KOBİA: Bu il 220 biznes planın hazırlanması üçün sahibkarlara dəstək göstərilib

KOBİA: Bu il 220 biznes planın hazırlanması üçün sahibkarlara dəstək göstərilib
Sosial 12

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 220 biznes plan hazırlanaraq sahibkarlara və biznesə başlamaq istəyən şəxslərə təqdim edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu biznes planlar Bakı şəhəri və ölkə regionlarında istehsal və xidmət sahələrində yeni biznesin qurulması və ya mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsini nəzərdə tutur.

Biznes planların əksəriyyəti Bakı iqtisadi rayonunu əhatə edir. Növbəti yerlərdə isə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ və digər iqtisadi rayonlar dayanır. Biznes planlardan 73-ü qadın sahibkarlar üçün hazırlanıb. Ümumilikdə isə indiyədək KOBİA sahibkarlar üçün 1 555 biznes planın hazırlanmasına dəstək göstərib.

Qeyd edək ki, KOBİA tərəfindən biznes planın hazırlanmasına ödənişsiz dəstək göstərilir. Bu iş Agentliyin Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən KOB inkişafı mərkəzləri (KOBİM) tərəfindən həyata keçirilir. Belə ki, KOBİM-lər tərəfindən öz biznes planını hazırlamaq istəyən sahibkarlara və biznesə başlayan şəxslərə biznes planın hazırlanması istiqaməti üzrə təlimlər keçirilir və məsləhət xidmətləri göstərilir. Həmçinin, KOBİM-lərin mütəxəssisləri tərəfindən biznes planın hazırlanmasına dəstək təmin olunur. Sahibkarlar və biznesə başlamaq istəyən şəxslər biznes planın hazırlanmasına dəstək üçün KOBİA-ya ([email protected] və ya https://smb.gov.az/az/contact-form/aze-citizen linki üzərindən) müraciət edə bilərlər.

Son xəbərlər