Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsini qəbul etdi

Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsini qəbul etdi
Sosial 188

Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

"Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsinə əsasən, Azərbaycanda kazino oyunlarının virtual formada həyata keçirilməsinə icazə verilməyəcək.

Bununla bağlı qanunvericiliyə yeni maddə əlavə edilir.

Sənəddə qeyd olunub ki, kazino oyunlarının virtual formada, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkəsi, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan platformalar vasitəsilə təşkilinə, keçirilməsinə, həmin oyunlarda iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüquqlarının) satışına, həmçinin iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank və digər ödəniş hesabı üzrə digər əməliyyatlarının maliyyə institutları tərəfindən icrasına (aparılmasına) yol verilməyəcək.

Bundan başqa, kazino oyunları "Lisenziyalar və icazələr haqqında" Qanuna uyğun olaraq "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin qanunun 16.1.2-ci maddəsində nəzərdə tutulan nəzarət orqanının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən lisenziyanı əldə edən hüquqi şəxs (kazino oyunlarının təşkilatçısı) tərəfindən təşkil ediləcək.

Həmçinin kazino oyunlarının təşkili üçün lisenziya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi şərtləri (tələbləri) yerinə yetirən hüquqi şəxsə veriləcək.

Vurğulanır ki, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bildirilib ki, kazino oyunlarının təşkilatçısı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin qanunun 16.1.2-ci maddəsində nəzərdə tutulan nəzarət orqanının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə kazino oyunlarının keçirilməsi üçün mülki hüquqi müqavilələr əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən hüquqi şəxsi (kazino oyunlarının operatorunu) cəlb edə bilər.

Kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirəcək.

Əlavə edilib ki, kazino oyunlarının təşkilatçısı və operatoru "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunların, bu qanunun 8-2.5-ci maddəsi ilə müəyyən edilmiş kazino oyunlarının təşkili və keçirilməsi qaydasının tələblərinə və "Lisenziyalar və icazələr haqqında" Qanunun 19.8-1-ci maddəsinə uyğun bağlanılan lisenziya müqaviləsinin şərtlərinə əməl etməlidirlər. Bu tələblərin və şərtlərin pozulması kazino oyunlarını təşkil etmək hüququ verən lisenziyanın davandırılması və ya ləğvi üçün əsasdır.

Yaşı 21-dən az olan şəxslərin kazino oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti 1998-ci il yanvarın 27-də qadağan olunmuşdu. İndi isə Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsinə icazə verilir. Bunun üçün Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik edilir.

Milli Məclisə daxil olan yeni layihəyə əsasən, həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.

Həmçinin "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsinə əsasən, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyənləşdirilir.

Sənədə əsasən, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumu 340 min manat (lisenziyanın qüvvədə olduğu müddətdə hər il əlavə 340 min manat) təşkil edəcək.

Bu dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günədək ödəniləcək.

Qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti 1998-ci il yanvarın 27-də qadağan olunmuşdu. İndi isə Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsinə icazə verilir. Bunun üçün Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik edilir.

Qanun layihəsi səsə qoyularaq ilk oxunuşda qəbul olunub.

Son xəbərlər