"İllərdir iynə-dərman gücünə yeriyirəm" - Ağır xəstəlikdən əziyyət çəkən jurnalist
"2005-ci ildə baxdım, yeriyəndə səndərləyirəm. Düz xətt üzərində yeriyə bilmirdim. O vaxtlar çəkilişlərim çox olurdu. Fikirləşdim, yəqin yorğunluqdandı. Kürdəmirdə köhnə poliklinika var. Bir gün onun qarşısından keçəndə oranın nervopatoloqu məni çağırdı yanına, müayinə etdi və dedi, sən get Bakıya, mütəxəssisə görün. Mərkəzi Neftçilər Xəstəxanasında Hikmət Qarayev adında nervopatoloq var, onun yanına gəldim. Müayinə edəndən sonra dedi, Allah eləməsin, mən deyən olsun, amma dağınıq sklerozdan şübhələnirəm. Təəssüf ki, şübhələri təsdiqləndi. 9 kurs müalicə yazdı. 8-ni qəbul etdim, doqquzuncunu etmədim. Maraqlıydı, iynə-dərman hesabına yeriyirəm, ya sağalmışam? Məlum oldu ki, sadəcə iynə-dərman gücünə yeriyirəmmiş”.
BAKU.WS-in məlumatına görə, bunları Lent.az-a 12 ildir dağınıq sklerozdan əziyyət çəkən "Lider" Televiziyasının keçmiş müxbiri Zərbəliyev İlkin Etibar oğlu deyir. O, 1977-ci ildə Kürdəmirdə anadan olub. Hüquq fakültəsini bitirsə də, peşə marağı onu jurnalistikaya gətirib çıxarıb. Hərbi xidmətdə olarkən əsgər yoldaşı yeni televiziyanın açılacağı haqda xəbər verir və o...
-2000-ci ildə Qusarda hərbi xidmətdə idim. ANS-in operatoru Azadla birgə. Azad Bakıya məzuniyyətə getmişdi. Gəldi dedi, İlkin, təzə televiziya açılıb. Adı da "Lider"di. Onda qərargahda Kadrlar Şöbəsinin rəhbərinin yazarı idim. Ürəyimdən belə hiss keçdi ki, bir iş olsa, mən o televiziyada işləyərdim. Elə də oldu. 2000-ci ilin oktyabrın 22-də hərbi xidmətdən tərxis olundum, həmin ilin noyabrın 5-də "Lider"də ilk reportajım efirə getdi.
Bundan sonra İ. Zərbəliyev 14 il "Lider" Televiziyasının "Səda” xəbərlər buraxılışı üçün reportajlar hazırlayıb. Ta ki, 2014-cü ilə qədər.
-Aran rayonları üzrə bölgə müxbiri işləyirdim. Bölgə xəbərlərinə aid reportaj tapşırmışdılar. Hərə bir zonadan reportaj hazırlamalı idi. Artıq xəstəlik özünü biruzə vermişdi, əllərim əsirdi. Əlim əsirdi deyə mikrofon tuta bilmirdim, "petliçka" mikrofon taxırdım. Kürdəmirdə parkın önündə "stand up" edirdim ki, yaxınlıqda bir qara maşın dayandı. Bir neçə dəqiqə gözləyib getdi. Blok efirə gedəndən sonra redaktor zəng elədi ki, İlkin, Ədalət müəllim ("Lider TV və Radio Azərbaycan" MMC-nin prezidenti Ədalət Əliyev) səni işdən azad etdi. Soruşdum, niyə? Dedi, niyəsini bilmirəm. İnanmadım, gəldim Bakıya. İstədim Ədalət müəllimin qəbuluna düşüm, çünki, o həmişə məni diqqət mərkəzində saxlayıb. Xəstəliyim haqda biləndə 2006-cı ildə cibinin puluyla məni Moskvaya, 2009-cu ildə Almaniyaya, 2012-də İrana göndərib. Mühasib zəng etdi mənə ki, İlkin, sənə Ədalət müəllimin sözünü deyirəm, işdən çıxarılmağınla bağlı ağlına pis heç nə gətirmə, Ədalət müəllim dedi, İlkin yorulub, getsin bir az dincəlsin. Mənə də tapşırıb ki, hər ay maaşının 50 faizi maaş kartına köçürüləcək. Sən demə, o gün çəkilişdəki qara maşındakı Ədalət müəllim imiş. Kənardan məni izləyib. Allah ondan razı olsun, çox yaxşı insandı, günü bu günə qədər hər ay maaş kartıma 200 manat pul yüklənir. İndiki zəmanədə kim kimə ayda 200 manat verir? Özü də 1 ay deyil, 2 ay deyil, düz 3 ildi.
TİBBİ ARAYIŞ
Dağınıq skleroz - sinir sisteminin iltihabi xəstəliyi olub , baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və xəstələrin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir.
