Müəllimlərə vacib xəbər – Maaşlar bu qədər artacaq

Müəllimlərə vacib xəbər – Maaşlar bu qədər artacaq
Sosial 1003

Azərbaycanda müəllimlərin iş şəraitinin yaxşılaşdırılması və peşəkarlığın artırılması istiqamətində atılan mühüm addımlardan biri də sertifikasiya imtahanlarıdır. Artıq bir neçə ildir tətbiq edilən bu sistem, müəllimlərin bilik və bacarıqlarını qiymətləndirməklə yanaşı, onların əməkhaqqısına birbaşa təsir edən differensiallaşdırılmış artım mexanizmi təqdim edir. Bu il 35 min müəllimin sertifikasiyada iştirak edəcəyi gözlənilir. 

Bəs görəsən builki sertifikasiya intahanlarından gözləntilər nələrdir? Müəllimlərin maaşı nə qədər arta bilər, gələcəkdə hansı dəyişikliklər vacibdir?

Mövzu ilə bağlı BAKU.WS-in suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb. 

Kamran Əsədov bildirir ki, sertifikasiya imtahanı artıq işləyən müəllimlərin peşəkar səviyyəsinin qiymətləndirilməsi üçün həyata keçirilir. Bu proses "Təhsil haqqında" Qanunun 29.2-ci maddəsinə əsasən, müəllimin fənn biliklərini, pedaqoji metod bacarıqlarını və müasir texnologiyalardan istifadə səriştəsini əhatə edir.

"İmtahan təkcə bilik yox, həm də tədris bacarığı və sinifdə tətbiq edilə biləcək metodların səriştəsini qiymətləndirən alətə çevrilməlidir. Hazırda isə bu, əsasən test formasında təşkil olunur", – deyə ekspert vurğulayır.

2024-cü ildə keçirilən imtahanlarda 27 min müəllim iştirak edib və 70%-ə yaxını keçid balını toplayıb. Bu il isə bu rəqəmin daha da artacağı gözlənilir. Sertifikasiya nəticələrinə görə maaş artımı ballara uyğun diferensiallaşdırılır:

30–50 bal toplayan müəllimlərə – maaşın 10%-i qədər artım;

51 və daha çox bal toplayanlara – maaşın 35%-i qədər artım tətbiq olunur.

Ekspertin sözlərinə görə, bu sistem müəllimlərin əlavə təşviq olunmasına və motivasiyasına müsbət təsir göstərsə də, gələcəkdə daha çevik və ədalətli modellər qurulmalıdır.

Ekspert dünya təcrübəsindən nümunələr gətirərək qeyd edir ki, bir çox ölkələrdə sertifikasiya sadəcə test imtahanı ilə məhdudlaşmır.

Finlandiyada müəllim olmaq üçün magistratura təhsili və praktik təcrübə şərtdir;

ABŞ-də müəllimlər mütəmadi lisenziyalaşdırmadan keçir;

Cənubi Koreyada müəllimlər psixoloji və etik testlərdən də keçməlidirlər.

Kamran Əsədovun fikrincə, Azərbaycanda sistemin təkcə formasına deyil, məzmununa da toxunulmalıdır:

"Qiymətləndirmə yalnız testlərlə olsa, müəllimin sinifdəki real performansı görünməyəcək. Praktik səriştələri yoxlayan mərhələnin – məsələn, müsahibə və ya dərs nümunəsi təqdimatının tətbiqi vacibdir."

Ekspert həmçinin bir neçə vacib istiqamətdə təkmilləşdirmə təklif edir:

"Pedaqoji universitetlərlə sertifikasiya proqramları arasında uyğunluq artırılmalı, ucqar bölgələrdə müəllimlər üçün təlim və dəstək proqramları təşkil olunmalı, qiymətləndirmə sisteminə praktik bacarıqları ölçən mərhələlər əlavə edilməlidir. 

Bundan başqa, daha çətin şəraitdə çalışan müəllimlər üçün əlavə koeffisiyentlər tətbiq edilməli, maaş artımı ilə yanaşı mənzil, səhiyyə və sosial təminat məsələləri də nəzərə alınmalıdır".

Banu Hüseynli

Son xəbərlər