Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanı ifşa edildi

Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanı ifşa edildi
Foto
Sosial 1477

Ermənistan Müdafiə Nazirliyi 31 mart tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Syunik vilayətinin Xanazax (Хнацах) kəndinin atəşə tutulması haqda məlumat yayıb. Məlumatda bildirilirdi ki, atəş nəticəsində yaşayış evi zərər görsə də təlafat olmayıb. Ermənistan MN-nin bu məlumatını Nazirliyin mətbuat xidmətinin rəhbəri rəsmi sosial media hesablarında paylaşıb.

BAKU.WS Faktyoxla.az-a istinadla xəbər verir ki, bu paylaşımdan sonra qeyd edilən məlumat bütün Ermənistan mediasında tirajlanıb,

Azərbaycan əleyhinə davamlı fəaliyyət göstərən iranlı ekspert Ehsan Mövahedian

və Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst Vitali Milonov kimi anti-Azərbaycançı şəxslər məsələyə münasibət bildiriblər.

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin bu məlumatını təkzib edərək, Ermənistan tərəfinin növbəti dezinformasiyası adlandırıb.

Faktyoxla.Lab bu iddiaların doğru olub-olmadığını araşdırıb.

Beləliklə, Ermənistan MN-in yaydığı evin pəncərəsində odlu silahdan açılan atəş nəticəsində yaranan bir güllə dəliyi, divarda çöküntü və zərbədən deformasiyaya uğramış güllə mərmisi var.

Lakin bu araşdırmanın daha dəqiq aparılması üçün (ballistik tədqiqat) həmin pəncərədə açılan dəliyin dərinliyinin dəqiq ölçüləri, şüşə qırıntıları (Ermənistan tərəfi nədənsə şüşə qırıntılarını göstərməyib), deformasiyaya uğramış mərminin laborator müayinəsi lazımdır. Buna baxmayaraq, təqdim olunan foto əsasında aparılan virtual ekspertiza zamanı bir sıra təkzibedilməz faktlar müəyyən edildi.

Xanazax kəndi Azərbaycanla şərti sərhədin ən yaxın dayandığı Ermənistan ərazisidir.

Məlumat üçün bildirək ki, mediada yayılan hər iki ölkənin mövqelərinin çox yaxın olduğunu əks etdirən kadrlar məhz bu kəndin yaxınlığındakı postda çəkilib.

Metod 1. Geolokasiya ilə ekspertiza

Azərbaycan əsgərlərinin dayandığı mövqenin görüntüsünü ermənilərin yaydığı bu videodan daha aydın görmək mümkündür.

Həmin videonun çəkildiyi nöqtənin geolokasiyasını belə müəyyən edirik:

Bu isə Azərbaycan əsgərlərinin dayandığı mövqedən kəndin görünüşüdür. Kadrları İTV kanalı təqdim edib.

Bizə təqdim olunan fotoda pəncərədən görünən relyef İTV-nin çəkdiyi videogörüntüdə bizdən sol tərəfdədir.

Pəncərəsinə atəş açılan evin geolokasiyası isə belədir:

Müəyyən etdiyimiz bu evdən Azərbaycan əsgərlərinin dayandığı mövqeyə qədər məsafə 565 metrdir.

Amma az öncə təqdim etdiyimiz İTV-nin videosu da təsdiqləyir ki, həmin mövqedən pəncərəsinə güllə dəyən ev görünmür. O səbəbdən, qeyd edilən evə atəş açılması mümkün olan ən yaxın Azərbaycan mövqeyini axtarırıq. "Google Earth"in köməkliyi ilə pəncərədən görünən nöqtədən Azərbaycan ərazilərinə ən yaxın məsafənin 2404 metr olduğunu müəyyən edirik.

Pəncərə qarşısına düşən mərmidən təxminən müəyyən etmək olur ki, atəş "AK74" modifikasiyalı (7,62×39 мм) Kalaşnikov avtomatından atılıb. Kalaşnikov avtomatının taktiki-texniki xüsusiyyətlərində qeyd olunur ki, dəqiq atış məsafəsi 800 metr, ən uzaq uçuş məsafəsi 3000 metrə yaxındır.

