Mehriban Zeynalova: "14 ildən sonra o məni axtarıb, tapdı"

Mehriban Zeynalova: 14 ildən sonra o məni  axtarıb, tapdı
Sosial 1970

 

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova BAKU.WS-ə müsahibə verib.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə ailədaxili münaqişələrin əsas səbəbləri, qadınların yoxsa kişilərin daha çox zorakılığa məruz qalması haqda danışdıq. Ondan yüngül həyat tərzi keçirmiş qadınların yenidən normal həyata necə qayıtması haqda soruşduq. 

- Qarşınıza çıxan ən yaddaqalan və türkürpədici hansı hadisə olub?

- Əslində qəribə bir xarakterim var, yadımda çox şeylər qalmır. Amma zaman keçir və o insanlar, hansı ki, dəstək alıblar, onlar qarşıma çıxırlar, biz danışdıqdan sonra xatırlayıram ki, nə vaxtsa belə bir hadisə olub və həmin vaxt çox gərginlik yaşamışıq. İşimlə bağlı çox şey yadımda saxlaya bilmirəm. Ancaq xatırladıqlarım da var. Biz ilk dəfə sığınacağı açanda bir nəfər zəng etdi dedi ki, bir xanımın köməyə ehtiyacı var. Hamilədir, ərigil evdə əsir saxlayır. Uşaq dünyaya gəldikdən sonra uşağı əlindən alacaqlar. Mən o xanıma evdən çıxarılmasına, uşağının dünyaya gəlməsinə və uşaq dünyaya gəldikdən sonra da yardım etdim. Həmin dönəmlərdə evi yeni almışdım. İlk aldığım evə özüm hələ köçməmişdim, o xanımı gətirdim. Özüm isə getdim səfərə. Uşaq dünyaya gələndə soruşdular adın nə qoyaq, dedim, adın Nicat qoyun. Bir müddətdən sonra bütün məsələlər tənzimləndi, qız getdi. 14 ildən sonra məni  axtarıb, tapdı. Bir gün mənə zəng elədi, dedi filankəsəm. Tanımadım. Dedi, Nicatın anasıyam. Dərhal tanıdım. Sonra biz görüşdük. Nicatı da gətirdi. Bu o qədər xoş idi ki. Belə hadisələr çox olub.

- İqtisadi böhran ailədaxili münaqişələrə çoxmu təsir edir? 

- Ailədaxili zorakılığın bəlası iqtisadi məsələ deyil. Ailədaxili zorakılıqların əsl bəlası dəyərlər sisteminin pozulmasıdır. Əksər ekspertlər bunu mütləq şəkildə iqtisadi amillərə bağlayırlar. Ötən il 11 min boşanma olmuşdu. Halbuki, ötən il yaşayış indiki kimi çətin deyildi. Bu göstəricilər ondan əvvəlki illərdə də az deyildi. Ona görə bunu bütövlükdə iqtisadi amillərə bağlamaq olmaz. Düzdür, maddiyyatın da rolu var, ancaq bütövlükdə deyil.  Hazırda dəyərlər sistemində ciddi böhran var. Bax, dəyərlər sistemindəki böhranın fəsadları iqtisadi böhrandan daha çoxdur. 

- Böhran sığınacağın fəaliyyətinə necə, təsir edibmi?

- Sığınacaq mənim övladım kimidir. Necə ki, ana öz övladı üçün dişi ilə, dırnağı ilə çalışır, əlindən gələni edir ki, qoruyub saxlasın, eyni bir formada biz də çalışırıq ki, sığınacağı qoruyub saxlayaq. Çünki, sığınacağa ehtiyac var və sığınacaq insanların son ümid yeridir. İnsanlar bura gələndən sonra həyatını dəyişə bilir, dəstək ala bilir, ayaq üstə qalxa bilirlər. Ona görə hesab edirəm ki, heç nə sığınacığın fəaliyyətinə təsir edə bilməz. 

- Cəmiyyətimizdə ən çox zorakılığa qadınlar məruz qalır, yoxsa kişilər?

- Biz deyə bilmərik ki, yox heç bir kişi zorakılığa məruz qalmır. Ola bilər ki, elə kişi var zorakılığa məruz qalır, lakin susur. Amma bu fiziki zorakılıq deyil, daha çox mənəvi zorakılıq ola bilər. Nə mənada? Bu daha çox qadının qarşı tərəfə hörmət hissini nümayiş etdirə bilməməsi kimi biruzə verir. Qadınlar elə düşünürlər ki, nə qədər deyinsələr nəyisə bir az tez həll edəcəklər. Qadın kamil olarsa, deyinərək yox, əksinə təmkinli və səbirli olub, hörmət hissini nümayiş etdirərsə vəziyyəti dəyişə bilər. Ancaq, elə insanlar da var, onlara qarşı nə qədər dözümlü yanaşsan, hörmət etsən bundan arxayın olub əməlinə davam edəcək. Ona görə qadınlarımız nəyi necə etməyi, nə vaxt danışmaq olar, harda susmaq lazımdır bütün bunları bilməli və balansı tənzimləməyi bacarmalıdırlar. Lakin, bəzi qadınlarımız kişiləri yerli-yersiz tənqid edirlər, sən kişi deyilsən, filankəsin kişisi belə edir, elə edir deyib yersiz müqayisələr apararaq onları aşağılayırlar. Kişiyə qarşı zorakılıq budur. Ancaq qadınlar daha çox fiziki, psixoloji, iqtisadi zorakılığa məruz qalır. 

