Mübariz Qurbanlı dini ibadət yerləri və ziyarətgahların bağlı qalmasından danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun müddətdir pandemiya səbəbindən ibadətgahlarda dini ayinlər dayandırılıb, kütləvi toplaşma qadağan edilib. Bu ərəfədə hər hansı pozuntu qeydə alınıbmı? Nəzarət necə həyata keçirilir?
BAKU.WS xəbər verir ki, suallara cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Report”a müsahibəsində bunları deyib:
"Bu gün təkcə Azərbaycanda deyil, bir çox ölkədə dini ibadət yerlərinin və ziyarətgahların fəaliyyəti məhdudlaşdırılıb, kütləvi ibadətlər və tədbirlər dayandırılıb. Ölkəmizdə virusun qarşısını almaq və vəziyyəti nəzarətdə saxlamaq məqsədilə ibadət ocaqlarının, o cümlədən məscidlərin, kilsələrin və sinaqoqların fəaliyyəti ilə bağlı məhdudiyyət qalmaqdadır. Pandemiyanın ilk dövrlərindən dini konfessiyalar tərəfindən dini icmalara və dindarlara ayinləri evlərində yerinə yetirmələri ilə bağlı tövsiyə və çağırışlar edilib, din xadimlərimiz də bu təşəbbüsü müsbət qarşılayıblar. Çünki burada əsas məqsəd əhalinin sağlamlığı və insan həyatının qorunmasıdır.
Dini ibadət ocaqları, ziyarətgahlar pandemiya səbəbindən müvəqqəti bağlansa da, bir çox din xadimi öz fəaliyyətini televiziyalar, internet və onlayn informasiya vasitələri üzərindən həyata keçirməyə davam edirlər. Məscidlərdə azan vaxtlı-vaxtında verilir. Ümumi götürdükdə, bu məsələ ilə bağlı pozuntu halları qeydə alınmayıb. Dindarlar karantin tədbirlərinə, o cümlədən dini ibadət və ayinlərə qoyulan məhdudiyyətlərə riayət etməklə qanunun tələblərinə dəstəklərini ifadə edirlər. Mömin insanlar, xüsusilə çətin sınaqlar və böhranlar dövründə hər kəsə nümunə olmalıdırlar. Məsələyə dövlət tərəfindən də nəzarət edilir, monitorinqlər keçirilir və bu sahədə maarifləndirmə işi aparılır.
Məsələn, Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq din icma sədrləri və din xadimlərinin iştirakı ilə videokonfrans formatında tədbirlər keçirilir. Videokonfranslarda koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən qabaqlayıcı tədbirlər və həyata keçirilən işlərə diqqət çəkilir, dəfn mərasimləri istisna olmaqla, yas mərasimlərinin keçirilməsinin müvəqqəti olaraq dayandırıldığı vurğulanır. Bununla bağlı istər Nazirlər Kabineti yayında Operativ Qərargahın, istərsə də Qafqaz Müsəlmanları İdarəsinin tapşırıq və tövsiyələrinə əməl edilməsinin vacibliyi din xadimlərinin və dini icma sədrlərinin diqqətinə çatdırılır".
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...