Güclü yağışlar bu yay meyvə və tərəvəzin qiymətinə necə təsir edəcək? - VACİB AÇIQLAMA

Güclü yağışlar bu yay meyvə və tərəvəzin qiymətinə necə təsir edəcək? - VACİB AÇIQLAMA
Açıqlama
Sosial 16

Son günlər müşahidə olunan güclü yağışlar, sel və daşqınların bu yay meyvə-tərəvəz bazarında qiymət artımına səbəb olacağı proqnozlaşdırılır. Xüsusilə yazın sonu və yayın əvvəllərində yağıntının normadan artıq olması açıq sahədə yetişdirilən məhsullara ciddi təsir göstərir.

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, aprelin sonu və may aylarında intensiv yağıntılar tez yetişən və istixana şəraitində deyil, açıq ərazilərdə becərilən məhsullar üçün böyük risk yaradır:

"Güclü yağışlar və sel suları bir sıra meyvə və tərəvəz növlərinin məhsuldarlığını azalda bilər. Ən çox zərər görə biləcək məhsullar sırasında alça, ərik, gilas kimi meyvələr, həmçinin pomidor, xiyar, bibər və badımcan kimi tərəvəzlər yer alır. Kartof və soğan istehsalında da müəyyən problemlərin yaranacağı istisna edilmir. Davamlı yağışlar və günəşli havanın az olması bitkilərin çiçəklənməsini zəiflədir, eyni zamanda rütubət səbəbindən müxtəlif xəstəliklərin yayılmasına şərait yaradır.

Sel və daşqınlar yalnız məhsula deyil, logistika prosesinə də təsir edir. Kənd təsərrüfatı sahələrinin su altında qalması, yolların zədələnməsi və rayonlardan bazarlara məhsul daşınmasında yaranan çətinliklər maya dəyərini artırır. Bu isə nəticədə bazarda qiymətlərin yüksəlməsinə səbəb olur.

Bununla belə, bol yağıntı bütün məhsullar üçün mənfi amil hesab edilmir. Xüsusilə taxıl və düyü kimi daha çox su tələb edən məhsullar üçün yağışlar müəyyən qədər faydalı ola bilər. Su ehtiyacı yüksək olan bitkilərdə məhsuldarlığın və keyfiyyətin artması ehtimalı da var".

AQC sədri hesab edir ki, hazırda bazara çıxan bəzi meyvə və tərəvəzlərin baha olmasının səbəblərindən biri də onların "nübar məhsul" olmasıdır: "Mövsümün ilk məhsulları bazara məhdud miqdarda çıxdığı üçün qiymətlər ənənəvi olaraq yüksək olur. Məhsul bolluğu artdıqca isə qiymətlər müəyyən qədər sabitləşir.

Buna baxmayaraq, ümumi bahalaşma fonunda bu yay meyvə və tərəvəz bazarında qiymətlərin ötən illə müqayisədə daha yüksək olacağı gözlənilir. Hava şəraiti ilə yanaşı, bazarda artan tələb də qiymətlərə təsir edən əsas amillərdən biri hesab olunur. Xüsusilə Azərbaycanda gündəlik istifadə olunan kənd təsərrüfatı məhsullarına tələbatın yüksəlməsi qiymət artımını daha da sürətləndirə bilər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər