Məhkəmə Ədalət Verdiyevlə bağlı qərar verdi
Şərti olaraq azadlığa buraxılan hərbi ekspert Ədalət Verdiyev bir illik sınaq müddəti ilə şərti məhkum etmənin əlavə cəzadan tam azad edilməyi ilə ləğv olunması və məhkumluğun vaxtından əvvəl götürülməsi barədə apellyasiya şikayəti verib.
BAKU.WS "Unikal"a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hərbi ekspertin şikayətinə baxılaraq qərar qəbul edilib.
Qərara əsasən, Nəsimi Rayon Məhkəməsinin 7 aprel 2025-ci il tarixli hökmü ilə təyin edilmiş bir illik sınaq müddəti ilə şərti məhkum etmə və ona əlavə olaraq da iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər, maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma cəzası dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, 2024-cü ilin noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi əraziləri lentə alaraq sosial şəbəkə hesabı vasitəsilə yaymasına və Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini, eləcə də müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdi.
Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə ona oxunan hökmə əsasən, Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) təqsirli bilinib. O, iki il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər, maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ona təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq bir il sınaq müddəti müəyyən edilməklə, şərti hesab olunub. Ə.Verdiyev məhkəmə zalından azadlığa buraxılıb.
Oxşar xəbərlər
Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarə...