Məktəbəqədər təhsilə cəlb olunmanın artırılması modelləri
Azərbaycanın təhsil sistemində ən həssas sahələrdən biri məktəbəqədər təhsildir. Son onilliklərdə bu sahədə həm infrastruktur, həm də idarəetmə səviyyəsində ciddi dəyişikliklər baş versə də, məktəbəqədər təhsilə cəlb olunma göstəriciləri hələ də beynəlxalq standartlardan aşağıdır.
Ölkədə təxminən 390 min uşağın məktəbəqədər təhsildən kənarda qalması probleminin kökündə yalnız valideyn seçimi və sosial vəziyyət deyil, həm də sistemin özündəki struktur və idarəetmə boşluqları dayanır.
Bu məqalədə məktəbəqədər təhsilin mövcud vəziyyəti, onun inkişafına təsir edən əsas faktorlar və mümkün alternativ modellər təhsil idarəetməsi üzrə ekspert Rasif Dünyamalıyev tərəfindən bir neçə tərəfdən analiz olunur.
Məktəbəqədər müəssisələrin tarixi inkişafı və struktur dəyişiklikləri
Müstəqilliyin ilk illərində-1994-cü ildə Azərbaycanda 2172 dövlət uşaq bağçası fəaliyyət göstərirdi. Bu müəssisələrin hamısı dövlət balansında idi və əsas məqsədi uşaqların sosiallaşması ilə yanaşı, erkən yaş təhsilinin təşkili idi. Lakin illər keçdikcə idarəetmədə yaranan boşluqlar və özəlləşdirmə proseslərindəki qeyri-şəffaflıq nəticəsində bu müəssisələrin əhəmiyyətli hissəsi itirildi. Hazırda ölkədə cəmi 1700 dövlət uşaq bağçası fəaliyyət göstərir. Aradakı 472 müəssisə isə ya bağlanıb, ya da təyinatı dəyişdirilərək fərqli məqsədlərlə istifadə olunur.
Bu proses nəticəsində məktəbəqədər təhsil müəssisələrinin əhatə dairəsi daralıb, regionlar üzrə qeyri-bərabərlik yaranıb. Əvvəllər uşaq bağçaları daha çox sosial təminat funksiyası daşıyırdısa, sonrakı illərdə onların fəaliyyəti əsasən uşaqların təhlükəsizliyi və qidalanmasının təmin olunması ilə məhdudlaşıb. Təhsil Nazirliyinin balansına keçirildikdən sonra diaqnostika aparılmış və məlum olmuşdur ki, müəssisələrdə çalışan 13000 tərbiyəçi müəllimlərdən təxminən 800 tərbiyəçi ancaq ümumi orta təhsilə malikdir və 7000 – ə yaxını isə qeyri - ixtisaslı təhsil almamışdır. Bu fakt sistemdə kadr hazırlığı və keyfiyyət təminatının vacibliyini bir daha önə çıxarır.
Dövlət və özəl uşaq bağçalarının fərqləri
Mövcud statistikaya əsasən, ölkədə hazırda 1700 dövlət, 157 özəl uşaq bağçası və 939 icma əsaslı təlim qrupu fəaliyyət göstərir. Özəl uşaq bağçaları daha çevik idarəetmə və valideynlə əməkdaşlıq imkanlarına malik olsa da, kadr potensialı baxımından ciddi çatışmazlıqlar müşahidə olunur. Bir çox hallarda bu müəssisələrdə məktəbəqədər ixtisası olmayan şəxslər çalışır. Səbəblərdən biri rus və ingilis bölmələrində ixtisaslı kadr hazırlığının ali təhsil müəssisələrində sistemli şəkildə aparılmamasıdır.
Bununla belə, özəl sektorun artımı valideynlərə seçim imkanı yaradır və məktəbəqədər təhsil sahəsində rəqabət mühitini formalaşdırır. Son illərdə bu sahəyə ingilis və rus bölmələrinin məzunlarının cəlb edilməsi müəyyən pozitiv dinamika yaradıb. Lakin özəl bağçalar əsasən şəhər ərazilərində fəaliyyət göstərdiyindən, regionlarda uşaqların təhsilə çıxışı yenə də məhdud qalır.
İcma əsaslı məktəbəqədər təlim qrupları
UNICEF, Avropa Komissiyasının və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən icma əsaslı məktəbəqədər təlim qrupları modeli son illərdə məktəbəqədər təhsilin genişləndirilməsi istiqamətində mühüm təşəbbüs olmuşdur. Layihə çərçivəsində 3–5 yaşlı uşaqlar icma daxilində fəaliyyət göstərən təlim qruplarına cəlb edilir, bu qruplarda təlim keçmiş yerli müəllimlər tərəfindən 2–3 saatlıq məşğələlər təşkil olunur.
