Hazırkı məktəbli geyimlərinin aqibəti məlum oldu

Hazırkı məktəbli geyimlərinin aqibəti məlum oldu
Foto
Sosial 696

Ötən aydan Təhsil Nazirliyində 2020-2021-ci tədris ilindən etibarən dövlət ümumtəhsil məktəblərində şagirdlərin geyinəcəkləri yeni formaların təsvirlərinin müəyyən edilməsi üçün ictimai rəyin öyrənilməsinə başlanılıb.

BAKU.WS xəbər verir ki, nazirliyin təklif etdiyi geyim formalarının elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;

- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;

- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq qəhvəyi.

Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək.

İctimaiyyəti maraqlandıran məsələlərdən biri hazırda istifadə olunan məktəbli formalarının aqibətinin necə olacağıdır.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, əgər hazırda istifadə edilən formalar yeni standarta uyğundursa, növbəti tədris ilində onlardan istifadə edilə bilər:

“Ola bilər ki, hansısa məktəblərin pedoqoji şurası yeni təklif edilən formaların rəngini hazırkına uyğun seçə bilər. O zaman indiki formalardan istifadə edilə bilər.

Bu qərar yalnız dövlət ümumtəhsil məktəblərinə aid edilir. Bu məsələdə Təhsil Nazirliyinin əsas rolu ümumi standartları müəyyən etməkdən ibarətdir. Məktəbli formasının necə olması isə pedoqoji şuranın çıxardığı qərara əsasən müəyyənləşir. Məktəbli formasının hazırlanması isə təhsil müəssisəsinin hansısa şirkətə sifarişi əsasında baş tutur. Bu məsələdə Təhsil Nazirliyinin rolu yoxdur”.

C.Valehov sözlərinə əlavə edib ki, ictimai rəy öyrənildikdən sonra məktəbli formaları ilə bağlı yekun qərar açıqlanacaq.

Başqa bir narahatlıq isə məktəbli formalarının keyfiyyəti və qiyməti ilə bağlıdır ki, hələlik bu işlə hansı tikiş evlərinin məşğul olacağı bilinmir.

Oxşar xəbərlər

Son xəbərlər