Dərsliklərin hazırlanmasında ictimai rəy diqqətə alınacaq? - "Müzakirə vaxtı layihəyə münasibət bildirmirlər"

Dərsliklərin hazırlanmasında ictimai rəy diqqətə alınacaq? - Müzakirə vaxtı layihəyə münasibət bildirmirlər
Sosial 29

Mütəmadi səslənən iradlar dərslik və metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesini aktuallaşdırıb. Elm və Təhsil Nazirliyi tərəfindən 2026-2027-ci tədris ili üçün dərslik layihələri və metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesi məsələnin həllinin əhəmiyyətini bir daha gündəmə gətirib. Hələlik proses ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üzrə təkmilləşdirilməsi və ya hazırlanması planlaşdırılan dərslik layihələri, eləcə də onlarla komplekt təşkil edən metodik vəsaitlərə şamil olunur.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Elm adamları, təhsil işçiləri, valideynlər, aidiyyəti dövlət qurumları, ictimai birliklərin nümayəndələri və digər maraqlı tərəflər www.trims.edu.az saytının "İctimai müzakirədə olanlar" bölməsində mərhələli şəkildə yerləşdirilən dərslik komplektlərinin məzmunu ilə tanış ola, xüsusi bölmədə rəy və təkliflərini bildirə bilərlər.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, hər il ümumi təhsil pilləsinin müvafiq fənləri (aidiyyəti siniflər) üzrə yalnız növbəti tədris ili üçün hazırlanması zəruri hesab edilən dərsliklərin tərtibi sifariş edilir: "Həmin dərsliklərə istifadə hüququ verilmədən öncə onların layihələrinin fənn və dil-üslub üzrə mütəxəssislər tərəfindən qiymətləndirilməsi və nəşrqabağı elmi-metodiki monitorinqi təşkil edilir, eyni zamanda həmin dərslik layihələri ictimaiyyətin müzakirəsinə çıxarılır. Qiymətləndirmə və monitorinq prosesi çərçivəsində, o cümlədən ictimaiyyətdən daxil olan rəy və təkliflər dərsliyi hazırlayan nəşriyyat-poliqrafiya müəssisələrinə təqdim edilir. Sözügedən müəssisələr tərəfindən bütün rəylər nəzərdən keçirilir, məqbul sayılan rəylər nəzərə alınaraq dərslik layihələri təkmilləşdirilir".

Məsələyə münasibət bildirən ekspertlərin fikirləri isə birmənalı deyil.

"Dərsliklərin müzakirəsi - ictimai ekspertiza alqışlanmalıdır"

Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin fikrincə, dərsliklərin müzakirəsi - ictimai ekspertiza alqışlanmalıdır: "Bizdə dərsliklər yazılır, praktikada özünü doğrultmur, mövzuları tam əhatə etmir, nəticədə bununla bağlı ciddi problemlər çıxır. Nazirliyin bu yanaşması dərslik müəlliflərini və dərslik yazmaq istəyənləri səfərbər edir və ictimai məsuliyyəti xatırladır". Professor bildirir ki, dərslikləri əslində iki yerə - orta və ali məktəb dərsliklərinə bölməliyik: "Orta məktəb dərslikləri daha böyük məsuliyyət, daha ciddi metodika ilə yazılma, dünya təcrübəsinin, şagirdlərin yaş xüsusiyyətlərini, bilik səviyyələrinin nəzərə alınmasını tələb edir. Bu, daha çətin və məsuliyyətlidir. Ali məktəblər üçün dərsliklərin də özünəməxsus problemləri var. Yeni fənlər və yeni kurikulum sistemi meydana çıxır. Bu çağırışlara cavab vermək üçün dərsliklər miqyas və düşüncə etibarilə daha əhatəli, geniş və dolğun olmalıdır". Q.Məhərrəmlinin fikrincə, müzakirələrdə obyektiv ekspertlərin, sahəni bilən müstəqil, qərəzsiz şəxslərin rəyləri mütləq nəzərə alınmalıdır: "Orfoqrafik səhvlər var ki, onlar orta məktəb dərsliklərində qətiyyən olmamalıdır. Belə səhvlər dərsliyi gözdən salır. Bizdə barmaqla sayılası korrektor var".

"Əsas odur ki, müzakirələr formal olmasın"

Dərsliklərin ictimai müzakirəsini müsbət təşəbbüs adlandıran Əməkdar müəllim, Amonaşvili Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov hesab edir ki, ən vacibi müzakirələrin real əhəmiyyətinin olmasıdır: "Əsas odur ki, müzakirələr formal olmasın. İctimai müzakirələr peşəkarlığı ilə seçilən müəllimlərin əksəriyyətini, valideynləri, QHT nümayəndələrini, hətta üzdə olan repetitorları əhatə etməlidir. Müzakirələrdə tənqidi fikirlərin söylənilməsinə daha çox yer ayrılmalı, hər bir rəy nazirlik, müvafiq agentliklər, Təhsil İnstitutunda ciddi şəkildə araşdırılmalıdır". A.Cahangirov dərslik müxtəlifliyinin tərəfdarıdır: "Bəzən onlara səhvən alternativ dərsliklər deyirlər. Əslində isə söhbət alternativ yox, variativ dərsliklərdən gedir. Çünki onlar vahid kurikulum əsasında yazılır".

"Gəlin, problemi birlikdə həll edək!"