Əgər Ermənstan MN-in iddia etdiyi kimi, Azərbaycan əsgəri 2404 metr məsafədən kibrit qutusu ölçüsündə görünən evin 1/10-i böyüklüyündə olan pəncərəsini bu qədər sərrastlıqla vura bilibsə, bu, həm də rekordlar kitabına düşə biləcək faktdır. Amma nə coğrafi ölçülər, nə fizika, nə məntiq bu halın mümkünlüyünü təsdiqləmir. Belə böyük məsafədən bu qədər sərrast atəş açmaq o qədər də asan deyil. Kalaşnikov avtomatı ilə heç mümkün də deyil. Digər detalları növbəti metodumuzda açıqlayacağıq.

Metod 2. Fizika qanunları ilə ekspertiza

Odlu silahdan açılan atəş nəticəsində şüşədə yaranan çatlar iki cür olur: Konsentrik və radial.

Kriminalogiyada atəş nöqtəsinin ekspertizası zamanı şüşəyə dəyən güllənin yaratdığı çuxurun ölçüləri əsasında atəşin hansı məsafədən, hansı bucaq altında və hansı silahdan atıldığının ekspertizası aparılır.

Bu şəkillərdə böyük (1) və kiçik xətlər (2), atəşdən sonra qopan şüşə parçası, çatların yaratdığı "adacıqlar" göstərilib.

Bütün bunları ümumi mənzərənin yaranması üçün təqdim etdik. İndi əsas məqama diqqət edək.

Ermənistan tərəfinin təqdim etdiyi foto-şəkildə pəncərədəki güllə dəliyi və divarda yaranan oyuq görünür.

Bu skrində güllənin hansı bucaq altında və hansı istiqamətdən atıldığını göstərən sxem verilib.

Hər iki fotonu tutuşduraq:

Heç şübhəsiz ki, təqdim olunan pəncərədəki güllə deşiyi skrində görünən beşinci tipə uyğun gəlir:

Kriminalistika qaydalarına görə, çatların radial paylanması, güllə deşiyinin sol küncə meyillənməsi atəşin məhz sol tərəfdən açıldığını deməyə əsas verir. Ermənistan MN-in yaydığı foto-şəklin analizindən isə atəşin bizdən sağ tərəfdən açıldığı görünür. Belə olan halda yalnız bir versiya yaranır: Azərbaycan tərəfdən atəş açılmayıb!

Digər tərəfdən, güllənin divarda açdığı dəlik, şüşədəki güllə keçən oyuğun ölçüləri və digər amillər atəşin hansı istiqamətdən açılması haqda müəyyən fikirlər yaradır. Bunu izah etməyə çalışaq.

Sırf ədalətli analiz aparılması məqsədilə xarici mütəxəssislərə də müraciət edilib. Yekunda aşağıdakı nəticə alınıb.

Zədələnmiş şüşənin analizində üç diqqətçəkən element var:

1. Mərkəzi yarıq (güllənin şüşədə yaratdığı zədə və çatlar)

Yarığın kənarlarındakı çıxıntılar hamardır və çatlar aydın görünür. Bu, güllənin şüşə ilə təmas zamanı sürətli keçdiyinə işarədir. Mərkəzdəki aydın görünən dəlik şüşənin zirehli olmadığını və güllənin zərbə zamanı çox deformasiyaya uğramadığını deməyə əsas verir.

2. Radial çatlar

Adətən uzun, fərqli xətlər yüksək kinetik enerji zamanı yaranır. Belə çatlar nə qədər çox olursa, güllənin təmas sürətinin bir o qədər yüksək olduğuna işarədir. Bu məqamda "Kalaşnikov" avtomatı üçün müxtəlif məsafədən açılan atəş zamanı maneəyə təsir edən kinetik enerjinin göstəricilərini təqdim edirik:

Cədvələ diqqət yetirsək, məsafə 1000 metrdən yüksək olduqda güllənin kinetik enerjisi çox aşağı - 12 kq.san.m-ə qədər azalır. Yəni bizim misalda güllənin şüşəni böyük kinetik enerji ilə keçdiyini görürük. Kiçik şüşə çıxıntıları, hissəciklər və materialın əks tərəfə atılması (çuxur ətrafındakı sahədə görünür) güllənin şüşəni deşdiyini və orada ilişib qalmadığını deməyə əsas verir.

