Koronavirusun Azərbaycanın ticarət sektoruna təsiri qiymətləndirilir

Koronavirusun Azərbaycanın ticarət sektoruna təsiri qiymətləndirilir
Sosial 108

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dünyada yayılan koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən yerli sahibkarların, xüsusilə də kiçik və orta biznes (KOB) subyektlərinin fəaliyyətinə təsirinin öyrənilməsi məqsədilə KOB-larla görüşlər keçirir, onlar arasında sorğular aparır.

KOBİA-dan BAKU.WS-ə verilən məlumata görə, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov yerli sahibkarlarla görüşü zamanı deyib. Görüşdə ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 30-dan çox sahibkarlıq subyekti iştirak edib.

O. Məmmədovun sözlərinə görə, görüşün məqsədi koronavirus infeksiyasının ictimai-iaşə və ticarət sektoruna təsirlərinin və KOB-ların qarşılaşdıqları problemlərin öyrənilməsi, mümkün təsirlərin minimuma endirilməsi üçün çıxış yollarının müzakirə edilməsi, sahibkarların gözləntilərinin və təkliflərinin öyrənilməsidir.

Görüşdə ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri koronavirus infeksiyası ilə bağlı restoran, mağaza və ticarət mərkəzlərinin xidmətlərindən az istifadə olunmasının biznesə təsir göstərdiyini qeyd edib, yaranan problemdən çıxış yolları müzakirə olunub, sahibkarlar tərəfindən müxtəlif təkliflər səsləndirilib.

Tədbir çərçivəsində koronavirus infeksiyasının biznes fəaliyyətinə təsirinin qiymətləndirilməsinə dair iştirakçı sahibkarlar arasında sorğu da keçirilib. Ümumilikdə isə koronavirusun müvafiq sahəyə təsirinin müəyyənləşdirilməsi üçün KOBİA tərəfindən ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 500-dən çox sahibkarlıq subyekti arasında sorğu aparılıb.

Görüşdə səsləndirilən təkliflər və aparılan sorğunun nəticələri ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunacaq.

Son xəbərlər