Hərbi xidmətə çağırış qaydaları DƏYİŞƏ BİLƏR - Təhsilə yönələn oğlanları nə gözləyir? - DETALLAR

Hərbi xidmətə çağırış qaydaları DƏYİŞƏ BİLƏR - Təhsilə yönələn oğlanları nə gözləyir? - DETALLAR
Sosial 685

Azərbaycanda təhsili davam etdirmək üçün hərbi xidmətə çağırışa möhlət verilməsi qaydası dəyişə bilər. Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişikliklər edilməsi təklif olunub.

Qanun qəbul ediləcəyi təqdirdə təhsil alanın hərbi xidmətə çağırış üçün möhlət yaşı təhsilin pilləsi və s. səbəblərə görə dəyişəcək.

Bəs görəsən yeni təklif edilən qanun təhsil alan gələcəyin əsgərlərinə nə vəd edir?

BAKU.WS məsələnin detallarını aydınlaşdırmaq məqsədilə təhsil eksperti Kamran Əsədovla əlaqə saxladı.

Ekspertin sözlərinə görə, Azərbaycanda "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif olunan dəyişikliklər təhsil alan gənclərin hərbi xidmətə çağırış müddətləri ilə bağlı möhlət hüquqlarını müəyyənləşdirmək məqsədi daşıyır. Mövcud qanunvericiliyə görə, əyani təhsil formasında bakalavr, magistratura, doktorantura və digər təhsil pillələrində təhsil alan tələbələrə təhsillərini bitirənədək hərbi xidmətə çağırışdan möhlət hüququ verilir. Lakin yeni dəyişikliklər bu möhlət hüquqlarını yaş məhdudiyyəti ilə əlaqələndirir və müəyyən qaydalar tətbiq edir.

Kollecə qəbul olanların möhlət hüququ

"Təklif olunan dəyişikliklərə əsasən, üç təhsil pilləsi üzrə möhlət hüququ üçün yeni yaş hədləri müəyyən edilir. Kolleclərdə təhsil alan və bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış şəxslər 21 yaşına qədər hərbi xidmətə çağırılmayacaqlar. Bu isə hazırkı qanunvericilikdə nəzərdə tutulmuş 22 yaş məhdudiyyətindən bir yaş daha erkən möhlət hüququnun bitməsi deməkdir", - mütəxəssis vurğulayıb.

Bakalavriat pilləsində təhsil alanların möhlət hüququ

Bakalavriat pilləsində təhsil alanlara isə təhsillərini bitirənədək, lakin 24 yaşdan çox olmamaq şərti ilə möhlət hüququ veriləcək. Hazırkı qanunvericilikdə bakalavr pilləsi üçün yaş məhdudiyyəti yoxdur.

Magistratura pilləsində təhsil alanların möhlət hüququ

Magistratura pilləsində təhsil alanlara isə təhsillərini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla möhlət hüququ nəzərdə tutulur. Hazırkı qanunvericilikdə magistratura təhsili üçün də yaş məhdudiyyəti mövcud deyil.

Möhlət hüququnun yalnız bir dəfə verilməsi

Kamran Əsədov deyir ki, möhlət hüququnun yalnız bir dəfə verilməsi təhsil sistemində sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır:

"Bu dəyişiklik, xüsusilə bir təhsil pilləsində iki dəfə möhlət hüququndan istifadə edənlərin sayını azaltmaq və hərbi xidmət prosesini daha şəffaf hala gətirmək üçün nəzərdə tutulub. Dəyişikliklər tələbələrin və ailələrin təhsilə yanaşmasında müəyyən dəyişikliklərə səbəb ola bilər. Məsələn, 24 yaş məhdudiyyəti bakalavr təhsilində gecikmələri olan tələbələr üçün problem yarada bilər. Bu yaşda hələ təhsilini bitirməmiş tələbələr hərbi xidmətə çağırılacaq və təhsillərini yarımçıq qoymaq məcburiyyətində qala biləcəklər. Magistratura pilləsində isə 26 yaş məhdudiyyəti tələbələr üçün müəyyən çətinliklər yarada bilər, çünki bəzi hallarda magistratura təhsili, xüsusilə elmi tədqiqatlarla bağlı proqramlarda daha uzun müddət tələb edə bilər".

Xarici universitetlərdə təhsil alan tələbələrin möhlət hüququ

Kamran Əsədov təklif edilən yeni qanunun xarici ölkələrdə təhsil alan tələbələrə təsirindən də bəhs edib:

"Xarici universitetlərdə təhsil alan tələbələr də yalnız bir dəfə möhlət hüququndan istifadə edə biləcəklər. Bu isə onların təhsil proqramlarını daha səmərəli planlaşdırmasını tələb edəcək. Xaricdə təhsil alan tələbələrin yaş məhdudiyyətlərinə uyğunlaşması çətin ola bilər, çünki bəzi ölkələrdə təhsil sistemləri daha uzun müddətli proqramlar tələb edir".

Banu Hüseynli

Son xəbərlər