Karantindən sonra insanlar stresdən necə çıxmalıdırlar? - Bunları etmək lazımdır
Beynəlxalq alimlər qrupu karantinin insanların ruhi sağlamlığına təsirlərini izah edib. Bu istiqamətdə aparılan tədqiqatın nəticələri Psixiatriya Tədqiqatı elmi jurnalında dərc edilib.
Tədqiqatın ilkin nəticələri göstərib ki, COVID-19-un ən çox yayıldığı ərazilərdə yaşayan sakinlər xüsusilə psixoloji problemlərdən gileylənib. Onlar bildiriblər ki, karantin müddətində fiziki və ruhi sağlamlıq səviyyələri aşağı düşüb. Nəticə etibarilə həyatdan məmnunluq göstəriciləri də ürəkaçan olmayıb.
Məlumatlar mütəxəssislər tərəfindən Çinin karantin rejimində olan 64 bölgəsində aparılan sorğu əsasında toplanıb.
Rəyi soruşulanların dörddə birindən çoxu karantin dövründə ofisdən, 38 faizi evdən işlədiyini, 25 faizi isə məzuniyyətə göndərildiyini deyib.
Azərbaycanda da sərt karantin dövründə insanların psixoloji durumu bir qədər gərginləşib. Mütəxəssislərin fikrincə, karantin dövründə psixologiyasına mənfi təsir edib.
Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova BAKU.WS-ə açıqlamasında bildirib ki, istər-istəməz iqtisadi durum dəyişib deyə, bu da öz mənfi təsirini göstərib. Həkim stresdən çıxmağın sadə yollarını açıqlayıb:
“Ev şəraiti, müəyyən qədər az təmiz hava qəbul etmək və s. insan psixologiyasını korlayıb. Artıq sərt karantin rejimi yumşaldılıb. Stresdən çıxmağın bəzi yüngül formaları var. Düzgün istirahət, rejim, idman, gəzinti həyatımız üçün vacib amillərdəndir. Qeyri-sağlam həyat tərzindən insan stresə düşür. Qeyri-sağlam həyat tərzinə həddindən çox işləmək, passiv həyat tərzi, oturaqlı iş, oturaqlı həyat rejimi, əsəb, stres, həddən artıq həyəcan daxildir.
Fiziki və mənəvi həyatın tənzimlənməsi, sağlam qida, sağlam ruh və sağlam fiziki bədən insan üçün ən vacib amillərdəndir.
Ən azı havada bir saat gəzintidə olmalıyıq. Bunu həyatımıza tətbiq edə bilərik. Müəyyən qədər sevdiyimiz hobbilərlə məşğul olarıqsa, kimin üçün kitab oxumaq, filmə baxmaq, musiqi dinləmək, rəqs etmək və s.”, - deyə ekspert bildirib.
İlahə Dadaşova deyir ki, karantin dövründə insanlar hobbilərindən kənar qalıblar. Bunun da insan psixikasına mənfi təsirləri var:
“Lakin indi yavaş-yavaş hobbilərimizlə məşğul ola bilərik. Normal iş fəaliyyətimizə qayıda bilərik. Normal iş qrafiki insanı stresdən qoruyur və karantinin verdiyi mənfi təsirləri unutduracaq”.
Azərbaycan Tibb Universitetinin dossenti, psixoterapevt Manuçehri Laleri Araz BAKU.WS-ə açıqlamasında bildirib ki, insanları bu bəladan qurtarmağın ən sadə yolu peyvəndlərin aparılmasıdır.
“Nə qədər tez vaksinasiya prosesi olarsa, insanlar bir o qədər tez virus təhlükəsindən azad olacaqlar. Onlar həm fiziki, həm də psixoloji baxımdan bu təhlükədən uzaq olacaqlar. İnsanlar qorxmayacaqlar ki, xəstələnəcəklər.
Bu stresdən azad olacaqlar. Mağazalar, dükanlar, restoranlar açılacaq. İnsanlar gəzəcəklər, fikirləri dağılacaq, ünsiyyət quracaqlar.
İşlə bağlı stresdə olanlar işsizlik problemindən azad olacaqlar. Uşaqlar məktəbə gedəcəklər. Bekar valideynlərin məşğuliyyəti olacaq. Qonaqlıqlar olacaq, tədbirlər, şənliklər olacaq. İnsanların fikri və stresi dağılacaq”, - deyə həkim bildirib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...