Güzəştli mənzil seçimində şübhəli məqam - “Qismət məsələsidir...”
25
yan
2019
16:09
Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışı prosesinə başlanılıb və mənzillərin seçimi təşkil edilib. Agentliyin yaydığı məlumatda bildirilir ki, bugünkü satış zamanı 174 mənzilin seçimində iştirak edənlərin sayı 5909 nəfər olub, artıq seçilmiş 174 mənzilin 160-ı vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib. Ancaq BakuPost Bərdədən olan bir müəllimin mənzil seçimi prosesini müşahidə edib və Agentliyin seçim prosesində müəyyən çatışmazlığın olduğunu üzə çıxarıb. Yenə də Agentliyin nəticəsi sonradan ləğv edilmiş ilk mənzil seçimində olduğu kimi şübhəli proses yaşanıb.BAKU.WS xəbər verir ki, bakupost müşahidələri ilə əlaqədar Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yeni mətbuat xidmətinin rəhbəri Diana Dadaşovaya suallarını ünvanlayıb...- BakuPostun mənzil seçimini müşahidə etdiyi müəllim bir neçə saniyə ərzində səhifəyə daxil olsa da, son mərhələdə mənzil seçimi edə bilmədi. Konkret, 7 saylı binadan mənzil seçmək istəsə də, yarım saatdan artıq müddətdə binaya "daxil olmaq” və mənzil seçmək mümkün olmadı. Yarım saatdan sonra sistemdən çıxıb daxil olanda yenə eyni hal təkrarlandı. Yalnız 3-cü cəhddə 7-ci binaya "daxil olduqda” bütün mənzillərin seçildiyi məlum oldu...- Mübarizə 174 mənzil uğrunda gedib. Burada kompüter, internet vacibdir. Bu, hər şeydən əvvəl bir qismət məsələsidir. Biz kifayət qədər adamlar tanıyırıq ki, onlar hansısa qurumda İKT mütəxəssisidir, mənzil seçə bilməyiblər. Amma sadə insanlar sosial şəbəkələrdə şərhlərdə yazıblar ki, sistemə daxil olub, mənzil seçə biliblər. Burada başqa amil axtarmaq düzgün deyil. Bu dəfə 174 mənzil uğrunda 5909 insan mübarizə aparıb. Əlbəttə, 174 nəfər 174 mənzili seçibsə, yerdə qalan 5 mindən çox insan fikirləşəcək ki, mənzil seçə bilməyib. İnşaallah, həmin müəllim növbəti satışlarda mənzil seçə bilər. Kifayət qədər insan var ki, indi bizə yazırlar ki, birinci dəfə mənzil seçə bilməmişdi, bu dəfə seçə bildi, təşəkkür edir. O müəllim inşallah, növbəti satışlarda mənzil seçər, mənzil alar, bilər ki, hər şey qaydasındadır. Düzdür, internetin sürəti, insanın bacarığı önəmlidir, amma qismət də var. - Məsələnin sadəcə, texniki tərəfi maraq doğurur. Niyə 7-ci binanın üzərinə gəlib mausu basanda açılmadı? Əgər açılsaydı, 7-ci binada mənzillərin hamısının artıq seçildiyini görsəydi, bu, anlaşılan idi. - Yəqin ki, internet zəif olub. - Həmin internet klubda sürət 50 Mbit/s idi. Öncədən gözümüzün qarşısında internetin sürəti yoxlandı. - İndi mən sizə necə sübut edim ki, 50 Mbit/s yox, lap 100 Mbit/s girmək lazımdır ki, belə olsun. Elə insan var ki, 20 Mbit/s ilə daxil olur, səhifə daha tez açılır. O halda həmin insan 20-30 Mbit/s ilə internetə daxil olan adamdan soruşsun ki, mənzili necə seçib. "Facebook”da o qədər bizə yazan var ki, mənzil seçimi etmişik. Artıq insanlar bir-biri ilə yazışır. Mənzil seçənlər yazır ki, 10 saniyə çəkmədi, mənzili seçdim. Siz artıq bizdən yox, vətəndaşlardan soruşun.- Əgər həmin müəllim 7-ci binaya daxil olub, görsəydi ki, bütün mənzillər seçilib, məsələ aydın olardı ki, gecikdi. Bu məqam qaranlıq qalır. - İnterneti zəif olub ki, aça bilməyib. Gərək, internetin sürəti yüksək olsun ki, yükləmə da tez olsun. Siz onu yükləyənə qədər başqa bir vətəndaş onu seçir. - Həmin dəqiqə 7-ci binanı bütün götürür? - Bütün binanı deyil. Nəzərə alın ki, sizin kimi eyni vaxtda ora minlərlə insan daxil olur. Tək siz deyilsiniz ki?! Sizinlə bərbər o sistemə 5 min insan girir, kimin qismətidir, o da alır. - O müəllim 7-ci binaya seçim üçün daxil olsaydı və bütün mənzillərin artıq seçildiyini görsəydi, bu, başa düşülən idi. - Mən sizə izah etdim. Başqa sualınız yoxdursa, sağ olun....BAKU.WS
Oxşar xəbərlər
"Güzəştli mənzil" almaq istəyənlərin NƏZƏRİNƏ
"Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə 12 yanvar 2019-cu il tarixində saat 15:00-dan saat 15:30-dək sistemin sınaq mühitində...