Yazıçı-naşir Şəmil Sadiq bildirib ki, illərdir dərsliklər nəşrdən əvvəl ictimai müzakirəyə çıxarılır: "Sadəcə, bu dəfə görünür, prosesin PR tərəfi daha düzgün qurulub və ictimaiyyətə açıq şəkildə çatdırılır ki, belə bir imkan var - buyurun, rəy bildirin! Əgər müzakirə doğrudan da məqsədli aparılarsa, səslənən rəylər nəzərə alınsa, bu, dərsliklərin keyfiyyətinin artmasına xidmət edə bilər. Lakin problem ondadır ki, müzakirəyə buraxılan dərsliklərlə bağlı real və sistemli ictimai rəy formalaşmır. Əmin olun, rəylərin əksəriyyəti status səviyyəsindən o yana keçməyəcək. Biz müəllimlər oturub ciddi, əsaslandırılmış tənqid yazmırıq, fikir bildirmirik. Amma dərslik çap olunandan sonra, hansısa evdə və ya sinifdə bir problem ortaya çıxanda birdən-birə hamımız deyirik ki, "dərsliklər bərbaddır". Ş.Sadiqin fikrincə, burada həm subyektiv, həm də obyektiv məqamlar var və bu səbəbdən məsələni birdəfəlik həll etmək mümkün deyil: "Məsələn, bir dərslikdə Səməd Vurğunun "Azərbaycan" şeiri verilibsə, mən tənqid edib deyə bilərəm ki, niyə Əhməd Cavadın "Azərbaycan" şeiri verilməyib? Tutaq ki, müəllif bu tənqidlə razılaşar və dəyişiklik edər. Amma dərslik çap olunduqdan sonra başqa müəllimlər deyəcəklər ki, Səməd Vurğunun "Azərbaycan" şeiri ilə Əhməd Cavadın "Azərbaycan" şeiri arasında poetik baxımdan ciddi fərqlər var və bu dəyişiklik yanlışdır. Deməli, bu sahədə heç vaxt "tam və qəti" bir həll mümkün deyil". Naşir hesab edir ki, cəmiyyətimiz bu cür məsələlərə laqeyd yanaşdığı müddətcə problemlər davam edəcək: "Bu məsələdə bütün müəllimlər aktiv olmalıdır: rəy yazmalı, məktəblər daxilində kiçik müzakirələr təşkil edilməli, bu müzakirələr protokollaşdırılmalı və məktəbin metodik şurasının qərarı ilə nazirliyə göndərilməlidir. Bunlar edilmədikcə, bu cür ictimai müzakirələr formal xarakter daşıyacaq. Müəllimlərimiz və məktəblərimiz Elm və Təhsil Nazirliyinin bu açıq və demokratik yanaşmasına peşəkar cavab verməlidirlər. "Nazirlik nə deyirsə, düzdür" yanaşması bizi irəli aparmaz". Ş.Sadiqin fikrincə, proses dərslik "bazarında" daha keyfiyyətli vəsaitlərin ortaya çıxmasına səbəb ola bilər: "Atılan hər addımda xoş niyyət var. Nazirlik də istəyir ki, proses qüsursuz olsun, tənqid və qınaqlar yığışsın. Reallıq budur ki, kitabı yazan da müəllimdir, tənqid edən də müəllimdir, qınağa məruz qalan isə nazirlikdir".

Müzakirə vaxtı fikir bildirmirlər…

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert, tarix müəllimi Səxavət Zeynalov hesab edir ki, dərsliklərlə bağlı haqlı iradlar olduğu kimi, haqsız iradlar da çoxdur: "Mən xarici dərsliklərlə də işləyirəm. Orada da dəyişikliklər, yeniləmələr olur. İstənilən dərslikdə qüsur tapmaq istəsələr, tapırlar. Müşahidələrimə görə, bizdə haqsız iradlar da olur və ictimaiyyət çaşdırılır. Nazirlik də kitabları ictimaiyyətin qarşısına qoyur ki, fikir bildirsinlər. Təbii ki, haqlı iradlar da var. Məsələn, cümləni bəzən çox qəliz veririk. Əslində cümlə uşağın daha yaxşı anlayacağı şəkildə olmalıdır. İnsanlar öz fikirlərini bildirməlidirlər. Bu fikirlər əsasında dərsliklər təkmilləşdiriləcək. Bunun sözdə qalacağına inanmıram. İndi kurikulumlar da təkmilləşdirilir". S.Zeynalov ictimaiyyəti prosesdə fəal olmağa çağırır: "Müzakirə vaxtı heç kim layihəyə münasibət bildirmir. Dərslik çap olunur, dərs vaxtı uşaqlar müəyyən səhvləri tapıb deyirlər və valideynlər də başlayırlar irad bildirməyə".

İradlar daha çox humanitar sahə ilə bağlı dərsliklərədir

Dərslik müəllifi Pərviz Ağalarovun fikrincə, ictimai rəy dərsliklərin təkmilləşməsinə təsir edir: "Biz o rəyləri, düzgün qeydləri, təklifləri, iradları nəzərə alıb düzəlişlər edirik. Hətta müəllimlər fərdi qaydada müəlliflərə müraciət etmək imkanına malikdirlər. Çünki əksəriyyəti hamı üçün əlçatan müəlliflərdir. Fərdi qaydada da müraciət edəndə biz onlara baxırıq. İradlar daha çox Azərbaycan dili, ədəbiyyat və tarixlə bağlıdır. Amma məncə, tarix dərsliklərimizdə elə ciddi qüsurlar yoxdur. Dəqiq elmlərlə bağlı fikirlər söyləyənlər olduqca azdır".

Son xəbərlər