilib ki, tələbələrin universitet kampusunda rahatlığının təmin olunması üçün müxtəlif istiqamətlərdə əlverişli şərait yaradılıb. Müasir standartlara cavab verən Kitabxana-İnformasiya Mərkəzi, İdman Sarayı, yeməkxana kimi obyektlər tələbələrə gün ərzində xidmət göstərir. Bundan əlavə, universitet həyətində qurulan kitab köşkləri onların boş vaxtlarında mütaliəyə marağını artırmaq məqsədi daşıyır. Hər il bu istiqamətdə yeni layihələr də həyata keçirilir.

Tələbələrə yönəlik müasir yanaşmalardan biri də Bakı Dövlət Universitetində (BDU) tətbiq olunur. Universitetdən verilən məlumata görə, son illərdə tədris mühitinin inkişafı ilə yanaşı, tələbələrin sosiallaşması üçün də bir sıra təşəbbüslər reallaşdırılıb. Belə layihələrdən biri də "Tələbə məkanı" adlı açıq ictimai zonadır. Bu məkan tələbələrin debat və müzakirə aparması, ünsiyyət qurması və sosial layihələrini həyata keçirməsi üçün nəzərdə tutulub. Onun dizaynı hazırlanarkən ekoloji həllər və yaşıl texnologiyalar əsas götürülüb – məkan tam olaraq günəş panelləri ilə işıqlandırılır.

Ən diqqətçəkən layihələrdən biri isə BDU-nun ərazisində yaradılmış "Eko Məkan"dır. Bu məkanda tələbələrə yaşıl enerji, yaşıl qida istehsalı və ekoloji biliklərin tətbiqi ilə bağlı təcrübə qazanmaq imkanı yaradılıb. Təxminən 1000 kv.m ərazidə yerləşən bu zona, həm də müxtəlif tədbirlərin təşkili və tədqiqatların aparılması üçün istifadə olunur. Üstəlik, bu məkan yalnız BDU tələbələri üçün deyil, həm də digər universitet, kolleclər və məktəblərin tələbə və şagirdləri üçün açıqdır.

Bu cür təşəbbüslər Azərbaycan universitetlərinin klassik təhsil modelindən müasir kampus sisteminə keçidini göstərir. Lakin dünya təcrübəsi ilə müqayisədə, ölkədə hələlik tam kampus modeli formalaşmayıb. Harvard, Stanford və ya Skandinaviya universitetlərində olduğu kimi tədris, yaşayış, sağlamlıq, sosial həyat və mədəniyyət sahələrinin bir araya gətirildiyi inteqrasiya olunmuş kampuslar hələ geniş tətbiq olunmur.

Şahanə Xankişiyeva

Son xəbərlər