Masazırda torpaq davası: Vətəndaş bələdiyyəni ittiham etdi
Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaş İbad Adıgözəlov iddia edir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ərazidə ona və ailəsinə məxsus 30 sot torpaq sahəsi qanunsuz şəkildə başqasına satılıb.
Onun sözlərinə görə, ailəsi bu torpağı 2006-cı ildə Masazır bələdiyyəsindən rəsmi ödəniş etməklə alıb. Lakin bir müddət sonra əraziyə gəldikdə hasarlarının söküldüyünü və həmin sahədə ona, eləcə də dayısı oğluna məxsus torpaqda təməl işlərinin aparıldığını görüblər.
İbad Adıgözəlov bildirib ki, torpaq sahəsi ilə bağlı sənədlər arxivdən də əldə olunub: "2006-cı ildə bu torpaq sahəsi Masazır bələdiyyəsinin razılığı ilə, dövlət rüsumu ödənilməklə bizə satılıb. Əlimizdə sənədlər də var. İndi isə Elşən adlı bir makler bu əraziyə sahib çıxdığını deyir. Bildirir ki, bələdiyyəyə pul verib bu yeri alıb və ərazi ona məxsusdur. Mən istəyirəm ki, bu məsələ araşdırılsın. Bələdiyyə bizim adımıza olan torpaq sahəsini necə başqa şəxsə sata bilər? Hazırda həmin ərazi bir neçə hissəyə bölünərək digər vətəndaşlara da satılıb".
Torpağa sahib olduğunu bildirən Elşən Nəbiyev isə iddialarla razılaşmayıb. O, əraziyə dair çıxarışının olduğunu deyib: "Torpaq 1992-ci ildən hərraca çıxarılıb. Satılıb, biz də almışıq".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun hüquqi tədbirlər görüləcək.
Oxşar xəbərlər
Sürücülərin NƏZƏRİNƏ: Yeni avtomobil körpüləri inşa olunacaq
M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində magistral avtomobil yolunun...