Deputatdan təklif: "İnsanlar iş tapa bilmir, müavinət verilməlidir"
Milli Məclisin bu gün keçirilən iclasında "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib.
"Report”un xəbərinə görə, deputat Rafael Cəbrayılov çıxışında Azərbaycanda işsizlərə kömək edilməsini istəyib: "Elə insanlar var ki, əməkhaqqı ala bilmir. Çünki əmək qabiliyyəti olsa da, iş tapa bilmir. Ona görə də bu insanlara müavinət verilməlidir. İşsizlikdən icbari sığorta sistemi tətbiq olunması nəzərdə tutulur, mən istərdim ki, bu sistem tez işə başlasın”.
Deputat qeyd edib ki, regionlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə vətəndaşlar arasında xoşagəlməz hallar baş verir: "Bəzən insanlar məhkəmə çəkişmələrində qələbə qazansa da, pulu ala bilmirlər. Yəni, qərarların icrası ilə bağlı ciddi problemlər ortaya çıxır. Pensiyanın təyin olunması və hesablanması qanunauyğun şəkildə aparılmalıdır. Düşünürəm ki, nazirlik bu istiqamətdə tədbirlər görülməlidir”.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev bildirib ki, əmək qabiliyyətli insanların əmək bazarına qayıtması üçün işlər görülməlidir.
Onun sözlərinə görə, Azərbaycanda xeyli iş yerləri bağlanıb, insanlar ixtisar olunublar: "Nədənsə daha çox məcburi köçkünlər ixtisara düşüb. Deyirlər ki, gələcəkdə nəzərə alınacaq. Bu, nə vaxt olacaq? Yaxşı olardı ki, şirkətlər işlərini bu istiqamətdə görsünlər”.
O, əmək pensiyası alan vətəndaşların pensiyalarının artırılmasını təklif edib: "Elə insanlar var ki, pensiya yaşına çatdıqdan sonra da işləyir, çünki pensiya aldığı əmək haqqının cüzi hissəsini təşkil edir. Bu da problemlər yaradır. Ona görə bu məsələlər nəzərə alınmalıdır”.
Digər deputatlar da təkliflərlə çıxış ediblər, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümova suallar ünvanlayıblar.
BAKU.WS
Oxşar xəbərlər
İşsizlərə şad xəbər: sığorta pulu veriləcək (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "İşsizlik üzrə icbari sığorta haqqında” yeni qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib. Lahiyəyə əsasən, işd...