Koronavirus vaksini vurulduqdan sonra nə problemlər yaranır? - RƏSMİ CAVAB

Koronavirus vaksini vurulduqdan sonra nə problemlər yaranır? - RƏSMİ CAVAB
Sosial 217

Səhiyyə Nazirliyi son günlər sosial şəbəkələrdə peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi, vaksinasiyanın gələcəkdə sonsuzluğa səbəb olacağı barədə səsləndirilən iddialara münasibət bildirib.

BAKU.WS xəbər verir ki, nazirliyin baş infeksionisti Təyyar Eyvazov dövlətin uğuruna kölgə salmaq istəyənlərin olduğundan təəssüfləndiyini qeyd edib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi, vaksinasiyanın gələcəkdə sonsuzluğa səbəb olacağı barədə heç bir elmi əsası olmayan və həqiqəti əks etdirməyən məlumatlar yayılır:

“Bu cür yoxlanılmayan şayiələr tirajlanaraq insanlarda çaşqınlıq yaradır. Nəzərinizə çatdırmaq istərdik ki, Səhiyyə Nazirliyinə indiyədək vaksin olunmuş insanlarda bu tip qeyri-adi ağırlaşmalar barədə heç bir məlumat daxil olmayıb.

Bir daha əhalinin nəzərinə çatdırırıq ki, peyvənddən sonra hər hansı bir güclü reaksiya baş verərsə, bu haqda mütləq qaydada müvafiq tibb qurumlarına müraciət etsinlər”.

“Artıq 400 mindən çox vətəndaşımız peyvənd olunub və hər gün vaksin olunmaq üçün minlərlə insan könülü olaraq müvafiq tibb idarələrinə müraciət edir. Sevindirici haldır ki, peyvənd olunanların sayı bir il ərzində bu infeksiya ilə xəstələnənlərin rəsmi statistik göstəricilərini üstələyib.

Bu, o deməkdir ki, yaxın gələcəkdə bu qədər insan infeksiyaya yoluxmayacaq və hətta az sayda yoluxmalar olsa belə onlar arasında ölüm halları baş verməyəcək.

Ümid edirəm ki, tezliklə peyvəndlənmənin müsbət effektini hər birimiz öz həyatımızda hiss edəcəyik. Şayiələrə deyil, elmi faktlara əsaslanaraq peyvənd kampaniyasında könüllü iştirak edək, bu infeksiyaya qalib gələk və normal həyatımıza qayıdaq”, – deyə mütəxəssis əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər