İnfeksionist: “Ölkəmizdə hazırda COVID-19 ilə yanaşı, qızılca riski də var” - MÜSAHİBƏ

İnfeksionist: “Ölkəmizdə hazırda COVID-19 ilə yanaşı, qızılca riski də var” - MÜSAHİBƏ
Sosial 2

“Hazırda ölkəmizdə COVID-19 ilə yanaşı, qızılca təhlükəsi var”.

Bu sözləri Oxu.Az-a müsahibəsində infeksionist Vasif Əliyev deyib.

Müsahibəni təqdim edirik:

- Vasif bəy, son həftə ərzində COVID-19-a yoluxma sayında artım müşahidə olunur. Sizcə, bu nə ilə əlaqəlidir?

- Qış aylarında olmağımız respirator infeksiyalara yoluxma riskini artırır. Bəlkə də, real yoluxma sayı statistik göstəricilərdən daha çox ola bilər.

Sadəcə, insanlar buna qrip deyib, ciddi fikir vermirlər. Hamı gedib testdən keçmir. Konkret statistikanı vermək çətindir. Ölkəmiz üçün bir həftə ərzində 17 yoluxma elə də ciddi deyil. Ancaq növbəti aylarda virusa yoluxanların sayında artım müşahidə oluna bilər.

- Peyvənd olunanların sayı da azalıb. Səbəb artıq hər kəsin xəstəliyə yoluxub, sağalması ola bilərmi? Bu səbəbdənmi artım müşahidə olunur?

- Bəli, peyvənd olunanların sayı azalıb. İnsanlar düşünürlər ki, peyvənd, sadəcə, xəstəliyin aktual olduğu zamanda vurulur.

Hazırda hansısa riskin olduğunu düşünmürlər. Ona görə peyvənd olunan insanların sayı azalıb. Başqa səbəblər də var.

İnsanların əksəriyyətinin pandemiyanın əvvəlində peyvənd vurdurmasını, həm xəstəliyə yoluxub-sağalmasını, həm də xəstəliyin fəsadlarının zaman keçdikcə zəifləməsini misal gətirmək olar.

- Qarşıdan Yeni il bayramı gəlir. Kütləvi toplantılar qaçılmazdır. Virusa yoluxma sayı arta bilərmi?

- Əlbəttə, virusa yoluxma arta bilər. Qorunmaq lazımdır. Hazırda COVID-19 ilə yanaşı, qızılca riski var. Və bunun təhlükəsi daha yüksəkdir.

Qızılca COVID-19-dan daha yoluxucudur. Qızdırması və səpgisi olanlar evdən çıxmamalı, maska taxmalıdırlar. Xəstəlikdən qorunmaq üçün ara məsafəsinə diqqət etməlidirlər.

- Ölkədəki epidemioloji vəziyyəti necə qiymətləndirirsiniz?

- Hazırda epidemioloji vəziyyəti əvvəlki dövrlərə nisbətən daha normal qiymətləndirirəm.- Yeni ştammın (JN.1) ölkəmizdə peyda olması gözlənilirmi?

- Dünyadakı vəziyyəti yaxından izləyirik. Əgər dünyada belə təhlükə yaranarsa, Ümumdünya Səhiyyə Təşkilatı hər hansı bir ştammın ciddi xəstəliyə səbəb olacağını göstərərsə, virusun ölkəmiz üçün təhlükəli olub-olmayacağını öncədən analiz edərik. Fikirlərimizi bölüşərik.

- COVID-19-un bir neçə dəfə mutasiyaya uğradığını müşahidə etdik. Hər mutasiya ilə virus sanki bir az zəifləyir, artıq xəstəliyi bəziləri adi qrip kimi keçirirlər. Lakin ağırlaşmalar da müşahidə olunur.

- Hər bir virus mutasiyaya uğrayır. Amma bu mutasiya bəzən daha yoluxucu olmağı ilə yanaşı, yüngül fəsadları da ola bilər. Hazırkı mutasiyanın ciddi xəstəliyə səbəb olacağını düşünmürəm.

- Qrip əleyhinə peyvəndlər vurulur. Koronavirusa təsirləri ola bilərmi? Qrip peyvəndlərinin koronavirusa qarşı qoruyucu effekti varmı?

- Qrip və ya qızılcaya qarşı vurulan peyvəndin koronavirusa təsiri yoxdur. Bunlar spesifik peyvəndlərdir. Sadəcə, xəstəlikdən qoruyur.

Xatırladaq ki, Azərbaycanda son bir həftə ərzində (04.12.2023-10.12.2023) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 12 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan bir nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 834 189 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib. Onlardan 823 770 nəfər müalicə olunaraq sağalıb, hazırda 42 aktiv xəstə var. Bu günə qədər 10 377 nəfər vəfat edib.

Son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 089, bu günə qədər isə ümumilikdə 7 721 568 test icra olunub.

Son xəbərlər