Dağınıq skleroza ən çox 18-45 yaşlarda rast gəlinir. Xəstəliyin başlanmasından 10 il sonra xəstələrin 30-37%-i yalnız başqasının köməyi ilə hərəkət edir, 50%-i peşəkar işlərini yerinə yetirməkdə çətinlik çəkir, 80%-dən çoxu iş yerlərini dəyişməyə məcbur olurlar.
İlkin bu amansız xəstəliyə 28 yaşında tutulub. Həyatının bahar çağında. 2 il idi ki, ailə qurmuşdu. Yaşadığı bütün çətinliklərə rəğmən bu gün ömür-gün yoldaşı Nurlana xanım onun yanındadır, hər şeydə ona dəstək olur. Yeriyən ayağı, tutan əlidir. Çəkiliş gedən gün də toylarının 14 illiyi tamam olurdu. İlkinin xəstəliyi ilə bağlı o günü bayram edə bilmirlər.
İlkinin öz evi Kürdəmirdədir. Müalicə ilə əlaqədar hazırda Bakıdadır, qayınanasının evində. Nurlananın sözlərinə görə, 2014-cü ildən sonra İlkinin vəziyyəti birdən-birə kəskin ağırlaşıb. O bunu işsizliklə əlaqələndirir.
-Dağınıq skleroz xəstələri gərək daim hərəkət etsinlər. Aktiv hərəkət edən İlkin işdən çıxandan sonra birdən-birə boşluğa düşdü, özünə qapandı, evdən bayıra çıxmadı. Bu, onun özündən asılı deyil. Əksər xəstələr belə olur. Özünə qapanır.
Əslində bizimlə də görüşmək istəməmişdi. Müsahibəni telefonla verməyi təklif etmişdi. Biz israr edincə, razılaşmışdı. Redaksiyadan çıxanda redaktorumuz "İlkin həssas adamdı, ehtiyatlı ol”, - deyə də tapşırmışdı.
İçəri keçən kimi üzünün tüklü olduğuna görə də üzr istəmişdi. Əlləri əsdiyindən üzünü qırxa bilmir.
Danışdıqca əllərini qaldırıb hərəkət etdirmək istəyir, əlləri sözünə baxmayınca, əsəbiləşib kreslonun tutacağına çırpır. Bu, müsahibə əsnasında bir neçə dəfə təkrarlanır. Güclə eşidiləcək qədər asta səslə danışır. Ağır-ağır. Bəzən bir sözü iki dəfə təkrar etmək məcburiyyətində qalır. Yorulubsa, söhbətə ara verə biləcəyimizi deyirəm. Etiraz edir. Söhbətə aldığı müalicələrdən danışaraq davam edir.
-Ədalət müəllim məni Moskva Nevroloji Mərkəzinə göndərmişdi. Bir həftə orda yatdım. "Solomedrol" adlı iynə yazdılar. 5 dənəsini vena daxilinə vurdurdum. Ondan sonra yerişim müəyyən qədər düzəldi. Həkim demişdi ki, hər 6 aydan bir o iynəni vurdurmalıyam. Amma hər dəfə həkim yenidən müayinə edib ona uyğun doza təyin etməli idi. Mənim də elə imkanım yoxuydu ki, hər 6 aydan bir Moskvaya gedib gəlim. Ora da Ədalət müəllimin hesabına getmişdim. İldə bir neçə dəfə vurdururdum. Yeriməyimə çox kömək edirdi. 2009-da dövlət hesabına müalicə almağa Almaniyaya getdim. Allah bütün yaxşılara kömək olsun, o vaxtkı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Ədalət müəllimin dəstəyi ilə. Almaniyanın Hamburq şəhərində həkim eyni diaqnozu qoydu: dağınıq skleroz. Həkim dedi, mən sənə ancaq bir dərman deyə bilərəm, amma bu dərmanın beyində xərçəng yaratma ehtimalı var. Dedim, ay həkim, mən elə biriylə çarpışıram, ikinci xəstəliyi neynəyirəm?! O dərmanı da almadım, qayıtdım Bakıya, Moskvada təyin olunan "Solomedrol" iynəsini alıb vurdurdum.
"Solomedrol" iynəsi ilə 3 ili yola verən İlkinin vəziyyəti 2012-ci ildə bir az da ağırlaşır. Bu dəfə o, şəfa axtarışı ilə İrana üz tutur.
-Ədalət müəllimin köməkliyi ilə Tehrana getdim. Orda da eyni diaqnozu qoydular və "Solomedrol"un əvəzləyicisi kimi başqa iynə - "Kartizon" vurdular. Bir az kömək etdi, yerişim nisbətən düzəldi, əllərimin əsməsi nisbətən azaldı. Bir neçə il də işlədim. Maşın vermişdilər, özüm sürürdüm, çəkilişlərə gedirdim. Hərəkətsizlik xəstəliyin vəziyyətini ağırlaşdırır. İnsan içinə çıxmaq məni sıxmır, amma hər söhbətə qulaq asa bilmirəm. Əsəbiləşirəm. 3 ildi işdən çıxmışam, dalbadal 3 saat televizora baxmamışam. Televizor adama əsəb verir.
