Modern Hospital-dan aparılan müalicənin yanlış olduğu haqqında xəbərlərə münasibət
18
okt
2018
16:26
Son günlərdə bəzi xəbər portalları və agentlikləri ““Modern Hospital”da xəstəni səhv müalicə etdilər, ayağı kəsildi”, “Modern hospitalda daha bir dəhşət, xəstənin ayağı kəsildi”, “Tanınmış həkim xəstəni səhv müalicə etdi”, “Özəl klinikada daha bir faciə” və s. başlığları ilə 10 ildir yüz minlərlə insanın sağlamlığına qovuşmasında böyük xidmətləri olan Modern Hospital və mütəxəsissləri haqqında ədalətsiz, heç bir əsası olmayan, reallıqdan tam uzaq, tək tərəfli məlumatlar paylaşaraq gündəm olmuşlar.Sözü gedən hadisə ilə əlaqəli gərçək məlumatlar aşağıdakı kimidir:18 avqust 2018 tarixində pasiyent 1952-ci il təvəllüdlü Şəki rayonunun Baş Göynük kənd sakini Vəliyev Ələsxan Salman oğlu xəstəliyinin irəliləmiş (ağır) mərhələsində klinikamıza müraciət etmişdir. Həkim endokrinoloq Gülay Məmmədovanın rəhbərlik etdiyi “Diabetik Ayaq” mərkəzində müalicə almaq istəyən xəstəyə, mərkəzimizin həkimləri (ortoped-travmatoloq, damar cərrahları, endokrinoloq, dermatoloq) tərəfindən baxılmış və diaqnozu “periferik qan dövranının pozğunluğu, diabetik qanqrena, periferik angiopatia ” olaraq qoyulmuşdur. Xəstəyə və qohumlarına vəziyyət ətraflı izah edilmişdir. Xəstə vəziyyətdən xəbərdar olduğunu və Modern Hospital ilə Doktor Gülay Məmmədovanı öz istəyi ilə seçdiyini söyləmiş və müalicə prosedurunu öz razılığı ilə qəbul etmişdir.Bu tibbi statiska şöbəmizdə saxlanılan xəstənin tarixçəsi məlumatlarında (müayinəyə, müalicəyə, iltizamnaməyə və cərrahi müdaxiləyə razılıq vərəqələri) öz əksini tapır.
Müalicə və müayinə razılıq kağızıMüalicəsinə başlanılan pasiyent klinikamıza gələndə sol ayaq 5-ci barmaqının tam nekrozlaşması ilə müraciət etdiyindən (bu da epikrizdə öz əksini tapmışdır) müalicənin ilk mərhələsi olaraq nekrozlaşmış barmaqın götürülməsi mərkəzin cərrahı tərəfindən həyata keçirilmişdir. Aşağıda görəcəyiniz rəsmi sənəddən alınmış məlumata əsasən də xəstənin “klinikada səhv müalicə əsasında ayaqımın vəziyyəti pisləşdi” iddialarının, mediyada paylaşılan heçbir real, rəsmi sübutu olmayan “Modern Hospitalda səhv müalicədən dolayı xəstənin ayağı kəsildi” xəbərlərinin də nə dərəcədə əsassız olduğunu asanlıqla anlamaq mümkündür.
EpikrizPasiyent klinikamıza müraciət edərkən ayağının vəziyyətini əks etdirən çəkilmiş şəkillərini də gösdərmək istərdik. Və orada yuxarıda yazılanlar tam şəkildə öz əksini tapıb. Amma pasiyentin mənəvi rahatsızlıq hiss edəcəyini nəzərə alaraq bunu etik hesab etmirik. Sonra stasionar şöbəmizdə müalicəsinə davam etdirilən pasiyent Vəliyev Ələsxan Salman oğlu bir müddət sonra özəl xəstəxanaya ödəyəcəyi pulu olmadığını söyləyərək müalicədən imtina etmişdir. Bunu da bildirməliyik ki, sözügedən pasiyent və pasiyent yaxınları (pasiyent yaxınlarından özünü jurnalist kimi qələmə verən Məmməd Həmidov ) “əlləri çatdıqları” bəzi mətbuat orqanlarına yalnış məlumat verərək müalicə müddətində 2000 Azn ödədiklərini və bu məbləği klinikadan geri istədiklərini bildirmişdilər. Halbuki bu pasiyentin müalicəsinə görə klinikamıza ödənilən məbləğ sadəcə 1311 Azn təşkil edir, üstəlik bu xəstənin maddi vəziyyəti nəzərə alınaraq endirilmiş olan məbləğdir. Pasiyentin haqsız olaraq tələb etdiyi məbləğlə ödədiyi real məbləğ arasında fərq olduğundan da açıq aşkar görünür ki, burada haqqını tələb etmək deyil, haqqı olmayan əlavə qazanc məbləği əldə etmək məqsədi güdülür. Sonradan öyrəndiyimiz qədərilə xəstə fərqli özəl klinikada başqa bir həkimi müalicə həkimi olaraq seçmişdir. Təbii ki, müalicə aldığı yeri seçmək xüsusunda hər bir pasiyent müstəqildir, bizim buna qarışma hüququmuz yoxdur. Bu səbəbdən mərkəzimizin həkimləri xəstəyə klinikamızda müalicəni davam etdirməsi yönündə heçbir tələb irəli sürməyiblər. halbuki pasiyent klinikaya gələndə qiymətlər barədə tam məlumatlı idi və bu da sənədlərdə öz əksini tapmışdır.