3. Konsentrik çatlar və şüşə qırıntıları

Bununla belə nəticəyə gəlmək olur ki, əgər atəş АК74 silahından açılıbsa (7.62×39 mm):

1) Atəş çox yaxın məsafədən (50 m-ə qədər) açılsaydı, çatlar daha böyük olar və böyük şüşə parçaları tökülərdi. Bu situasiyanı görmürük;

2) Atəş 50-dən 150 m-ə qədər məsafədən açıldıqda orta ölçülü çatlar yaranır, lakin güllə hədəfə yüksək göstəricilərlə nüfuz edir;

3) 200 m-dən çox məsafədə şüşə daha çox enerji udur və daha az nəzərəçarpan çatlar buraxır.

Belə bəlli olur ki, çuxurun formasına, çatların sayına və şüşənin atılması əsas götürülərsə, atəş 100-150 metr məsafədən açılıb.

Burada bir təcrübəni də xatırladaq.

Pakistanın Milli Məhkəmə Ekspertizası Agentliyi müxtəlif məsafələrdən atəş açmaqla şüşədə yaranan deşiklərin ölçülərinə görə məsafənin müəyyən olunması təcrübəsini aparıb.

Təcrübə nəticəsində müəyyən olunub ki, atəşdən şüşədə yaranan deşiyin ölçüsü məsafəyə uyğun dəyişir. Misal üçün, tapançadan açılan atəş zamanı məsafədən asılı olaraq güllənin yaratdığı deşiyin diametri münasib olaraq dəyişir. Yəni yaxınlıqda daha böyük ölçü qeydə alınırsa, atəş nöqtəsi uzaqlaşdıqca ölçü kiçilir.

Eyni təcrübə AK47 modifikasiyalı avtomatla da aparılıb. Alınan nəticələr bu silahın sınağı zamanı da təkrarlanıb. Bununla da belə nəticəyə gəlinib ki, güllənin kalibri və düşmə bucağını müəyyən etməklə məsafəni dəqiq bilmək mümkündür. Bunun üçün, yaranmış deşiyin diametrini və digər göstəriciləri cədvələ əlavə etməklə məsafəni müəyyən etmək olar.

Bu faktı digər metodumuzla dəqiqləşdirək.

Metod 3. Riyazi hesablamalar

Əvvəlcə küləyin müqavimətini nəzərə almadan güllə trayektoriyasının uzunluğunu hesablayaq:

Burada "Vox" güllənin başlanğıc sürəti (Kalaşnikov avtomatında 900m/san), "h" atəş açılan nöqtənin hündürlüyü (1409 metr), "g" isə sərbəst düşmə vahididir (Gravitasiya vahidi) - 9,8 м/s2.

Küləyin müqaviməti nəzərə alınmadan bu göstəricilərlə atəş trayektoriyasının uzunluğu 1512 metr alınır.

Bu düsturda isə meteo, şüşənin müqaviməti, uçuş vaxtı, güllənin çəkisi amilləri nəzərə alınır:

Burada "C" güllənin müqaviməti (0,295), "p" havanın sıxlığı 1,27 kq/m³, "A" güllənin sahəsi (7,62 × 10-5м2), "t" uçuş vaxtı (0,452san), "m" güllənin kütləsidir (0,034kq).

Bu göstəriciləri düstura əlavə etdikdə aşağıdakı rəqəmi alırıq: 118,5 metr.

Demək, Ermənistan tərəfinin yaydığı şəkildə görünən pəncərə şüşəsinə atəş 118 metr məsafədən açılıb. Həmin evə Azərbaycan Silahlı Qüvvələrinin ən yaxın mövqeyinin məsafəsi ("Google Earth" tətbiqinə əsasən) 2404 metr olduğu halda, biz riyazi hesablamalarla 118 metr məsafə alırıq.

Yeri gəlmişkən, uzun-uzadı riyazi hesablamalar aparmaqla özünü yormaq istəməyən oxucular bu hesablamaları virtual qaydada bu sayt vasitəsilə həyata keçirə bilərlər.

Nəticə:

-Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir real əsası yoxdur, tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır;

-Bu, Ermənistan rəhbərliyinin dünya ictimaiyyətini aldatmaq məqsədilə əl atdığı növbəti spekulyasiya və saxtakarlıq cəhdidir;

-Bununla mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdır etməyə çalışır.

Son xəbərlər