- Bildiyiniz kimi KİV-də uşaq oğurluğu ilə bağlı çoxlu sayda xəbərlər yer alıb. Bu uşaq alveri ilə bağlı ola bilərmi?

- İqtisadi böhranın özünün müxtəlif kriminal xarakterli fəsadları olub, olacaq da. Təbii ki, insan alveri yenidən gündəmə gələcək, hətta qadın alverinin yeni formalarının da ortaya çıxacağı deyilir. Hesab edirəm ki, uşaq oğurluğu daha çox uşaqları oğurlayıb pul tələb etməklə müşahidə oluna bilər. Bu isə uşaq alveri deyil.  Uşaq alveri uşaqların ölkə xaricinə çıxarılaraq istismar edilməsidir. Hazırda isə bu mümkün deyil. Çünki, uşaqları ölkə xaricinə aparmaq elə də asan prosses deyil. Hətta uşağın bir valdeyni digərinin razılığı və etibarnaməsi olmadan ölkə xaricinə çıxara bilməz. Bu məsələ qanunla tənzimləndiyi üçün belə bir halın baş verməsi mümkün deyil. 

- Sığınacağınızdan övladlığa uşaq götürənlər olub?

- Yox, elə bir şey olmayıb. Ümumiyyətlə mən belə şeylərə həssas yanaşan adamam. O qanunvericilik çərçivəsində baş verən bir hadisədir. Əgər mən o prossesə qoşularamsa, müəyyən neqativ təəssüratlar yarana bilər. Eyni zamanda burada insan alveri elementləri kimi qiymətləndirmə gedə bilər. Ona görə kimsə belə bir məsələ ilə bağlı müracitə etdikdə demişəm uşaq evlərinə müraicət edin, qeydiyyata düşün və qanuni yolla uşaq götürün. Hər şey qanuni yolla həll olunmalıdır.  

- Sığınacağınıza subay xanımlar da gəlir. Həmin subay xanımlardan sığınacaqdan ailə quraraq gedənlər olub?

- Ailə qurmaq bütün qızların arzusudur. Bu təbii bir haldır. Ancaq sığınacaqda bu bir az çətin baş verir. Bunun üçün onlar gərək gəzməyə çıxalar, hardasa görüşlərə gedələr. Sığınacağın isə müəyyən qaydaları var. Əgər kimsə kimləsə münasibət qurmağa çalışırsa, ailə qurmaq istəyirsə valdeynlərin iştirakı mütləqdir. Ailə qurmaq istəyənlərdən qarşı tərəfdən valideynlərinin, qohumların razılığını tələb edirik. Sığınacağımızda ailə quranlar da olub. Rəsmi nikahla ailə qurublar. Üzüklərin də mən almışdım. Ancaq rəsmi nikah və valdeynlərin razılığı olmadan icazə vermirik. 

- Sığınacağınıza sığınan yüngül həyat tərzi keçirmiş qadınlar yenidən normal həyata qayıda biliblər? 

- Ailə dəstəyi olan qadınların reabilitasiyası çox tez baş verir. Bizdə buna dair çox yaxşı nümunələr var. Ailəsi dəstək olub və reabilitasiyanı tez bir zamanda başa vurub, normal həyatına qayıdıb. Ancaq ailə dəstək olmadıqda bu mərhələni biraz çətin keçirlər. Təbii ki, burada qadının özündən də çox şey asılıdır. Reabilitasiya prossesində  özü könüllü və şüurlu şəkildə iştirak etmək istəməyəndə baxırsan ki, əxlaqsızlığı özünə yenidən seçim edənlər də olur.  Biz yüz faiz deyə bilmərik ki, hamı yaxşı reabilitasiya prossesi keçir. Şəxsin özündən asılıdır. Şəxs özü prossesə könüllü və şüurlu şəkildə qoşulmalı, dəstək olmalıdır. Məcburi mümkün deyil. İnsanlar həyat tərzini seçməkdə özləri israrlı olurlar. İnsan alveri elə bir bəladır ki, bu prossesdən qurtulub normal həyata qayıtmaq çox çətin olur. Necə ki, narkoman narkotikadan asılı vəziyyətdə olur. İnsan alveri qurbanı təsəvvür edin bir gündə bir neçə insana xidmət edirsə, artıq seksdən asılı vəziyyətə düşür. Belə həyat yaşamış qadınlara bu bir növ ehtiyac kimi görünür. Ona görə də reabilitasiya prossesində şəxsin məşğuliyyəti, mütəxəssislərlə işləməsi vacibdir. Artıq onun kənar işlərə vaxtı qalmır. Ən əsası ailə dəstəyi olmalıdır.  

Ayşən Ayxan

BAKU.WS

Son xəbərlər