İcbari sığortadan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR

İcbari sığortadan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR
Sosial 233

Miqren ən geniş yayılmış nevroloji xəstəliklərdən biridir və təkrarlanan şiddətli baş ağrısı tutmaları ilə xarakterizə olunur. Bu ağrı çox zaman pasiyentin gündəlik həyat fəaliyyətini məhdudlaşdırır, iş qabiliyyətini aşağı salır və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. Miqrenin vaxtında müəyyən olunması və düzgün müalicəsi pasiyentin həyat keyfiyyətinin yaxşılaşması baxımından olduqca vacibdir.

BAKU.WS xəbər verir ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə miqren xəstəliyinin diaqnostika və müalicəsi üzrə bir sıra tibbi xidmətlər qarşılanır. Bu xidmətlər sayəsində miqrenin dəqiq diaqnozunun qoyulması, xəstəliyin gedişatının izlənilməsi və fərdi müalicə planının hazırlanması mümkün olur.

Miqrenin diaqnozu klinik qiymətləndirmə (nevroloji müayinə) və zəruri instrumental-diaqnostik metodların tətbiqi ilə qoyulur. Xəstəliyin səbəbini dəqiq müəyyənləşdirmək və digər nevroloji pozuntuları istisna etmək məqsədilə icbari tibbi sığorta hesabına maqnit-rezonans tomoqrafiya (MRT) və elektroensefaloqrafiya (EEQ) müayinələri aparılır. MRT müayinəsi beynin detallı təsvirini əldə etməyə, baş ağrılarının digər mümkün səbəblərini (beyin şişi, insult və s.) vaxtında aşkar etməyə imkan verir. EEQ müayinəsi isə beynin elektrik aktivliyini qeydə almaqla, miqren tutmalarının epilepsiya kimi oxşar klinik əlamətlər verə bilən digər hallardan fərqləndirilməsinə xidmət edir.

Sözügedən müayinələr miqrenə xas şikayətlərin məhz bu xəstəliklə əlaqəli olduğunu təsdiqləməyə şərait yaradır. Belə ki, miqren tutmaları zamanı yaranan güclü, adətən başın bir tərəfində lokalizə olunan pulsasiyaedici (nəbzvari) baş ağrısı, ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslıq kimi əlamətlərin səbəbi müasir diaqnostik vasitələrin köməyi ilə dəqiq qiymətləndirilə bilir. Nəticədə həkim-nevroloq pasiyent üçün effektiv müalicə metodunu müəyyən edir və miqren tutmalarının tezliyi ilə şiddətinin azalmasına nail olunur.

Həmçinin, tibbi göstərişə əsasən miqren xəstəliyinin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Vətəndaşlar sözügedən xidmətlərdən yararlanmaq üçün ilk növbədə ailə həkiminə və ya ixtisaslı həkimə (həkim-nevroloqa) müraciət etməlidirlər. Qeyd olunan xidmətlər – həkim-nevroloq konsultasiyası, MRT və EEQ kimi instrumental-diaqnostik müayinələr, eləcə də stasionar müalicə dövründə pasiyentin dərman preparatları ilə təminatı – tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Məlumat üçün qeyd edək ki, miqren tutmalarının başlamasına müxtəlif daxili və xarici amillər səbəb ola bilər. Ən çox rast gəlinən qıcıqlandırıcı faktorlar sırasında güclü stres, yuxu rejiminin pozulması və ya yuxusuzluq, hormonal dəyişikliklər (xüsusilə qadınlarda menstrual dövr ərəfəsi), parlaq işıq və ya güclü səsə məruz qalma, habelə bəzi qida məhsullarının (məsələn, şokolad, kofeinli içkilər və s.) qəbulu dayanır. Risk faktorlarından yayınmaq və düzgün müalicə sayəsində miqren xəstəliyinə nəzarət etmək və normal həyat fəaliyyətini bərpa etmək mümkündür

Son xəbərlər