Bakının bu ərazilərində yeni bulvar salına bilər - Nə kimi faydası olacaq?

Bakının bu ərazilərində yeni bulvar salına bilər - Nə kimi faydası olacaq?
Sosial 3427

Bakının dənizkənarı zonasında aparılan abadlıq işləri və sahilboyu infrastrukturun genişləndirilməsi fonunda paytaxtın müxtəlif ərazilərində yeni bulvarların salınması məsələsi daima müzakirə olunur.

BAKU.WS-in məlumatına görə, mövcud şəhərsalma trendləri, boş torpaq sahələri və rekreasiya potensialı əsasında yaxın illərdə bulvar salına biləcək ərazilərlə bağlı ehtimallar formalaşır.

Sahilboyu geniş və hələ istifadə olunmayan torpaqlar Zığ–Hövsan yolunda bulvar üçün real istiqamətlərdən birinə çevirir. Son illər yaşayış massivlərinin artması, lakin rekreasiya məkanlarının çatışmaması burada yeni istirahət zonasına ehtiyacı artırır.

Şıx – Bibiheybət istiqaməti isə mövcud Dənizkənarı bulvarın uzadılması üçün ən əlçatan zona hesab olunur. Sahil yolunda aparılan genişləndirmə və abadlıq işləri göstərir ki, qarşıdakı illərdə bu istiqamətdə bulvar xəttinin daha da uzanması mümkündür.

Hava limanına yaxınlıq, geniş boş ərazilər və turizm potensialı Türkan–Şüvəlan sahil xəttinin uzunmüddətli inkişaf planlarında yer ala biləcəyini göstərir. Yeni istirahət və idman məkanları burada turizm klasterinin yaradılmasına imkan verə bilər.

Ələt limanının inkişafı fonunda Qaradağ rayonu son illər strateji zonaya çevrilir. Qaradağ – Sədərək ticarət mərkəzi və Lökbatan limanı ətrafı industriyal və logistika obyektləri ilə yanaşı, rekreasiya xəttinin yaradılması bölgənin balanslı inkişafını təmin edə bilər.

Novxanı – Sumqayıt yoluxma xətti sahilboyu boş ərazilər və çimərlik zonalarının mövcudluğu bu istiqamətin uzunmüddətli perspektivdə bulvar layihəsinə çevrilə biləcəyini göstərir. Belə halda Bakı və Sumqayıt dənizkənarı xəttlə birləşə bilər ki, bu da regionun turizm xəritəsinə ciddi təsir edər.

Əlavə bulvarların salınması təkcə estetik deyil, həm də sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. İlk növbədə, yeni turizm axını formalaşdırır və xidmət sahəsində yüzlərlə iş yeri yaradır. Sahilboyu abadlıq şəhər sakinlərinin istirahət imkanlarını artırır, velosiped və piyada hərəkəti üçün geniş zolaqlar yaradır.

Bundan başqa, sahil xətti boyunca aparılan yaşıllaşdırma şəhərin mikroiqlimini yaxşılaşdırır, xüsusilə yay aylarında temperaturu aşağı salır. Sahil yolu ilə paralel bulvarların yaradılması nəqliyyatın yükünü azaldır, mərkəzdənkənar alternativ marşrutlar yaradır.

Orxan Hüseyn

Son xəbərlər