Layihə ilk mərhələdə 20 minə yaxın uşağı əhatə etsə də, icmaların maliyyə və təşəbbüs baxımından davamlılıq nümayiş etdirə bilməməsi səbəbindən bu model dayanıqlı nəticə verməmişdir. Hazırda layihə Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir və statistikanın yüksəldilməsinə xidmət edir, lakin təlim-tərbiyə prosesinin fasiləsizliyini təmin etmədiyi üçün uzunmüddətli təsiri məhduddur.
Məktəbə hazırlıq sinifləri və alternativ modellər
Məktəbə hazırlıq sinifləri formal olaraq məktəbəqədər təhsilin bir hissəsi kimi qiymətləndirilsə də, mahiyyətcə fərqli məqsədlər daşıyır. Bu siniflərdə dərs deyən müəllimlər ibtidai sinif ixtisaslıdır və uşağın psixoloji, sosial və emosional ehtiyaclarını nəzərə almaqda çətinlik çəkirlər. Beləliklə, burada yalnız idrak fəaliyyətinə fokuslanma baş verir və uşağın inkişafına kompleks yanaşma təmin olunmur.
2023-cü ildən tətbiq olunan alternativ layihələr - o cümlədən "forest school" və "Montessori" modelləri isə pilot səviyyəsində sınaqdan keçirilmişdir. Bu təşəbbüslər innovativ yanaşma gətirsə də, qısamüddətli xarakter daşıdığı və statistikanın artırılmasına yönəldiyi üçün davamlı sistem formalaşdıra bilməmişdir.
Özəl uşaq inkişaf və tədris mərkəzləri
Ölkədə son illərdə özəl uşaq inkişaf və tədris mərkəzlərinin sayı artmaqdadır. 2023-cü ildə "Təhsil haqqında Qanun"a edilən dəyişikliklə bu mərkəzlər təhsil müəssisəsi statusu almışdır. Onların üstünlüyü ondan ibarətdir ki, həm məktəbə hazırlıq, həm də bağça funksiyasını yerinə yetirirlər və ucuz xidmət göstərərək regionlarda valideynlərin ehtiyacını qismən qarşılayırlar. Lakin bu müəssisələrin maddi-texniki bazası zəifdir, normativlərə tam uyğun gəlmir və rəsmi statistikalarda əks olunmur. Buna baxmayaraq, bu model tam günlük xidmət təqdim etdiyindən, xüsusən də işləyən valideynlərin əmək bazarına inteqrasiyasını asanlaşdırır.
İnfrastruktur məhdudiyyətləri və iqtisadi çətinliklər
Məktəbəqədər təhsilin genişləndirilməsinin qarşısında duran əsas maneələrdən biri infrastruktur və maliyyə imkanlarının məhdudluğudur. Hazırda bir uşaq bağçasının tikintisi orta hesabla 2 milyon manata başa gəlir. Əgər 100 000 uşağı əhatə edən 1000 bağça tikilməli olsa, bu, 2 milyard manat investisiya tələb edir. Bununla yanaşı, normativlərə görə hər 100 nəfərlik bağça üçün 0.35 hektar torpaq sahəsi tələb olunur ki, bu da şəhər şəraitində real deyil.
Bu səbəbdən ən effektiv həll yollarından biri dövlət-özəl tərəfdaşlığı (Public-Private Partnership) modelidir. Bu modeldə uşaq bağçalarının qurulmasını özəl sektor həyata keçirər, dövlət isə uşaqların təhsil və saxlanma xərclərini qarşılayar. Lakin mövcud Nazirlər Kabinetinin 171 saylı Qərarı bu mexanizmin tətbiqinə maneə yaradır və özəl sektorun məktəbəqədər təhsilə sərmayə qoymasını məhdudlaşdırır.
Nəticə
Məktəbəqədər təhsilin inkişafı yalnız tədris məsələsi deyil, həm də sosial, iqtisadi və institusional islahat tələb edən sahədir. Mövcud modellər - dövlət bağçaları, özəl müəssisələr, icma əsaslı qruplar və alternativ layihələr - ayrı-ayrılıqda müəyyən nəticələr versə də, sistemli və dayanıqlı inkişaf üçün inteqrasiya olunmuş strategiyaya ehtiyac var.
Ən real və səmərəli həll yolu dövlət-özəl tərəfdaşlığının tətbiqidir. Dövlət infrastruktur və nəzarət funksiyasını saxlamalı, özəl sektor isə innovativ idarəetmə və resurs təminatı ilə prosesi gücləndirməlidir. Məktəbəqədər təhsil yalnız uşaqların deyil, həm də cəmiyyətin gələcəyinə yönəlik strateji investisiyadır. Onun keyfiyyətli və kütləvi şəkildə təmin olunması Azərbaycanın insan kapitalının formalaşmasında həlledici rol oynayacaq.
Oxşar xəbərlər
DİQQƏT! Azərbaycanda bu müavinətlərin ümumi məbləği artırılır
2026-cı ildə Azərbaycanda hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği 71 milyon manat olacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, bu bar...