Yoldaşı kənardan müdaxilə edir.
-İşləyən vaxtı baxırdı amma. Xəbərləri izləyirdi, məlumatlanırdı.
Dağınıq skleroz xəstəliyinin müalicəsi yoxdu. Ancaq müalicəylə xəstəliyin ağırlaşmasının qarşısını almaq olar ki, gələcəkdə əlil arabasına düşməsin.
Almaniyada yaşayan həmyerlimiz Samir adlı nervopatoloq ildə 3-4 dəfə xəstələrini müayinə etmək üçün Bakıya gəlir. Hazırda İlkin onun təyinatı üzrə Bakıda özəl klinikaların birində fizioterapiya alır.
-Türkiyədən dərman gətizdirmişik. Onu atıb gedirəm fizioterapiyaya. Onu atmasam gedə bilmərəm. Onu qəbul edəndən sonra ayaqlarıma güc gəlir.
Dağınıq skleroz multifaktorial xəstəlik hesab olunur. İndiyədək xəstəliyin yaranmasında səbəb olan hər hansı bir virus aşkarlanmayıb. Xəstəliyin yaranması xarici mühit amilləri və irsi meylliliyin qarşılıqlı təsiri ilə şərtlənir. Ötən il İlkinin qohumunda da bu xəstəlik aşkarlanıb.
- Atamın xalasının nəvəsi də bu xəstəlikdən əziyyət çəkir. İndi 26 yaşı var. O vaxt səhiyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edəndə mən də getmişdim. Azərbaycanda belə xəstəliklərlə bağlı komissiya yaradılıb. Mənim adımı da qeyd etdilər, "Anonex" adlı pulsuz dərman verdilər. Bud nahiyəsinə vurulur. Birincini vurdum, ikincini vurdum, bir də baxdım yataqdan qalxa bilmirəm. Mənə pis təsir etmişdi. İndi heç o dərmanı da vermirlər. Bayaq dediyim qız müraciət edib, deyiblər, yoxdu.
Yorğun olduğu səsindən bilinir. İllərdi gecə yuxusu nədir, bilmir. Deyir, gündəlik cəmi 2-3 saat yatır, ya yatmır. Kiməsə yük olmaq istəmədiyini deyir. Xəstəliyin müalicəsi yoxdur. Lakin müəyyən müalicələrlə xəstəliyin irəliləməsinin qarşısını almaq olar. Bu məqsədlə bəlkə də son ümid kimi Türkiyəyə getməyə hazırlaşır.
-Nurlana daim internetdə araşdırır. Mənə təzə həkim tapıb. Deyir, mənim kimi bir neçə xəstəyə köməyi dəyib. Aksel Siva nevrologiya üzrə professordur. Ona növbəyə yazılmışam. Qismət olsa, avqustun 1-i gedəcəyəm.
Türkiyəyə qardaşı ilə gedəcək. Artıq gediş biletini də alıb. Lakin müayinə, müalicə üçün vəsait çatmır. Söhbətin bu yerinə qədər İlkinə danışmaq daha asan idi, nəinki indi. Hiss edirsən ki, pul adı çəkməkdən çəkinir. Nəsə demək istəyir, deyə bilmir. Sözlər boğazında düyünlənir. Həmişə olduğu kimi bu dəfə də yoldaşı köməyinə çatır.
-Təkcə MRT olunması üçün Türkiyə puluyla 1980 lirə lazımdır. Nə yalan deyim ki, imkanım var. Əlimizdəki pulla gediş biletini almışıq. Amma nə həkimə verməyə, nə müalicə etdirməyə pulumuz yoxdu. Düşündük, bəlkə kimlərsə İlkinə yardım edər. 4-5 min manat pul lazımdır.
İlkinin 2 şeyə ümidi var: xeyirxah insanların yardımına və Türkiyədəki həkimin müalicəsinə. Gəlin, İlkinə ümid olaq.
Yardım etmək istəyənlər üçün İlkinin bank hesabını təqdim edirik:
Alanın bankı: ABB Kürdəmir filialı
Kod: 805 454
VÖİN: 990001881
Müxbir hesab: AZO3NABZ01350100000000002944
S. W. İ. F. T. BIK: IBAZAZ2X
Alan: ZARBALIYEV ILKIN ETIBAR OGLU
Hesab nömrəsi: AZ44IBAZ33801019449004174260
Oxşar xəbərlər
Hansı hallarda orucumuz batil olar və Orucu batil etməyən hallar — SİYAHI
Ramazan ayında orucu batil edən və etməyən hallar var. BAKU.WS "Ölkə.Az"a istinadən bu gün oxucularını bu siyahı ilə tanış edəcək. Qeyri-ixtiyari qusmaq orucu...