Qiymət razılaşması Diabetik Ayaq Mərkəzimizin rəhbəri endokrinoloq Gülay Məmmədova fəaliyyəti boyunca minlərlə xəstənin müalicəsində əmək sərf etmiş və yüksək mütəxəssisliyi sayəsində, beynəlxalq müalicə qaydalarını tətbiq etdiyi üçün yüzlərlə ayaq amputasiyalarının qarşısını almışdır. Biz həkimimizin seçdiyi müalicə üsulunun düzgün olduğuna əminik, heç bir yanlış müalicədən söz gedə bilməz. Bu tibbi sənədlərdə də öz əksini tapmışdır. “Məsuliyyətsiz iş görülən yer” kimi qələmə verilən, insanların ağıllarında əsassız mənfi rəylər formalaşdırılmasına çalışılan Modern Hospital tibbi xidmətlərlə yanaşı ölkəmizdə çox önəmli olan sosial məsuliyyət sferasında bugünə qədər heç yerdə yer almasını istəmədiyi tərzdə işləri də imkanı çərçivəsində həyata keçirməkdədir. Dəfələrlə imkanı aşağı olan pasiyentlərimiz də olub ki, biz onlara insanlıq borcumuzu yerinə yetirərək ya təmənnasız, ya da böyük endirimli xidmət göstərmişik. Bu xeyriyyə işlərini (BŞİH nəzdindəki Suraxanı rayonu 2 N-li uşaq evindəki kimsəsiz uşağlar (2010`dan bu günə gədər), “Ümid yeri” xeyriyyə cəmiyyəti, Uşaq və Gənclər üçün sosial reabilitasiya mərkəzi, Mingəçevir şəhər “Uşaq və ailələrə dəstək” mərkəzi, Qızıl Aypara, 1saylı körpələr evi, valideyn himayəsindən məhrum olmuş Uşaqlara Dayaq ictimai birliyi, “Ümüdlü Gələcək” gənclər təşkilatının nəzdindəki kimsəsizlərə təmənnasız ambulator və stasionar xidmət göstərilmişdir) klinikamızın çox dəyərli həkimləri ve personalları sevə sevə həyata keçirməkdədirlər və var olduğumuz müddətçə də həyata keçirəcəklər. Xəbər agentliklərindən az qisminə adekvat və qərəzsiz məlumat paylaşdığı üçün təşəkkür edirik. Bəzi xəbər agentliklərinin klinikamız haqqında apardığı “Qara PR”-ı isə sadəcə “özlərinə yalançı İP(reyting) yığma” məqsədi kimi anlamaq olar. Ölkəmizin sayılıb seçilən şirkətləri ilə, sığorta şirkətləri ilə illərdir müvəffəqiyyətli əməkdaşlıq etdiyi, mütəxəsisslərinin dünya səviyyəli konferanslarda Azərbaycan tibbini layiqincə təmsil etdiyi, 10 ildir xalqımızın sağlamlığının keşiyində vicdanla, dürüstlüklə fəaliyyət göstərən klinikamız haqqında belə əsassız, qərəzli məlumatların yayılmasının heçbir halda nə biz tərəfdən nə də “gözü tərəzi olan” dəyərli xalqımız tərəfindən qəbul edilməsi mümkün deyil. Modern Hospitalın İctimai Əlaqələr şöbəsinin rəhbəri – Azər Rzayev.
Oxşar xəbərlər
"Modern Hospital"da həkimin səhv müalicə üzündən xəstənin ayağı amputasiya olundu
Jurnalist Məmməd Həmidovun qohumu "Modern Hospital"da yalnış müalicə edildiyi üçün ayağı amputasiya edilib. BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, şikay...