Koronavirusa yoluxan azərbaycanlı gənc: “Sağaldığım üçün çox xoşbəxtəm” - MÜSAHİBƏ
Bu gün ABŞ koronavirus xəstələrinin sayına görə birinci yerdədir. Xəstəlik ABŞ-ın 50 ştatının hamısına yayılıb.
Yazının yazıldığı ərəfədə ABŞ-da xəstələrin sayı 85749 nəfər göstərilib. Bunlardan 1304 nəfəri ölüb, 1868-i isə sağalıb.
Media.Az ABŞ-da koronavirusa yoluxanların ən çox cəmləşdiyi Nyu-Yorkda (38977) yaşayan azərbaycanlı Tural Məmmədovla danışa bilib. Bu yaxınlarda, o, koronavirusu təsdiqlənənlər arasında idi. Xoşbəxtlikdən, Məmmədov xəstəliyi dəf edə bilib.
“Hər şey normal mövsümi qrip və ya soyuqdəymə kimi bəsit şəkildə başladı: Boğazda ağrı, quru öskürək yarandı, tədricən temperatur yüksəldi. Bununla yanaşı, bədənimdə zəiflik, əzginlik və şiddətli ağrı hiss etdim”, - deyə o bildirib.
T.Məmmədovun sözlərinə görə, xəstələndiyi ərəfədə Nyu-Yorkda yoluxmuş insanların sayında kəskin artım olub, xəstəxanalar yoluxan insanlarla dolub:
“Növbədə dayandım, həkim məni müayinə etdi, boğazımdan yaxma götürdü. Sonra virusun təsdiqləndiyini bildim. Temperaturumu salmaq üçün iynə vuruldu. Orqanizmimin susuzlaşmasının qarşısının alınması üçün müəyyən dərmanlar verildi və “C” vitamini inyeksiya edildi.
Etiraf edim ki, amerikalılar hadisələrin bu gedişatına hazır deyildilər. İlk əvvəllər hətta kifayət qədər testlər belə yox idi və yalnız ən ağır xəstələr xəstəxanaya yerləşdirilirdi”.
T.Məmmədov bildirib ki, ona sadəcə respirator-maska verilib, özünütəcrid tövsiyə edilərək, müalicə üçün evə göndərilib:
“Təsəvvür edin, mən bu virusa yoluxan iki filippinli ilə kirayədə qalırdım. Bizə qayğı göstərən, yemək verən yox idi. Biz, ümumiyyətlə ərzaqsız qalmışdıq. Heç kimə yoluxdurmamaq üçün isə ən azı iki həftə özünütəcrid lazımdır. Axı biz nə isə yeməli, nə formadasa müalicə almalı idik. İlk həftə bir dostumuz qapımızda yemək qoyurdu. İkinci həftədə isə maska və əlcək taxaraq özümüz evdən çıxmalı olduq. Ümumilikdə, bir həftə ərzində temperaturum 37.5 - 38.0 dərəcə oldu. İkinci həftə vəziyyət nisbətən düzəlir, artıq temperatur 37 dərəcədən yuxarı qalxmır: ancaq boğaz ağrısı və quru öskürək davam edir”.
Bu müddətdə T.Məmmədov daim zəncəfilli çay içib, “C” və “B” vitaminləri qəbul edib.
“Etiraf edim ki, mən heç vaxt belə ağrı hiss etməmişəm. Elə bil ki, bədənin bütün suyu çəkilir. Boğazda sanki şüşə qırıntıları olur, yaxud iynə batırırlar. Bədən çox ağrıyır. Ancaq əsas ilk həftəyə tab gətirməkdir, sonra vəziyyət yaxşılaşmağa doğru gedir. İndi yenidən yoluxmamaq üçün çox məcbur qalmadıqca evimi tərk etməməyə çalışıram. Deyilənə görə, ikinci dəfə yoluxma halları olub. Bu baş verərsə, yenidən necə tab gətirəcəyimi bilmirəm. Nyu-Yorkda virusa yoluxanlara yardım edənlər çatışmır, heç bir nəzarətin olmaması məni kədərləndirir... Dostlarımdan biri öldü. Həkimlər ona mənzildə özünütəcrid tövsiyə etmişdilər və sonra məlum oldu ki, elə orada dünyasını dəyişib”.
T.Məmmədovun sözlərinə görə, ABŞ-da tibb işçiləri virusun yayın sonuna qədər yayılacağını proqnozlaşdırırlar: “Həqiqi rəqəmlər gizlədilir, testlər, həmçinin xəstəxanalardakı yerlər kifayət etmir. Buna görə insanlara öz mənzillərində təcrid olunmaları tövsiyə edilir. Nyu-Yorkda insanların sayının çox olması vəziyyəti daha da pisləşdirir. Şəhər sözün həqiqi mənasında dolub-daşır”.
T.Məmmədov bildirib ki, indi ölkədə demək olar ki, hər yer bağlıdır. Yalnız böyük marketlər və apteklər işləyir: “Çoxları işlərini itirib və dolanışıq üçün heç bir gəlir yerləri yoxdur”.
Müsahibimin sözlərinə görə, əvvəlcə xəstələndiyi barədə kədərli xəbərlə qohumlarını qorxutmayıb:
“Anamın narahat olmasını istəmirdim. Ancaq sağalma mərhələsində ona söylədim. Bundan sonra, demək olar ki, hər saat mənə zəng etdi. Baş verənlərin fonunda sağalmağımdan ancaq xoşbəxt ola bilərəm”.
“Sağlamlığınızın qayğısına qalın və immunitetinizi möhkəmləndirin, indi bu hər zaman olduğundan daha vacibdir”, - deyə Məmmədov sözlərini yekunlaşdırıb.
oxu.az
Oxşar xəbərlər
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət - CƏDVƏL
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Çinin Uhan şəhərində yaranan və sürətlə dünyaya yayılan koronavirus epidemiyasına 150-dən çox ölkədə rast gəli...