Müəllimlər imtahandan sonra təəssüratlarını bölüşdülər: Cavablandırmadığım sual olmadı - FOTO

Müəllimlər imtahandan sonra təəssüratlarını bölüşdülər: Cavablandırmadığım sual olmadı - FOTO
Sosial 87

İyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. İlk gün riyaziyyat müəllimləri imtahana cəlb olunublar.

BAKU.WS xəbər verir ki, müəllimlər imtahandan sonra təəssüratlarını AZƏRTAC-la bölüşüblər.

Xəzər rayonu Buzovna qəsəbəsi 26 nömrəli tam orta məktəbin müəllimi Mehriban Abazova 56 bal toplayıb. O, daha əvvəl Təhsil İnstitutunun təşkil etdiyi sertifikatlaşdırma prosesininn sınaq imtahanında da iştirak edib: “İmtahan rahat keçdi. Suallar sınaq imtahanı sualları ilə eyni səviyyədə idi. İmtahanı bir saatdan tez başa vurdum”.

214 nömrəli məktəbin müəllimi Rövşən Abbasov isə imtahanda 53 bal toplayıb. O, sualların çətin olmadığını söyləyib: “20 illik pedaqoji təcrübəm var. Bir az həyəcanlı idim. Cavablandırmadığım sual olmadı”.

261 nömrəli məktəb-liseyin müəllimi Famil Ağayev isə nəticəsindən narazıdır: “Beş ildir ki, müəllim işləyirəm. Çətin suallar gözləyirdim, amma suallar asan oldu. Doqquz səhvə necə yol verdim, bilmirəm. 51 bal topladım. Bu nəticəni göstərəcəyimi düşünmürdüm, özümdən gözləntim 59-60 bal idi. Sertifikasiya hər bir müəllimin iştirak etməli olduğu imtahandır”.

149 nömrəli tam orta məktəbin müəllimi Dünyabəyim Əsgərova sualların gözlədiyindən daha asan olduğunu söyləyib. O, imtahanda 57 bal toplayıb: “Suallar gözlədiyimdən asan idi. Hər bir müəllim bu imtahanda azı 50 baldan yuxarı nəticə göstərməlidir. Kurikulum sualları arasında düşündürücü suallar var idi”.

137 nömrəli tam orta məktəbin müəllimi Elşən Əhmədov isə 54 bal toplayıb: “On yeddi ildir ki, müəllim işləyirəm. Kurikulum suallarında yanlışlığım oldu. Suallar ixtisasını bilən müəllimin cavablandıracağı səviyyədə idi”.

Qeyd edək ki, müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsi iyunun 21, 22 və 24-də keçirilir. Bu il 30 minə yaxın müəllimin sertifikatlaşdırma prosesində iştirakı gözlənilir. Bu il riyaziyyat, xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verəcəklər.

Test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.

Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.

Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edirlər. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllüdür.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.

Son xəbərlər