Gələn ilin əvvəlində Respublika Perinatal Mərkəzində təmir işləri başlayacaq

Gələn ilin əvvəlində Respublika Perinatal Mərkəzində təmir işləri başlayacaq
Sosial 32

Gələn ilin əvvəlindən yanğın baş verən və nəticədə dörd körpənin öldüyü Respublika Perinatal Mərkəzində təmir işləri başlayacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sualına cavab olaraq TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Mərkəzlə bağlı artıq Fövqəladə Hallar Nazirliyi və digər qurumların rəyləri alınıb:

"Tikinti ilə bağlı layihələndirmə işləri yekunlaşıb. Gələn ilin əvvəlindən Respublika Perinatal Mərkəzdə təmir işləri başlayacaq və gələn ilin sonuna tam yekunlaşacaq".

Qeyd edək ki, bu il yanvarın 9-da Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Son xəbərlər