DİM sosial şəbəkələrdə səsləndirilən narazılığa – CAVAB VERDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi buraxılış və qəbul imtahanlarında iştirak etmiş şagirdlər bəzi sualların çətinliyindən şikayət ediblər.
BAKU.WS xəbər verir ki, hətta şagirdlər mart ayından bu yana məktəblərdə keçirilməyən paraqrafların da testlərə salındığını iddia ediblər.
Mövzu ətrafında yaranan narazılıq sosial şəbəkələrdə geniş müzakirə olunub. Məsələyə rəsmi münasibət öyrənmək və şagirdlərin iradlarının nə dərəcədə doğru olmasını dəqiləşdirmək məqsədilə Dövlət İmtahan Mərkəzinə müraciət etdik.
Qurumdan BAKU.WS-ə bildirildi ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik abituriyentləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir:
"Abituriyentlərin imtahan nəticələri də onu deməyə əsas verir ki, tapşırıqların mürəkkəblik dərəcəsi onların ümumi səviyyəsinə uyğundur. Yeni nəşr olunan “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlərimizə də baxıb bunun şahidi ola bilərsiniz.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış qəbul proqramıdır.
Qəbul imtahanlarında istifadə edilən tapşırıqların hamısı bu proqramlara əsaslanır. Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzi qəbul imtahanları keçirildikdən qısa bir müddət sonra imtahanda istifadə edilən bütün tapşırıqların izahlarını hazırlayaraq internet saytında yerləşdirir. Bu izahlarda hər bir tapşırıq üzrə yoxlanılan bilik və bacarıqların aid olduğu mövzu, onun hansı fənn üzrə neçənci sinifdə tədris olunduğu və tapşırıqların doğru cavabının müəyyən edilməsi (həlli) qaydası haqqında ətraflı məlumat verilir.
Abituriyentlərin imtahan nəticələri ilə bağlı rəsmi müraciətlərinə gəldikdə isə bildiririk ki, qaydalara uyğun olaraq müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən hər imtahandan sonra Apellyasiya Komissiyası yaradılır və ərizə təqdim edən bütün abituriyentlərin müraciətləri araşdırılıb onlara cavab verilir".
Oxşar xəbərlər
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb
11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb. Dövlət İmtahan Mərkəzindən BAKU.WS...