Gözdən əlillər üçün tikilən mənzilləri 6 milyon manata satan şəxsin məhkəməsi keçirilib
Bakı Ağır Cinayətlər məhkəməsində dələduzluqda təqsirləndirilən Məzahir Nəsibovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vüsal Ağayev bu iş üzrə 9-10 nəfər saxlanılmalı olduğunu qeyd edib. Təkcə bir nəfər deyil.
26 saylı Mənzil İstismar İdarəsinin rəisi Natiq Məmmədov bizə yaxınlaşıb dedi ki, aztəminatlı ailələrə ev tikilir. Bildirildi ki, bu mənzildə sizə də ev verilə bilər. 2 mərtəbəsi gözdən əlillərə, 10 mərtəbəsi isə aztəminatlı ailələrə veriləcək. Bizə dedi ki, bundan ötrü Nərimanov rayonunda yataqxanaya qeydiyyata düşmək lazımdı. Qeydiyyata düşəndən sonra dedilər ki, Nərimanov rayon İcra Hakimiyyətin Yoməddin adlı şəxslə görüşmək lazımdır. Məzahir Yoməddinə zəng vurdu, dedi ki, ev istəyənlər var. Yoməddin də dedi ki, bəli, belə bir mənzil tikilir.
Məzahirlə ikimiz notariusa getdik, orada borc müqaviləsi bağladıq. Məzahirə 80 min manat verdim. Məzahir mənə özünü Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim etmişdi. Sonradan da 5 min manat verdim. Məzahir dedi ki, 80 min manat evin pulunu, 5 min manat isə Natiq Məmmədova verilməlidir ki, ev növbəsi ilə bağlı sərəncam alınsın.
Sonra da dedilər ki, Məzahir ölkədən qaçıb. Gəldim icra hakimiyyətinə, dedilər ki, Məzahir icra hakimiyyətində işləmir".
Zərərçəkmiş bildirib ki, hadisədən sonra o, Natiq Məmmədovla əlaqə saxlayıb:
"Natiq dedi ki, Məzahir Nəsibov ölkədən qaçıb, şikayət olmasın, sizə ev verəcəyik. Bir müddətdən sonra o da telefonu açmadı. Hazırda Rövşən adlı vəkil zərərçəkmişlərlə görüşür, bizə dəymiş ziyanı ödəyir".
Təqsirləndirilən şəxs bildirib ki, cinayət işi yenidən ibtidai istintaqa qaytarılmalıdır:
"İş yenidən araşdırılmalı, ibtidai istintaqa qaytarılmalıdır. Çünki iş düzgün aparılmayıb. Məzahir bu işdə qurbanlıq qoyundur. Məzahirin hər bir şəraiti var idi, ona nə sərf edirdi, başını bəlaya salsın. Məzahir içəridə oturub, çöldə onun adından pul paylayırlar".
Zərərçəkmiş Muğan Nəsirov bildirib ki, ev alqı-satqısı ilə məşğul olub: "Qohumum ev istəyirdi. Həmin binada ev satıldığını eşitdim və qohumuma dedim. Qohum razılaşdı. Sonra məni Məzahirlə tanış elədilər, dedilər ki, icra hakimiyyətində işləyir. Biz də razılaşdıq, qohumum pulu verdi Məzahirə. Sonra Məzahir qohumumu pasport qeydiyyatına saldı. Sonra 5 min verdik, ev növbəsinə götürülməsi üçün Nərimanov rayon İcra Hakimiyyəti sərəncam verdi. Sonra mən özüm üçün də xahiş elədim. 5 min manat verdim, mən də sərəncam aldım. Sonradan dedilər ki, Məzahir qaçıb ölkədən".
Zərərçəkmiş deyib ki, hazırda dəymiş ziyan ödənilib.
Baş prokurorluğun məlumatına görə, Nəsibov Məzahir Dursun oğlunun qanunsuz əməlləri ilə əlaqədar aparılmış istintaq tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə Məzahir Nəsibovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilən hündürmərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün nəzərdə tutulduğunu bildirib, vətəndaşları binanın tikintisi başa çatdıqdan sonra sözügedən mənzillərin adına heç bir əmlak sahəsi olmayan aztəminatlı ailələrə paylanacağına inandıraraq, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə qeyd olunan birliyin üzvü olmayan cəmi 92 şəxsin ümumilikdə 5 milyon 781 manat pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Məzahir Nəsibova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...