Xalq artisti Firəngiz Şərifovanın 100 illik yubileyidir

Xalq artisti Firəngiz Şərifovanın 100 illik yubileyidir
Sosial 20

Bu gün Milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq Artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Firəngiz Abbasmirzə qızı Şərifovanın doöum günüdür.

BAKU.WS xatırladır ki, Firəngiz Şərifova 1924-cü il fevral ayının 6-da Bakı şəhərində anadan olmuşdur.

Atası aktyor, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə (1893–1938), anası Mərziyyə Davudova (1901–1961) idi.

1931–1941-ci illərdə orta məktəbdə oxuyarkən Bakı Xoreoqrafiya Məktəbində də təhsil almışdır. O, 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1947-ci ildə həmin ali məktəbin vokal fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə Azərbaycan Musiqili Komediya Teatrında aktrisa kimi başlayan Firəngiz Şərifova 1949–1961-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, 1961–1965-ci illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmışdır. O, 1965-ci ildə yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına qayıtmış və 2011-ci ilədək taleyini bu sənət ocağı ilə bağlamışdır.

Milli teatrın və kinematoqrafiyanın inkişafında təqdirəlayiq xidmətləri olan Firəngiz Şərifova müasir Azərbaycan mədəniyyəti salnaməsində özünəməxsus yer tutan görkəmli sənətkarlardandır. Böyük səhnə ustaları Abbasmirzə Şərifzadə və Mərziyyə Davudovanın ailəsində zəngin teatr sənəti mühitində yetişərək o, çox sayda tamaşalarda və bədii filmlərdə canlandırdığı surətlər qalereyasını böyük ustalıqla güclü xarakterlər səviyyəsinə yüksəltməyə müvəffəq olmuşdur. Daxili zənginliyindən gələn səhnə mədəniyyəti və təkrarolunmaz fərdi ifadə üslubu Firəngiz xanıma sənətsevərlərin dərin rəğbətini qazandırmışdır.

Sənətin estetik prinsipləri əsasında Firəngiz Şərifovanın milli teatr səhnəsində istedadla yaratdığı rəngarəng rollar tamaşaçıların yaddaşında silinməz izlər qoymuşdur. O, özünün dramatik təbiəti və əlvanlığı ilə seçilən ifa tərzinə daim yeni-yeni çalarlar əlavə etmişdir. Sənətkar gənc tamaşaçıların bədii zövqünün formalaşdırılması və onların vətənpərvərlik ruhunda tərbiyə olunması işinə layiqli töhfələr vermişdir.

Firəngiz xanım "Qaraca qız", "Qərib cinlər diyarında", "Qətl günü", "Qonşu qonşu olsa", "Mən mahnı qoşuram", "Ömürdən uzun gecə", "Üzeyir ömrü" və s. filmlərdə yaratdığı maraqlı və yaddaqalan obrazları ilə tanınır.

Azərbaycan kinosunda Firəngiz Şərifovanın həyat verdiyi surətlər psixoloji dərinliyi, səmimiliyi və inandırıcılığı ilə səciyyələnərək, parlaq ekran obrazları olub uğurlu tale yaşamışdır. Aktrisanın müxtəlif televiziya tamaşalarında professionallıqla oynadığı rollar qiymətli sənət nümunələri olaraq milli televiziyanın fondunda qorunub saxlanmaqdadır. Onun sənətdə altmış ildən artıq bir dövrü əhatə edən mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyorlar nəsli üçün əsl məktəbdir.

Firəngiz Şərifovanın Azərbaycan teatr və kino sənətinin inkişafı sahəsindəki mühüm xidmətləri yüksək dəyərləndirilmişdir. O, bir sıra mükafatlar və fəxri adlar almış, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifi olan "Şöhrət" ordeninə layiq görülmüşdür.

Firəngiz Abbasmirzə qızı Şərifova 2014-cü il fevralın 20-də ömrünün 91-ci ilində vəfat etmişdir.

Qeyd edək ki, Firəngiz Şərifova həm də “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun nənəsidir.

Oxşar xəbərlər

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...

3885 Sosial 18:30 12 aprel 2023

Son xəbərlər