Koronavirusdan ölən şəxs necə dəfn olunmalıdır? - RƏY

Koronavirusdan ölən şəxs necə dəfn olunmalıdır? - RƏY
Sosial 1558

“Virusdan dünyasını dəyişən şəxsin yuyulması mümkünsüz olsa, meyit torpaqla təyəmmüm edilir. Əgər heç bir təhlükə yoxdursa, mütləq şəkildə yuyulmalıdır. Bunu da artıq mütəxəssislər müəyyən etməlidirlər”.

BAKU.WS xəbər verir ki, bunu “report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli koronavirusdan ölən şəxslərin dəfn mərasiminin keçirilməsi prosesinə aydınlıq gətirərkən deyib.

QMİ rəsmisi bildirib ki, virusdan ölən şəxsin harada dəfn olunması mütəxəssislərin rəyindən sonra dəqiqləşir:

“Tövsiyə nədirsə, dinimiz də bu nöqteyi-nəzərdən ona əməl etməyi vacib sayır. Dinimizdə qəbiristanlıqda dəfnin xüsusi yerlərdə həyata keçirilməsi ilə bağlı hər hansı göstəriş yoxdur.

Ancaq hansısa bir şəxsin təhlükə baxımından kənar yerdə dəfn olunması barədə qərar verilərsə, onda buna əməl etmək lazımdır”.

Hacı Şahin Həsənli vurğulayıb ki, hər hansı bir virusun başqalarına yoluxma təhlükəsi varsa, dəfn mərasimində məhdud sayda insanlar iştirak etməlidirlər:

“Yas mərasimləri kütləvi şəkildə keçirilməyə də bilər. Qafqaz Müsəlmanları İdarəsi də koronavirus təhlükəsinə görə yas mərasimlərində kütləviliyin məhdudlaşdırılmasını tövsiyə edib”.

Müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla açıqlamasında bildirib ki, koronavirusa yoluxaraq ölən şəxsin dəfni adi qaydada həyata keçirilə bilər:

“İstənilən halda ölən şəxsin həyat fəaliyyəti olmadığından hansısa problem yarana bilməz. Yəni virusun sirkulasiyası imkanları yoxdur.

Selik ifraz olunmur, qan dövranı cərəyan etmir, başqa həyat funksiyaları olmadığından hüceyrələrdə də parçalanma prosesləri gedir və virus da onun içərisində məhv olur”.

Qeyd edək ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü qadın koronavirusdan dünyasını dəyişib.

Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib, onlar karantinə götürülüb.

Ümumiyyətlə, Azərbaycanda koronavirusa yoluxma halı təsdiqlənən şəxslərdən biri ölüb, üç nəfər isə sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 129 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 135 846-ya çatıb. Bunların 70 427 nəfəri sağalıb, 4 990 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər